Print this page

İtaətin Nurunda

İslamda elm və alimin fəziləti

 
(1 Vote)

İslamda elm və alimin fəziləti

 

İslam dini mütərəqqi bir din olaraq elmə xüsusi diqqət vermişdir. Biz İslamın qaynağı sayılan Qurani-kərimdə və məsum rəhbərlərin (ə) hikmət dolu kəlamlarında bunun şahidi ola bilərik.

Quranda elm və alimin dəyəri

 

1. Zikr olunan ilk nemət elmdir:

Peyğəmbəri Əkrəmə (s) nazil olmuş ilk ayələrdə Mütəal Allahın varlıq aləminin yaradılışını şərh etdikdən sonra xatırlatdığı ilk nemət elmdir:

 

اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ

خَلَقَ الإنْسَانَ مِنْ عَلَقٍ

اقْرَأْ وَرَبُّكَ الأكْرَمُ

الَّذِي عَلَّمَ بِالْقَلَمِ

عَلَّمَ الإنْسَانَ مَا لَمْ يَعْلَمْ

 

“Oxu! (Bu kitabı bütün məxluqatı) yaradan Rəbbinin adı ilə”,

“O, insanı (Adəm övladını) laxtalanmış qandan yaratdı”.

“Oxu (və tərəddüd etmə) ki, sənin Rəbbin (bütün kərimlərdən) daha kərimdir. (O səni oxuma-yazma bilməsən belə oxuda bilər)”.

“O (Rəbbin) ki, (bəşərə) qələm vasitəsilə elm öyrətdi”.

“İnsana bilmədiyini öyrətdi” (“Ələq” surəsi, ayə 1-5).

 

2. Allah-təala elm sahiblərinə başqalarından çox dəyər verir:

 

...يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

“Allah da sizdən iman gətirənlərin və elm verilmiş kəslərin  dərəcələrini yüksəltsin. Allah etdiklərinizdən xəbərdardır” (“Mücadilə”  surəsi, ayə 11).

 

3. Hikmət bulağına çatan şəxslərə bol nemətlər nəsib olar:

 

يُؤْتِي الْحِكْمَةَ مَنْ يَشَاءُ وَمَنْ يُؤْتَ الْحِكْمَةَ فَقَدْ أُوتِيَ خَيْرًا كَثِيرًا وَمَا يَذَّكَّرُ إِلا أُولُو الألْبَابِ

“Hikməti istədiyi (və vücudunda tələbat olan və haqqın hikməti ilə uyğun gələn) şəxsə verir. Kimə hikmət verilsə, (ona) doğrudan da, çoxlu xeyir verilmişdir. Əsl ağıl sahiblərindən başqa heç kəs öyüd almaz” (“Bəqərə” surəsi, ayə 269).

4. Elm sahibləri Qurani-kərimə əsasən beş xüsusiyyətə malikdirlər.

 

1) İman;

وَالرَّاسِخُونَ فِي الْعِلْمِ يَقُولُونَ آمَنَّا بِهِ كُلٌّ مِنْ عِنْدِ رَبِّنَا

“Elmdə qüvvətli olanlar (isə) deyərlər: “Biz ona iman gətirdik, (onun) hamısı bizim Rəbbimiz tərəfindəndir” (“Ali-İmran” surəsi, ayə 7).

 

2) Tövhid;

شَهِدَ اللَّهُ أَنَّهُ لا إِلَهَ إِلا هُوَ وَالْمَلائِكَةُ وَأُولُو الْعِلْمِ قَائِمًا بِالْقِسْطِ لا إِلَهَ إِلا هُوَ الْعَزِيزُ الْحَكِيمُ

“Allah ədalətə əsaslanaraq Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də). Ondan başqa bir  məbud yoxdur. Yenilməz qüdrət və möhkəm yaradılış sahibidir” (“Ali-İmran” surəsi, ayə 18).

 

3) Allah qorxusundan yaranan ilahi xof;

 

قُلْ آمِنُوا بِهِ أَوْ لا تُؤْمِنُوا إِنَّ الَّذِينَ أُوتُوا الْعِلْمَ مِنْ قَبْلِهِ إِذَا يُتْلَى عَلَيْهِمْ يَخِرُّونَ لِلأذْقَانِ سُجَّدًا

وَيَخِرُّونَ لِلأذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا

“(Müşriklərə) de: “Bu kitaba iman gətirsəniz də, gətirməsəniz də, şübhəsiz, bu kitab(ın nazil olmasın)dan qabaq elm verilmiş kəslər (öz səmavi kitablarından bu kitabın haqq olduğunu bilirlər və) o, onlara oxunan zaman səcdə edərək üzüstə düşürlər”.

“Və (Allahın hüzurunda) ağlayaraq üzüstə düşürlər və (Quranı eşitmək və başa düşmək) onlarda (qəlblərində olan Allah) xofu və itaətkarlığı artırır” (“İsra” surəsi, ayə 107-109).

 

5. Qorxu;

إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ

“Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar” (“Fatir” surəsi, ayə 28).

 

Peyğəmbərin (s) kəlamında elmin üstünlüyü

 

 “Allah-təala hər kimə xeyir və səadət vermək istəsə, onu dində elm və idrak sahibi edər”.

“Alimlər Peyğəmbərlərin varisləridirlər.”

“Peyğəmbərlik məqamına ən yaxın şəxslər alimlər və mücahidlərdir. Alimlər camaatı peyğəmbərlərin gətirdiyinə tərəf hidayət etdikləri, mücahidlər isə qılıncları ilə peyğəmbərlərin təlimi uğrunda döyüşdükləri üçün”.

 “Bir alimin (fəqihin) varlığı şeytan üçün min abidin varlığından ağırdır”.

“Hər kim dini dərk etmək yolunda çalışsa, Allah onu ehtiyacsız edər və güman etmədiyi yerdən ruzisini verər”.

“Elm öyrənmək məqsədi ilə evdən çıxan şəxs geri qayıdanadək Allah yolunda qədəm qoymuş sayılır”.

“Allahı tanıyan şəxsin qıldığı bir rükət namaz, nadanın qıldığı min rükət namazdan üstündür.”

“Alimin ölümü İslam üçün elə  bir itkidir ki, zamanın keçməsi də onun yerini doldura bilməz”.

Həzrət Əli (ə) buyurub: “Elm bəlalar qarşısında sipərdir”.

İmam Baqir (ə) buyurub: “Hidayət fəsillərindən bir dərsi öyrədən (kimsə), ona əməl edən şəxsin savabı qədər savaba çatar, eyni zamanda əməl edənin savabından heç bir şey azalmaz. Həmçinin azğınlıq və pisliyi  öyrədən şəxs, o azğınlığa düşən şəxsin günahları qədər günah qazanar, onun günahından heç bir şey əskilmədən”.

Cəfər Sadiq (ə) buyurub: “Bir şəxs elm öyrənib ona əməl etsə  və Allaha xatir, onu başqalarına öyrətsə mələklər aləmində böyüklüklə yad edilər.  Onun haqqında deyilər: “Bu həmin o şəxsdir ki, Allaha xatir öyrəndi, Allaha xatir əməl etdi və Allaha xatir öyrətdi”.

“Elmindən faydalanan, ona əməl edən alim 70 min abiddən üstündür”.

 

Beləliklə, Peyğəmbər (s) və pak imamların (ə) buyurduqları hədislərdən, elm və alimin yüksək dəyər və fəzilətə malik olması aydın olur. Amma, həqiqətən də, bu hədislər hər sahədə olan bütün alimlərə şamil olurmu?!

Öz-özlüyündə dəyərli, cəmiyyət üçün faydalı olan bütün elmlər faydalı və zəruridir. Amma İslami rəvayətlərdə elm, bilik və alimə verilən məqam yalnız din alimlərinə məxsusdur.

Bir gün Peyğəmbər (s) məscidə daxil oldu və gördü ki, bir qrup bir nəfərin ətrafında toplaşıb.

Həzrət soruşdu: “Bu kimdir?”

Dedilər: “Alimdir”.

Buyurdu: “Nəyə alimdir?”

Cavab verdilər: “Ərəblərin əsil-nəsəbi, ərəb qövmünün və cahiliyyət dövrünün tarixi və ərəb şeirlərinə”.

Peyğəmbər (s) buyurdu: “Bu elə bir elmdir ki, hər kim ondan bixəbər olsa ziyan etməyib və hər kim də ondan xəbərdar olsa fayda qazanmayıb. Amma həqiqətdə elm 3 cürdür:

1) Əqidə üsulları; 2) Əxlaq; 3) Şəriət elmləri; Digər elmlər ikinci dərəcəlidir.

 

Həmçinin buyurur: “And olsun, Muhəmmədin (s) canı əlində olan kəsə ki, bir alimin varlığı iblis üçün min abidin varlığından ağırdır. Çünki abid yalnız özünü düşünür, alim isə başqalarını”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

                                                                                                                      


 4618,