"MƏSCİD" - مسجد SÖZÜNÜN MƏNASI
«Məscid» sözü - ərəb qramatikasında «ismi-məkan» sayılır və kökü, «əyilmək»‚ «acizliyi bildirmək», «baş əymək» mənalarını bildirən «səcədə» sözüdür.
İbn Faris deyir: «Sin»‚ «cim» və «dal» hərflərindən (samitlərindən) ibarət «səcədə» sözü‚ əyilmək və təvazökarlıq aşılayan ümumi bir mənanı ifadə edir. Belə ki‚ «səcədə» (səcdə etdi) deyildikdə‚ kiminsə təvazökarlıq etdiyi və ya baş əydiyi anlaşılır.» Digər ərəb dilçiləri də‚ buna oxşar mənaları qeyd etmişlər. Deməli‚ ərəb dilində «sücud» (səcdə etmək) sözü kiminsə qarşısında «baş əymək»‚ «kiçilmək» mənasındadır. Məscid də əyilmək‚ baş əymək və təzim etmək üçün bir məkandır.
Qurani-kərim və hədislərdə də «sücud» (səcdə etmək) sözü «baş əymək»lə yanaşı‚ başı yerə qoymaq mənasında da işlədilmişdir. Elə buna görə də‚ səcdə‚ təvazökarlığın ən son həddi sayılır. Bununla da‚ İslam mədəniyyətində məscid‚ insanların orada qüdrətli və qəni Yaradan ilə acizanə şəkildə əlaqə qurmaq üçün seçdiyi müqəddəs məkan kimi tanınır. Əlbəttə‚ insan hər bir yerdə Tanrının qüdrət və əzəməti qarşısında baş əyərək‚ onunla rabitə qura bilər. Lakin məscid‚ Allaha yaxınlaşmaq məqsədilə‚ bunun üçün müəyyən edilmiş xüsusi bir məkandır. İslam ümmətinin məscidin xeyir-bərəkətlərindən daha çox və daha düzgün yararlanması üçün Qurani-kərimdə və hədislərimizdə olduqca mühüm və dəyərli göstərişlər mövcuddur. Onları «Məscid ensiklopediyası» və ya «Məscid mədəniyyəti toplusu» adlandırmaq olar. Dinimizi xalqa doğru-düzgün formada çatdırmaq istəyənlər bu topluya müraciət edərək‚ onun islahedici və qurucu yöntəmlərindən istifadə etməklə‚ xalq arasında məscid mədəniyyətini yaymağa‚ ondan daha uyğun və çoxşaxəli şəkildə bəhrələnməyə xidmət etməlidir. Bu məqsədlə sizə təqdim olunan «İslamda məscid mədəniyyəti» adlı bu kitabda Qurani - kərimin və Əhli-Beytin (ə) məscid barəsində olan göstərişləri on iki fəsildə toplanmışdır.
Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.