Gizli Xəzinələr

Həzrət Ayətullahul-uzma Hacı Seyyid Həkimi

Şiə aləminin mərcəyi təqlidi Həzrət Ayətullahul-uzma Hacı Seyyid Həkimi

 

İmam Zamanın (ə.c) böyük qeybət dövründən sonra eləcə də bəşər övladının öz mənəvi təkamül yolunu necə qət etməklə sərgərdan qaldığı bir dövrdə məsum imamlar (ə) insanların düz yola hidayət olunması, ilahi risalət vəzifəsinin yerinə yetirilməsindən ibarət olan ilahi əmanətin lazımınca qorunması işini din alimlərinin, elm, mərifət və iman varisləri olan müctehidlərin öhdəsinə qoymuşdur. Çünki onlar Adəmdən (ə) tutmuş, xatəmul-ənbiya həzrət Muhəmməd ibn Abdullaha (s) qədər olan olan ilahi risalətin varisləridir.

Belə ki, onlar ağır ilahi əmanət yükünü həmişə öz çiyinlərində saxlamış, məsum imamların (ə) sözlərindən və əməllərindən bəhrələnərək bəşəriyyətin işıqlı hidayət məşəlini əllərinə almışlar. Ona görə ki, onlar Allah-təalanın halal-haram, əmr və nəhylərdə əmanətdar bildiyi şəxslərdir.

Nəcəfi-əşrəfin min ildən artıq uzun bir tarixə malik olan elmiyyə hövzəsi həqiqi alimlərin vətəni olmuş və bir çox layiqli İslam alimlərini tərbiyə etmişdir. Bu hövzə tarix boyu elm və təqva mərkəzi, müqəddəslər diyarı, mələklər məkanı olan əmirəl-möminin Əlinin (ə) mütəhhər hərəminin bərəkətindəndir.

Həzrət Ayətullahul-uzma Hacı Seyyid Muhəmməd Səid Təbatəbai Həkimi İmam Həsənin (ə) nəslindən olub fəqih və alimlər ailəsində dünyaya göz açmışdır. 1353 hicri-qəməri il (təqribən 1934-cü il) zilhiccə ayının 8-də Nəcəfi-əşrəfin pak və müqəddəs fəzasında, vilayət nəvazişi ilə dolu olan bir ailədə dünyaya gəlmişdir. Atası həzrət Ayətullahul-uzma Seyyid Muhəmməd Əli Təbatəbai Həkimi, anası isə şiə aləminin mərcəyi təqlidi mərhum ayətullahul-uzma Hacı Seyyid Möhsin Həkiminin böyük qızı idi.

O, əziz atasının, eləcə də dəyərli babasının və təqvalı, iffətli, ismətli anasının hüzurundan bəhrələnmişdir. Elə ilk yaşlarından etibarən onun fitri istedadı və zəkası açıq-aydın görünürdü.

 

Ustadları

 

Həzrət Ayətullahul-uzma Hacı Seyyid Muhəmməd Səid Təbatəbai Həkimi on yaşına çatdıqda atası onun yüksək səviyyədə olan istedadını görüb həddindən artıq elmi məşğuliyyətinə, tədrislərinin və eləcə də müraciət edənlərin çoxluğuna baxmayaraq, oğlunun təlim-tərbiyəsi ilə şəxsən məşğul olmağa başladı. Hövzə elmlərinin ən yüksək səviyyəsinə qədər onunla yanaşı oldu. O, özünün fitri istedadı, elmə həddindən artıq olan məhəbbəti və ciddiyyəti sayəsində qısa bir vaxtda bu mərhələləri ötüb arxada qoydu. Elə cavanlığın erkən yaşlarından xaric dərslərinə getməyə başladı. O, mərhum Ayətullahul-uzma Seyyid Mövsüm Həkimi, mərhum Ayətullahul-uzma Xoyi kimi elm xadimlərinin xüsusi yığıncaqlarında, alimlərin iclaslarında və dialoqlarında özünəməxsus yer tuturdu.

Onun yüksək istedadını, layiqli təfəkkür və fikirini müşahidə edən mərhum Ayətullahul-uzma Seyyid Mövsüm Həkimi ona çox ümidvar olub tez-tez onun parlaq gələcəyindən söz açırdı. O, Ayətullahul-uzma Həkiminin nəzərində əxlaqi və mənəvi cəhətlərdən elə yüksək elmi etibar qazanmışdı ki, özünün “Müstəmsəku Urvətul-Vusqa” məcmusinin əlyazmasını araşdırma aparmaq, onun bəhsləri barəsində mülahizələrini qeyd etmək və daha sonra nəşr etdirmək üçün ona həvalə etdi.

O da həmin fiqhi məsələləri diqqətlə araşdırdı, öz ustadı ilə elmi mübahisələr apararaq “Müstəmsək” kitabının bəhslərinə alimcəsinə qeydlər vurdu. Digər tərəfdən onun zöhd və təqvada misilsiz şəxsiyyət, dərin bilikli və qüdrətli alim olan həzrət Ayətullahul-uzma Hilli ilə möhkəm və qırılmaz rabitəsi olmuşdur. Bu əlaqə Hillinin ömrünün axır anlarına qədər davam etmişdir. Belə ki, o, öz şagirdləri arasında hamıdan çox Həkimiyə hörmət edərək onun əxlaqi, mənəvi və elmi səciyyələrini mədh edərdi.

 

Tədris etdiyi elmi hövzə

Həzrət Ayətullahul-uzma Hacı Seyyid Muhəmməd Səid Təbatəbai Həkimi cavanlığının ilk dövrlərində, yəni 1388-ci hicri qəməri (1342-ci hicri şəmsi) ilindən etibarən fiqh və üsul hövzəsində ali səviyyədə olan xaric dərsini, eləcə də təfsir və əxlaq elmini tədris etməyə başlamışdır. Onun tədris etdiyi siniflərdə böyük elmi şəxsiyyətlər iştirak edirdi. Onun Nəcəfi-əşrəf və Qum elmiyyə hövzəsində fəaliyyət göstərən tələbələrindən aşağıdakıların adlarını qeyd etmək olar:

  1. Hicazi Hacı Şeyx Hüseyn Fərəc İmran Qüteyfi   (O, öz diyarında ən görkəmli elmi şəxsiyyət və xaric elmlərinin ustadıdır);
  2. Həzrət Ayətullahul-uzma Hacı Seyyid Muhəmməd Səid Təbatəbai Həkiminin qardaşı mərhum Seyyid Əbdur-rəzzaq Həkimi;
  3. Hacı Şeyx İrəvani   (O, hal-hazırda Qum elmiyyə hövzəsinin ən görkəmli xaric dərsi ustadlarından biridir);
  4. Seyyid Muhəmməd Cəfər Həkimi   (O, Nəcəfi-əşrəf elmiyyə hövzəsinin böyük alimlərindən və ustadlarından sayılır);
  5. Hacı Şeyx Kurani   (O, Qum elmiyyə hövzəsinin böyük mühəqqiqlərindən və “Mucəm əhadisil İmam Məhdi (ə.f)” və “Əsri Zühur” kitablarının müəllifidir);
  6. Seyyid Əbdül-Münim Həkimi   (Qum və Suriya elmiyyə hövzəsinin böyük alimlərindən və xaric dərsini tədris edənlərindən biridir);
  7. Hacı Şeyx Hadi Ali-Razi   (Qum elmiyyə hövzəsinin böyük müddərislərindən biridir);
  8. Seyyid Əbdül-Əmir Səlman   (Hicazın görkəmli şəxsiyyət və müdərrislərindən biridir);
  9. Seyyid Sadiq Həkimi   (Mərhum Ayətullah Seyyid Yusif Həkiminin oğlu və Qum elmiyyə hövzəsinin tanınmış müdərrislərindən biridir);
  10. Hacı Şeyx Əbdül-Hüseyn Ali-Sadiq Amili   (Livanın cənubunda yerləşən Nəbiyyə məntəqəsinin məşhur alimlərindən biridir) və s. 

 

Əsərləri

 

Həzrət Ayətullahul-uzma Hacı Seyyid Muhəmməd Səid Təbatəbai Həkimi Nəcəfi-əşrəfdəki təhsil illərinin əvvəllərindən öyrəndiyi bütün dərslərinin izahını qələmə almışdır. Digər tərəfdən, ən ağır şəraitdə din yolunda öz qələmi ilə cihad etməkdən bir an olsa belə əl çəkməmiş, ömrünün bütün anlarını vəsfolunmaz bir rəğbətlə elm öyrənməyə sərf etmişdir. Onun indiyə qədər qələmə aldığı əsərlərinin sayı 40-ı ötüb keçmişdir. Onlardan aşağıdakıları qeyd edirik:

  1. “Əl-muhkəmu fi üsuli-fiqh” (6 cilddə) – bu kitabda istidlali bəhslərlə özünün üsul əndişələrinin əsasını yüksək səviyyədə, məntiq və istidlal yolu ilə bəyan etmiş və üsul elminin bütün bəhslərini geniş şəkildə təhqiq etmişdir;
  2. “Misbahul-minhac” – bu kitab şiə aləminin böyük alimi və mütəfəkkiri Ayətullahul-uzma Hacı Seyyid Möhsin Həkiminin yazdığı “Minhacus-salihin” kitabına şəhdir;
  3. “Minhacus-salihin” adlı əməliyyə risaləsi (3 cilddə);
  4. “Həcc və ümrə əməlləri”;
  5. Mərhum Axund Xorasaninin üsul elminə yazdığı “Kifayə” kitabına geniş bir haşiyə;
  6. Mərhum Şeyx Ənsarinin üsul elmində yazdığı “Rəsail” kitabına geniş bir şərh;
  7. Mərhum Şeyx Ənsarinin fiqh elmində yazdığı “Məkasib” kitabına geniş bir şərh;
  8. “Təhzibu elmil-üsul” məcmusəsi – bu kitabda üsul elminin ən mühüm bəhsləri araşdırılmışdır;
  9. “Fiqhi əhkamlar” kitabı – bu əməliyyə risaləsinin xülasəsidir;
  10. “Məsum imamların həyatına bir baxış” və s.

 

Mərcəiyyətin başlanğıcı

Mərhum Ayətullahul-uzma Xoinin vəfatından sonra elmi-dini yığıncaqların fəzilətli şəxsiyyətləri və elm xadimləri, hətta mərcəyi təqlidlərdən bəziləri ona mərcəiyyəti qəbul etməyi təklif etdilər. Dünyanın müxtəlif yerlərindən olan möminlərin, o cümlədən, əhli-beyt (ə) ardıcılları olan alim və tələbələrin onun mərcəiyyətinə dair istəklərini nəzərə alan Ayətullahul-uzma Hacı Seyyid Muhəmməd Səid Təbatəbai Həkimi öz batini istəyinin əksinə olaraq belə bir ağır və məsuliyyətli ilahi vəzifəni qəbul edib öz əməliyyə risaləsini müqəllidlərinə təqdim etdi.

Hal-hazırda Seyyid Muhəmməd Səid Təbatəbai Həkimi dünya müsəlmanlarının müraciət etdiyi mərcəyi təqlidlərindən biridir və öz dəyərli ömrünü İslam dininə xidmət etməklə keçirir.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 4634, 

Dostların veb səhifələri

14266926
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5330
3903
25900
14090902
158739
173495
14266926

sizin IP ünvanınız: 44.203.235.24
2024-03-28 17:31

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!