İtaətin Nurunda

İslamda nəfəqə

 

İslamda nəfəqə

Bütün dinlər arasında təkcə İslam dinidir ki, bu günə qədər qadına - xəlq olunmuşların ən zərifinə qarşı sonsuz mərhəməti ilə müxtəlif zamanlarda istənilən cəmiyyətin nümayəndələrinin nəzərini özünə cəlb edə bilmiş və hətta məftun etmişdir. Gəlin, görək həqiqətən belədirmi? Ərəb dilini bilməyənlər ən azı müqəddəs Qurani Kərimi əllərinə alıb mütaliə etsinlər. Çünki, məhz, ayələrin tərcüməsindən və əlbəttə ki, təfsirindən qadının Allah yanındakı məqamından xəbərdar olarlar.

Amma bu məqalədə İslam dinində "nəfəqə" kimi tanınan ilahi bir haqqdan bəhs edəcəyik. Nəfəqə "infaq" sözündən götürülüb, "bağışlamaq", "bəxşiş və əta etmək" deməkdir. Lakin doğma Azərbaycan dilimizdə bu kəlmə "xərclik" və ya "aliment" (boşandıqdan sonra) mənalarını verir.

 

Nəfəqəyə nələr aiddir?

Geyim, azuqə, ev, ev əşyaları, xəstəliyə görə xərclənən pul, bəzək və zinət əşyaları, xəstə qadınlar üçün köməkçi (bəziləri qulluqçuya ata evindən adət etmişlər), təmizlik ləvazimatları və.s

Amma, nəfəqə sadəcə ehtiyacı ödəyən maddiyyat deyil. Əksinə qarşı tərəfin maddi, əxlaqi, psixoloji ehtiyacını dərk edib ona uyğun bəxşiş etməkdir.  

Müqəddəs Qurani Kərimin Ali-İmran surəsinin 92-ci ayəsində Uca Yaradan buyurur: "Sevdiyiniz şeylərdən (yəni haqq yolunda) sərf etməyincə savaba çatmazsınız."

Başqa bir yerdə, Nisa surəsi 19-cu ayədə isə belə buyurur: "...Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin..."

Lakin bu gün bizim cəmiyyətdə belə bir əqidə, fikir formalaşıb ki, kişi ancaq boşandıqdan sonra qadına uşağını saxlamaq üçün müəyyən (dövlət tərəfindən müəyyənləşdirilmiş) bir məbləği aylıq olaraq verməlidir. Amma, əziz oxucular, demək olar ki, əksər müsəlmanlarımız bundan xəbərsizdirlər ki, bu ancaq boşandıqdan sonra qüvvəyə minməyən bir ilahi hökmdür.

Əziz kişilər və xanımlar, bəli, İslam dininin müqəddəs qanunlarına əsasən, hər hansı bir kişi istənilən bir qadınla evləndiyi gündən etibarən onun gündəlik ehtiyac və xərclərini qarşılamalı və ödəməlidir. Lakin təəssüflər olsun ki, bəzi "möminlər" bunu nə özlərinə vəzifə bilmir, nə də ki qadınların təbii haqqları olduğunu qəbul etmirlər. Bəziləri isə həddlərini aşaraq bunu qadınlara minnət vurmaqdan belə çəkinmirlər. Lakin Quran ayələrinə və əziz peyğəmbərimiz Məhəmməddən (s) nəql olunmuş hədisləri gözdən keçirdikdə fikirləşilənlərin tam əksi ilə üzləşirik.

Hörmətli oxucular, məhz İslam dinində düz 14 əsr bundan öncə Nisa surəsi 32-ci ayədə Uca Yaradan belə buyurur: "Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır."

Beləliklə, Allahu Təala qadına iqtisadi baxımdan azadlıq verərək nəinki onu kişidən aslı etmiş, yaxud alçaltmış, bəlkə də əksinə məhz həmin nəfəqə ilə onu ucaltmışdır.

Qərbdə isə qadınları iqtisadi azadlıq adı ilə mənimsəyir, ucuz və sərfəli işçi qüvvəsi əldə edirlər. Yox, əgər belə deyil deyənlər də varsa, onlardan soruşuram. Niyə istənilən dəyərsiz bir şeyi – sabun, şampun, siqaret, müxtəlif içki və yeyinti məhsullarını, yaxud maşınları reklam edərkən qadınlarımızı soyundurur, qeyrətlərini ayaqlar altına atırlar? Məgər Yaradan qadını bu qədər dəyərsizmi bilir? Qeyd etdiyimiz şeylərin reklamı istismar olunan qadının dəyərindən üstündürmü? XXI əsrdə ağız dolusu cahil ərəblərin qızlarını diri-diri basdırılmasına tənqidlə yanaşan müasir insanlar bu üsulla onları əvvəlkilərdən də pis vəziyyətə salmırlarmı? Belə bir qadınların ayaqları altında cənnəti tapmaq olarmı? Uzun sözün qısası, "arifə bir işarə yetər".

Amma İslam baxımından, nəfəqənin bir neçə növü var ki, qısa şərhlə oxucuların nəzərinə çatdırmağa çalışacayıq.

  1. İnsan öhdəsində olan heyvanların nəfəqəsi 

Hətta deyə bilərik ki, hal-hazırda bu nəfəqə növü Avropa ölkələrində daha çox yayılmış və xüsusi əhəmiyyətə malikdir.  Məsələn, heyvanlara məxsus xəstəxanalar mövcuddur, müxtəlif xilasetmə işləri aparılır, hətta onlara məxsus yeyinti məhsulları, geyimlər belə istehsal olunur və.s. Çox gözəl, bu məhz müqəddəs dinimizin buyurduqlarından biridir. Hətta tarix boyu, neçə-neçə ariflərin uzaq səfərə gedərkən heyvanlara (at, dəvə, ulaq və.s) əziyyət verməmək üçün onları insafla yüklədiyinin, bəzən isə özlərinin yüklərdən müəyyən bir hissəni daşıdıqlarını belə oxumuş, ən azı eşitmişik. Hətta Əhlibeyt (ə)-ın çobanlıq etmiş, özləri onlara yem vermişlər.

  1. İnsan öhdəsində olan valideyn və övladların nəfəqəsi

 Əslində, bu da bir İlahi hikmətdir. Yəni heç bir övlad valideynlərinin haqqını qaytara bilməz. Lakin Allah bizə belə bir şans verir ki, biz onlara çəkdikləri təmənnasız zəhmətlərinin müqabilində heç olmazsa, təşəkkür edərək minnətdarlığımızı bildirək. O ki qaldı övladlarımıza, onlar misilsiz Yaradanın bizə verdiyi həm nemət, həm də əmanətdir. Görək, biz insana bəxş olunmuş bu nemətlərin qədrini bilikmi? Yox, heç hər hansı bir avropalının dilsiz-ağızsızlara etdiyi qayğının 50%-ni belə etmirik, o ki qaldı 100%. Halbuki, Peyğəmbərimiz (s) buyurur ki, "cənnət anaların ayaqları altındadı". Yaxud Qurani Kərimdə İsra surəsi 23-cü ayədə belə buyurulur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb onlara acı söz söyləmə. Onlarla xoş danış!"

Musa (ə) peyğəmbərliyə çatanda Allah ona buyurur: "Onunla (Fironla) yumuşaq, incə danış! Çünki süd əmmə dövründən indiyə qədər (cavanlıq) sənin üçün zəhmət çəkib. Boynunda atalıq haqqı var. Sən onunla ucadan danışmamalısan, qəzəblə də üzbəüz gəlməməlisən."

İmam Sadiq (ə) buyurur: "Ata-anaya ölü və diri olsalar belə, yaxşılıq edin! Onların yerinə namaz qılın, sədəqə verin, həccə gedin, oruc tutun və. s..."

Peyğəmbərimiz (s) buyurur: "Ata-anasını qüssələndirən ağvalideyndir."

Bəs, zəmanəmizin hansı övladı buna əməl edir ki, gələcəkdə övladları da özləri kimi olsun. Sizcə, biz övladlarımıza düzgün tərbiyəni beləmi veririk?

  1. Kişinin öhdəsindəki qadınlara xərclədikləri

Burada hansısa kişi və qadının kasıb və ya varlı olmasından söhbət getmir. Əsas məsələ insanın qarşısındakına dəyər verməsidir. Məgər Qurani Kərimdə oxumuruq ki, "qadın və kişi bir-birinin libasıdır". Kişi qadınını canı və malı ilə qorumalıdır. Siz kişilər sevdiyiniz maşınıza nə qədər pul xərcləyirsiniz? Bəs o zərif və əmanət olunmuş qadınlar? Lakin dəfələrlə Əli (ə) hər hansı bir xeyir əməlin savabını belə xanımı Zəhraya (s) infaq etmiş, bağışlamışdı.

Peyğəmbərimiz (s) buyurur: "Qadınların geyimi və azuqəsi siz kişilərə vacibdir."

Yenə də o Həzrət (s) buyurur: "Hər hansı bir kişi bazara gedib ailəsi üçün hədiyyə alarsa, ehtiyaclıya sədəqə verən şəxsə bənzəyər."

Və yaxud buyurur: "Kişi Allaha xatir həyat yoldaşı üçün bir şey alarsa, sədəqənin savabını əldə etmişdir."

Əli (ə) buyurur: "Qadınlar sizin əlinizdə əmanətdirlər. Onların həyatını çətinləşdirməyin."

Nəfəqənin fəlsəfəsi nədir?

a) Övladın nütfəsi bağlandıqdan sonra demək olar ki, kişinin işi bitir. Lakin kişilərin əksinə olaraq, qadınların işləri, vəzifələri bundan sonra başlayır və günbəgün də çoxalır. Övladını 9 ay bətnində daşımaq, dünyaya gətirmək, təlim-tərbiyə vermək, yerbəyer etmək ananın öhdəsindədir. Bunlar hamısı ağır və eyni zamanda da yorucudur. Əgər ailənin maddi rifahı kişinin əlindədirsə, onun ruhi-mənəvi rifahı qadından asılıdır. Qadın maddiyyat ardınca gedərsə, bu zaman o müxtəlif fiziki və psixoloji problemlərlə üzləşir. Bəzən bunlar o qədər dözülməz olur ki, hətta insanın qürurunu belə sındırır. Sizdə çox yaxşı bilirsiniz ki, qadınlar kişilərə nisbətən daha qürurludur və belə də olmalıdır. Uca Yaradan da qadınların qürurları sınmasın deyə, onlar üçün nəfəqə (xərclik) verməyi kişilərə vacib etmişdir. Bəlkə də, bu onların əziyyətlərinə verilən qiymət, unudulmadıqlarını, əvvəlki qədər həyat yoldaşı üçün nə qədər önəmli olduqlarını zəriflərə çatmağın bir yoludur. Yəni, nəfəqənin sadaladığımız ilk iki növü şəri baxımdan vacib deyil. Amma üçüncü növü kişilərə vacibdir. Lakin bununla belə hamısı əxlaqi baxımdan vacibdir.

b) Kişilər psixoloji baxımdan daha çox macəraçıdırlar. Buna görə də bir o qədər də xərcləməyə meyilli deyillər. Qadınlar isə planlar və xəyallarla yaşadıqları üçün daha çox pul xərcləyirlər. Zərif məxluqlar rəngarəngliyi, cazibəli olmağı, yenilikləri sevirlər. Buna görə də bəzən bu zövqlü məsələlərdə israfa belə yol verirlər.

Lakin İslam nöqteyi-nəzərindən kişilər nə qədər çox əliaçıq olsalar, qadınlar da bir o qədər qənaətcil olmalıdırlar. Yəni, kişilər nəfəqə verərkən xəsislik və simiclikdən qaçmalıdırlar.

Almaz Ağamoğlanqızı

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

Saytın materiallarından istifadə edərkən istinad vacibdir!

 

 


 4974, 

Dostların veb səhifələri

15649348
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5174
8065
44895
15456216
124487
160067
15649348

sizin IP ünvanınız: 18.226.87.143
2024-12-21 15:39

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!