ƏRƏFƏ DUASI - دعاء العرفة
"Ərəfə" sözü - "tanımaq, dərk etmək, anlamaq" kimi tərcümə olunur.
İmam Hüseynin (ə) ərəfə duası üçüncü imam olan imam Hüseynin (ə) Qurban bayramı ərəfəsində, Ərəfat səhrasında oxuduğu bir duadır. Müsəlmanlar bu duanı ərəfə günü Ərafatda oxumaqla yanaşı məscid, mədrəsələrdə və evlərdə oxuyarlar. Ərəfə duası dini və irfani bilikləri əhatə edir. Alim və mühəddislər duanın ali məzmununa görə imam Hüseyn (ə) aid olduğunu deyirlər, yalnız duanın sonunda kiçik bir bölümdə bəziləri tərəddüd edib onun sufi şeyxlərinə nisbət vermişlər.
Rəvayətə görə imam Hüseyn (ə) bu duanı çadırların kənarında ailə və səhabələrindən bir qrup ilə birlikdə oxumuşdur. Bu dua əqidəvi və irfani bir duadır.Qalib Əsədin iki oğlu Bişr və Bəşir rəvayət edirlər: “Ərəfə günü Ərafatda imam Hüseynin (ə) hüzurundaydıq. İmam, ailəsi, uşaqları və orada olanlardan bir qrupun qarşısında xuzu və xuşu ilə çadırından çıxdı. Ərafat dağının sol tərəfində duraraq üzünü Kəbəyə çevirdi və əllərini üzünün qarşısına qaldıraraq bu duanı oxumağa başladı”. (Qummi, Məfatihul-Cinan, səh.363)
Kəfəminin rəvayətinə görə Ərəfə duası bu cümlələrlə bitir
لا اله الا انت وحدک لا شریک لک لک الملک و لک الحمد و انت علي کل شيء قدير. يا رب، يارب يا رب
Amma Seyyid ibn Tavusun “Əl-iqbalul- Əmal” kitabında Ərəfə duasında bu cümlənin ardını belə davam elətdirir:
الهي انا الفقير في غناي فکيف لا اکون فقيرا في فقري. و انت الرقيب الحاضر انک علي کل شيء قدير و الحمدلله وحده
Kəfəmi, “əl-Bələdul-Əmin”, Seyyid ibn Tavus “Misbahuz-Zair” kitabında bu şərif duanı nəql etmiş və sonra Əllamə Məclis “Biharul-Ənvar” və Şeyx Əbbas Qummi “Məfatihul-Cinan” kitablarında bu duanı zikr etmişlər. Ayətullah Xoyi hədisin raviləri haqqında belə deyir: “Bu iki qardaş Qalib Əsədin Kufinin oğullarıdır. Bişr imam Hüseyin (ə) və imam Səccadın (ə) səhabələrindən, ancaq Bəşir yalnız imam Səccadın (ə) ravilərindən idi”.
Ruhu-Mucərrəd kitabının müəllifi Əllamə Hüseyni Tehrani və Cəllaləddin Humayi - bu duanı hicrətin yeddinci yüzilliyində yaşayan tanınmış arif İbn Ataullah İsgəndəraniyə nisbət vermiş və eynisinin “əl-Hikmətul-Ataiyyə” kitabının köhnə nüsxələrində olduğunu bildirmişlər.
DUANIN MƏZMUN VƏ MÖHTƏVASI
İmam Hüseynin (ə) ərəfə duası çox mövzunu əhatə edir. Onlardan ən önəmlilərini qeyd edirik:
- Allahı tanımaq. İlahi sifətlərin bəyanı, peyğəmbərləri tanımaq və onlarla münasibətlərin qurulması, axirət və qəlbi inancların izhar olunması
- Aləmin nemətlərində təfəkkür, Allahın insanlara sonsuz nemətlərinin xatırlanması və onlara qarşı insanların şükrü
- Allaha yalvarmaq, günahların iqrar edilməsi, tövbə edərək bağışlanmaq istəmək, gözəl sifətlərə və saleh işlərə yönəlmək
- Peyğəmbər (s) və Əhli-beytinə (ə) salavat və salamlarla başlayan hacətlərin qəbul olmasını istəmək və sonra bağışlanma, hidayət nuru, rəhmət, bərəkət, ruzinin çoxluğunu və uxrəvi mükafatların istənməsi
- Əsr namazından sonra “Ərəfə” duasına məşğul olmazdan əvvəl iki rükət açıq səma altında namaz qılsın və Ərəfatın savabına nail olsun və günahları bağışlansın deyə, Allah dərgahında öz günahlarını etiraf və iqrar etsin. Sonra imamlardan rəvayət olunan əməllərə və Ərəfə dualarına məşğul olsun...
TƏRCÜMƏ VƏ ŞƏRHLƏR
İmam Huseynin (ə) zəngin irfani məzmunu olan ərəfə duasıdaim düşünənlər tərəfindən maraqla qarşılnmışdır. Ərəfə duası haqqında məqalə və kitablar qələmə almışlar. Onlara tərcümə və şərhlər vermişlər.
İlahiyyatçı, islamşünas Lalə Zəhrayi
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir