Print this page

İtaətin Nurunda

Orucun sirləri

 
(1 Vote)

Orucun sirri

Əziz Peyğəmbərimiz (s) buyurmuşdur: Oruc cəhənnəm atəşinə sipərdir”.

 

Həmçinin buyurur: Oruc tutan şəxs hər hansı müsəlmanın qeybətini etməyincə ibadət halındadır, hətta yatağında yatmış olsa belə”.

 

Allah-Taala buyurur: Oruc mənim üçündür və Mən onun mükafatını verəcəyəm. Oruc tutan iki dəfə şadlanar. Biri iftar edən zaman, digəri öz Rəbbi ilə görüşərkən (axirətdə). And olsun Muhəmmədin (s) canı əlində olana ki, oruc tutanın ağzının aclıqdan yaranan pis qoxusu Allah yanında müşkdən daha ətirlidir”.

 

İmam Kazim (ə) buyurur: Ey oruc tutanlar! Zöhrdən əvvəl yatın ki, Allah-Taala oruc tutana yatağında su və yemək verər. Oruc dünya həyatında cəhənnəm atəşini şölələndirən və Qiyamətdə üzə çıxacaq şəhvət və qəzəb atəşini aradan qaldırmaq baxımından sipər hesab edilir”.

 

Buna görə də oruc tutan şəxs müsəlmanın qeybətini etdikdə ibadət edənlər cərgəsindən çıxır. Qurani-Kərimdə buyurulduğu kimi, “qeybət” sözü haqqında danışılanın cəsədini yemək kimidir və bu da bir növ yeməkdir. Bütün ibadətlər Allah üçün olduğu halda yalnız orucun Allaha məxsus edilməsinin iki səbəbi var: (Necə ki, Allah-Taala Kəbə evini Özünə nisbət verir, halbuki hər yer Onundur).

 

  1. Oruc günahı tərgitmək və özünü qorumaqla bərabərdir. Bu isə görünməyən və sirli bir şeydir. Bir halda ki, bütün ibadətlər camaatın gözü qarşısındadır (namaz, həcc və s.) demək, Allahdan başqa, heç kimsənin orucdan xəbəri olmur. Buna görə də buyurur: Oruc Mənim üçündür”.
  2. Oruc Allahın düşməninə qalib gəlməkdir. Çünki şeytan insanı şəhvəti vasitəsilə aldadır, yemək-içmək isə şəhvəti qüvvətləndirir. Peyğəmbər (s) buyurur: Şeytan insanın vücudunda qan vasitəsilə (qan damarlarında) cərəyan edir. Ona görə də şeytanın keçdiyi yolları aclıqla daraldın”.

 

Şəhvət şeytanın otlaq yeridir. Bunun üçün də oruc tutanın ağzının qoxusu Allah üçün müşkdən daha ətirlidir. Bu da ruhun xoş ətirli olmasına səbəbdir. Ruhun Allah yanında dəyəri, bədənin insan yanında olan dəyəri kimidir.

Allah-Taala həmişə bu məsələyə işarə edərək buyurur:

مَا عِنْدَكُمْ يَنْفَدُ وَمَا عِنْدَ اللَّهِ بَاقٍ

“Sizin yanınızda olan fani, Allahın yanında olan isə daimidir” (“Nəhl” surəsi, ayə 96).

Ruhun xoş qoxusu hara, müşkün qoxusu hara?! Ruhun ətri mənəvi və əqli, müşkün ətri isə cismi, hissi və zahiridir.

Orucun dərəcələri

Əbu Hamid: Bil ki, oruc tutmağın 3 dərəcəsi var: Ümumi, xüsusi, xüsusilərin xüsusisi.

  1. Ümumi oruc: yemək, içmək, şəhvətdən çəkinmək.
  2. Xüsusi oruc: bədən üzvlərini: göz, qulaq, dil, əl-ayağı günahdan qorumaqdır. Bu altı yolla gerçəkləşir.
  3. a) Gözü məkruh və qadağan olunmuş şeylərə baxmaqdan qorumaq. Hətta gözü qəlbi məşğul edən və Allahın zikrindən uzaqlaşdıran şeylərdən də bağlamaq lazımdır.

 

Əziz Peyğəmbərimiz (s) buyurur: Baxış şeytanın zəhərli oxlarından biridir ki, hər kim Allah qorxusundan gözlərini naməhrəmə baxmaqdan çəkindirsə (yumsa , Allah ona elə bir iman bəxş edər ki, onun şirinliyini qəlbində hiss edər”.

Həmçinin buyurur: Beş şey orucu zay edər: qeybət, söz gəzdirmək, yalan, and, şəhvətli baxış”.

b) Dili yalan, qeybət, söyüş, mübahisə, söz gəzdirmək, düşmənçilik, boş söz və digər işlərdən qorumaq.

 

Peyğəmbər (s) buyurur: Oruc qalxandır. Sizlərdən biri oruc olsa pis söz deməsin, cahillik etməsin, bir kimsə onunla çəkişsə, desin ki, mən orucam”.

c) Qulağı haramlara qulaq asmaqdan çəkindirmək. Çünki deyilməsi haram olan hər bir şeyin eşidilməsi də haramdır.

 

Allah-Taala harama qulaq asanları məzəmmət edərək buyurur:

سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ

“Yalana qulaq asar və haram mal yeyərlər...” (“Maidə” surəsi, ayə 42)

Peyğəmbər (s) buyurub: Qeybət edən və qeybətə qulaq asan günahda şərikdirlər”.

d) Qalan bədən üzvlərini (əl, ayaq) haramdan, nalayiq əməllərdən çəkindirmək, iftarda şübhəli yeməklərdən çəkinmək. Çünki halal oruc, haram iftarla mənasızdır. Bu, qəsr tikib şəhəri viran qoymağa və dərman içib zəhər yeməyə bənzəyir. Haramlar dini həlak edən zəhərli bir külək, orucsa onun dərmanıdır. Zəhərlə olan dərmanın heç bir faydası yoxdur.

 

Peyğəmbər (s) buyurur: Nə çox oruc tutanlar var ki, oruclarından aclıq və susuzluqdan başqa heç bir xeyir qazanmırlar”.

Bu hədisinin təfsirində deyilir ki:

1) Məqsəd haram yeməklə iftar edəndir;

2) Orucla halal yeməkdən çəkinib qeybətlə (ölmüş qardaşının ətini yeməklə) iftar edəndir.

3) Bədən üzvlərini günahdan qorumayan kəsdir.

Bəlkə də bütün bunlar hamısıdır.

e) İftar edərkən halaldan da həddən artıq yemək. Çünki Allah yanında halalla doldurulmuş qarın dolu qabların ən pisidir.

ə) İftardan sonra qəlbi narahat olsun, qorxu və ümid arasında qalsın ki, görəsən orucu qəbuldu ya yox, müqərrəblərdəndir, yoxsa qəzəb olunmuşlardan.

Bu altı işə əməl etməklə oruc ümumi səthdən çıxıb xüsusi dəstəyə məxsus olur. Onu xüsusi oruc adlandırırlar. İmam Sadiq (ə) buyurur: “Oruc tutarkən gərək dərin, ətin, göz və tükün də oruc olsun. Oruc tutduğun gün gərək başqa günlərdən fərqlənsin. Bu gündə mübahisə etmə, xidmətçilərini incitmə. Gərək orucun vüqarı bütün vücudunda zahir olsun (görünsün)”.

Həzrəti Rəsul (s) bir gün eşitdi ki, oruc olan bir qadın kənizini söyür. Həzrət (s) yemək istədi və onu qadının qarşısına qoyub buyurdu: “Ye”. Qadın dedi: “Mən orucam”. Buyurdu: “Necə orucsan ki, kənizini söyürsən?! Oruc yalnız yeyib içməkdən imtina etmək deyil”.

Xüsusilərin xüsusisi.

Qəlbin orucu onu dünyəvi və alçaq fikirlərdən, ümumiyyətlə Allahdan qeyri hər bir şeydən təmizləməkdir.

Bu orucu, məbdə (yaranış) və məaddan başqa, dünyəvi işlər haqda düşünmək batil edir (Dini üçün istifadə ediləcək işlərdən başqa. Bu halda dünya işləri haqda düşünmək axirət azuqəsidir).

İmam Sadiq (ə) buyurur: Rəsuli-Əkrəm (s) buyurub: Oruc qalxandır, yəni dünya bəlaları və axirət əzabı arasında pərdədir. Oruc tutarkən niyyət et ki, şəhvətdən çəkinir və özümü heyvani şəhvətdən qoruyuram. Özünü yemək və içməyə iştahası olmayan xəstə bil, hər an günahlardan şəfa tapmağını gözlə və batinini hər cür kin-küdurət, qəflət və zülmətdən pakla”.

Sonra buyurdu:  Allah-Taala buyurur: Oruc Mənim üçündür və Özüm onun savabını verəcəyəm”.

Oruc qəlbin səfasına, bədən üzvlərinin paklığına, zahir və batinin islahına, nemətlərə görə şükr və fəqirlərə ehsana, xüşu və xüzunun çoxalmasına, Allaha sığınmağa, nəfsi istəklərin sınmasına, hesabın yüngülləşməsinə, yaxşılıqların az sayılmasına (etdiyi yaxşılıqları az bilir) səbəb olur. Orucda saya hesaba gəlməyən faydalar var.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə məxsusdur

 

 


 4429,