Nur Silsiləsi

Nur silsiləsi

Nur silsiləsi

Həzrət Adəm (ə)

Qurani-Kərim İlahi bir möcüzə olaraq, bəşəriyyəti hidayət etmək və onu mənəvi kamala çatdırmaq hədəfini daşıyır. İnsan isə hərtərəfli bir varlıq olduğu üçün Quran da müxtəlif hidayət yollarından və üsullarından istifadə edir. Quran insan və cəmiyyətlə bağlı çoxsaylı məsələləri özündə əks etdirərək müxtəlif əxlaqi və həyati dəyərləri ən gözəl tərzdə bəyan edir. Onun ən təsirli və gözəl üsullarından biri də hekayə və rəvayət vasitəsilə istənilən həqiqəti və dəyərləri təbliğ etməsidir. Bu hekayələr və rəvayətlər həqiqətə əsaslandığı üçün Quran ən etibarlı tarixi bir mənbə hesab olunur. 
Quranın ən maraqlı hekayələrindən biri də bəşərin atası sayılan ilk peyğəmbər həzrət Adəmin (ə) sərgüzəştidir. Həzrət Adəmin (ə) adı Quranda 25 dəfə, 9 surə və 25 ayədə çəkilmişdir. Onun sərgüzəştləri geniş şəkildə "Bəqərə", "Əraf", "Hicr", "İsra", "Kəhf" və "Taha" surələrində bəyan olunmuşdur. Həzrət Adəm (ə) haqqında verilən məlumatları aşağıdakı başlıqlar altında qruplaşdırmaq olar:

  •  İnsanın yaradılışı;
  • Adəm Allahın yer üzündə xəlifəsidir;
  • Adəmə "əsma"nın öyrədilməsi;
  • Adəm mələklərin səcdəgahıdır;
  • Adəmin behiştdə məskunlaşması və ağaca yaxınlaşmamaq əmri;
  • Adəmin qadağanla müxalifəti və ismət məsələsi;
  • Adəmin yerə enməsi;
  • Adəm övladlarının taleyi.

Adəmin yaranması

Adəmin yaranması barəsində olan ayələrin məcmusundan belə nəticəyə gəlmək olar ki, bu proses üç mərhələdə baş vermişdir. Birinci mərhələ "dəyişilən torpaq" mərhələsidir. Belə ki, bu mərhələyə aid olan ayələrdə "torpaq", "gil", "yapışqan gil" və s. ifadələrdən istifadə olunmuşdur. Bu ifadələr müxtəlif olduqlarına baxmayaraq, onların arasında heç bir ziddiyyət yoxdur. Bunlar torpağın müxtəlif formalarıdır və hamısında maddə birdir. Bu ayələrin bəzilərinə nəzər salaq:

إِنَّ مَثَلَ عِيسَى عِنْدَ اللَّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِنْ تُرَابٍ ثُمَّ قَالَ لَهُ كُنْ فَيَكُونُ

"Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona "(canlı insan) ol!" dedi, o da oldu" ("Ali-İmran" surəsi, ayə 59).

الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ وَبَدَأَ خَلْقَ الإنْسَانِ مِنْ طِينٍ

"...Və insanın yaradılışına palçıqdan başladı (insanların ulu baba və nənəsini birbaşa olaraq, möcüzəli tərzdə palçıqdan yaratmışdır)" ("Səcdə" surəsi, ayə 7).

إِنَّا خَلَقْنَاهُمْ مِنْ طِينٍ لازِبٍ

"Biz onları yapışqan gildən yaratdıq" ("Saffat" surəsi, ayə 11).

Adəmin yaradılışının ikinci mərhələsi təsvir, yəni, surətin verilməsi mərhələsidir. Bu haqda Quranda buyurulur:

وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلائِكَةِ اسْجُدُوا لآدَمَ فَسَجَدُوا إِلا إِبْلِيسَ لَمْ يَكُنْ مِنَ السَّاجِدِينَ

"Şübhəsiz, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqlardan) yaratdıq, sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: "Adəmə səcdə edin". Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı" ("Ərafsurəsi, ayə 11).  

Üçüncü mərhələdə insana onun üstün varlıq hesab olunmasına səbəb olan ruh verilmişdir. Məhz bu mərhələdə o, bir neçə cəhətli varlığa çevrilmişdir. Bir tərəfdən onu mələklərin dərəcəsinə ucaldan ağıl, fikir və düşüncəyə malikdir, digər tərəfdən isə nəfsani meyllər ilə təchiz olunmuşdur. Əgər insan bu meyllərin arasında müvazinəti qoruya bilməzsə, kamillik zirvəsindən zillət dərəcəsinə yuvarlanar. Quran yaradılışın bu mərhələsini belə bəyan edir:

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ

"Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün!" ("Hicr" surəsi, ayə 29)

Bildiyimiz kimi, Allah nə cisimdir, nə də ruh. Bu ayədə Allah insan ruhunu əzəmətinə görə Özünə aid edir. Necə ki, Kəbə evinin əzəmətinə görə Öz evi adlandırır:

وَعَهِدْنَا إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ أَنْ طَهِّرَا بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ

"Və İbrahim ilə İsmailə tapşırdıq ki, Mənim evimi təvaf edənlər, yaxınlıqda olanlar (yaxud ibadətə çəkilənlər), rüku və səcdə edənlər üçün pak-pakizə edin" ("Bəqərə" surəsi, ayə 125).

Belə nümunəyə hədislərdə də rast gəlmək olar. Belə ki, hədislərdə Ramazan ayı "Şəhrullah" ("Allahın ayı") kimi vəsf olunmuşdur. Bu vəsf bir növ şərəfləndirmə xarakteri daşıyır. 
Quran bu mərhələdə Adəmin yaradılışını tamamlamış hesab edir və ondakı İlahi istedadlara görə hamıya əmr edir ki, bu möcüzəli yaradılışa səcdə etsinlər.

Adəmin yer üzərində xilafəti

Həzrət Adəmin (ə) dastanında ən mühüm mövzulardan biri onun yer üzərində xilafətidir. Allah Adəmin yaradılışından əvvəl və ya sonra mələklərə yer üzərində canişin təyin edəcəyini bildirir:

وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلائِكَةِ إِنِّي جَاعِلٌ فِي الأرْضِ خَلِيفَةً قَالُوا أَتَجْعَلُ فِيهَا مَنْ يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاءَ وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لا تَعْلَمُونَ

"Və (yadına sal) o zaman (ı) ki, Rəbbin mələklərə dedi: "Həqiqətən, Mən yer üzündə bir canişin qoyacağam". Dedilər: "Orada fəsad törədəcək və qanlar tökəcək bir kəsi (canişin) qoyursan?! Halbuki, biz Səni kamilliklərlə vəsf edərək zikr oxuyur və (bütün eyb və nöqsanlardan) pak bilirik". Allah buyurdu: "Şübhəsiz, Mən sizin bilmədiyiniz bir şeyi bilirəm" ("Bəqərə" surəsi, ayə 30).

Əslində mələklərin etiraz formalı suallarının məğzi bu idi ki, belə bir taleyi olan varlıq sənin xilafətinə layiq deyil. Əgər xilafətin məqsədi səni təsbih və kamal sifətlərlə vəsf etməkdirsə, biz bu məqama daha layiqik.
Burada mühüm məsələlərdən biri Adəmin (ə) kimin canişini olmasıdır. Allahın canişinidir, yoxsa yer üzündə yaşamış əvvəlki yaranmışların? Bu barədə bir çox ehtimallar vardır. 
Aydındır ki, Adəm (ə) və onun övladlarının Allahın xəlifəsi olması İslam əqidələrinə əsasən peyğəmbər və imamların canişinliyindən fərqlənir. 
Adəmin (ə) Allah tərəfindən nümayəndə olması onun yaradılışından qaynaqlanır. Onun vücudunda Allahın camal və cəlal sifətlərini özündə bir ayna kimi əks etdirən kamilliyin müxtəlif dərəcələrini qət etmək qüvvəsi vardır. Başqa sözlə desək, Adəm (ə) öz Xaliqinin kamil sifətlərini nümayiş etdirmək qabiliyyətinə malik olduğu üçün Allahın yer üzərində nümayəndəsi olmaq səlahiyyətinə malikdir. Buna görə də İlahi xilafət məqamı Adəmə (ə) verildi. Hətta mələklər belə öz həmd və sənaları ilə bu məqamı əldə edə bilmədilər. 
Allah tərəfindən olan xilafəti başqa cür də təfsir etmək olar. Belə ki, Allah dünyanı və onda olan nemətləri hədəfsiz yaratmamışdır. Bu hədəf o zaman gerçəkləşir ki, üstün bir varlıq Allahın izni ilə onlardan istifadə edərək yer üzünü abad edib gizli mədən və xəzinələri aşkar etsin. Adəm (ə) də Allahın izni ilə yaranmış bütün nemətlərdən istifadə etməkdə ixtiyar sahibi olduğu üçün Onun yer üzərində nümayəndəsidir. Bu həqiqəti Quran necə də gözəl bəyan edir: 

...قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَهٍ غَيْرُهُ هُوَ أَنْشَأَكُمْ مِنَ الأرْضِ وَاسْتَعْمَرَكُمْ فِيهَا فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوا إِلَيْهِ إِنَّ رَبِّي قَرِيبٌ مُجِيبٌ

"Ey qövmüm, Allaha ibadət edin. Sizin üçün ondan başqa bir Tanrı yoxdur. O, sizi yerdən (torpaqdan) yaratdı və sizi orada abadlıq üçün yerləşdirdi. Elə isə Ondan bağışlanmaq diləyin!" ("Hud" surəsi, ayə 61)

Burada bir məsələni qeyd etmək lazımdır ki, bu canişinin nəslində fasiq və qantökən insanlar çox olsa da, elə pak və ali insanlar da vardır ki, onlar Allahın yer üzərində höccətləridir. Bu şəcərədən belə gözəl ətirli güllərin bitməsi insanın yaranması və yerdə xəlifə olmasını caiz edir. 
Adəmin (ə) keçmiş nəsillərin canişini olması nəzəriyyəsinin xülasəsi belədir: O, varlıq aləminə qədəm qoyan ilk insan deyil. Belə ki, ondan əvvəl də yer üzündə yaşayıb hər hansı bir səbəb üzündən məhv olan, öhdəsində İlahi əmrlər və məsuliyyət daşıyan canlılar olmuşdur. Bu məsələ rəvayətlərdə də gəlmişdir. 
İmam Səccad (ə) Əbu Əsvəd Simaliyə buyurub: 

ا تظن ان الله لم يخلق خلقا سواكم؟ بلي و الله لقد خلق الله الف الف ادم و الف الف عالم و انت و الله في اخرتلك العوالم

"Elə güman edirsən ki, Allah sizdən başqa bir məxluq yaratmayıb?! Bəli, Allaha and olsun ki, Allah min-min Adəm və min-min aləm yaratmışdır. Allaha and olsun, sən bu aləmlərin sonuncususan (nəslisən)".

Adəmə "əsma"nın (adların) öyrədilməsi

Allah-Taala Adəmi torpaqdan yaradıb onu xəlifə etdikdən sonra ona "əsma"nı (adları) öyrədir. Bu haqda Qurani-Kərimdə "Bəqərə" surəsinin 31-33-cü ayələrində bəhs olunur:

وَعَلَّمَ آدَمَ الأسْمَاءَ كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلائِكَةِ فَقَالَ أَنْبِئُونِي بِأَسْمَاءِ هَؤُلاءِ إِنْ كُنْتُمْ صَادِقِينَ

"Və bütün adları Adəmə öyrətdi. Sonra onları (bu mənaları) mələklərə göstərərək buyurdu: "Əgər doğru deyirsinizsə, bunların adlarını (və ya həqiqət və sirlərini) Mənə xəbər verin".

قَالُوا سُبْحَانَكَ لا عِلْمَ لَنَا إِلا مَا عَلَّمْتَنَا إِنَّكَ أَنْتَ الْعَلِيمُ الْحَكِيمُ

Dedilər: "Sən (bütün eyb və nöqsanlardan) paksan! Bizim Sənin bizə öyrətdiklərindən başqa bir elmimiz yoxdur; doğrudan da, bilən də Sənsən, hikmət sahibi də!"

قَالَ يَا آدَمُ أَنْبِئْهُمْ بِأَسْمَائِهِمْ فَلَمَّا أَنْبَأَهُمْ بِأَسْمَائِهِمْ قَالَ أَلَمْ أَقُلْ لَكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالأرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنْتُمْ تَكْتُمُونَ

Allah buyurdu: "Ey Adəm, onların adlarını mələklərə xəbər ver". Elə ki, (Adəm onların) adlarını (ya həqiqətlərini) mələklərə xəbər verdi, Allah buyurdu: "Sizə demədimmi ki, həqiqətən, Mən göylərin və yerin gizlinliklərini bilirəm və sizin həm aşkar etdiyinizdən, həm də gizlətdiyinizdən xəbərdaram?!"

Ayədən çıxan nəticə bunu bəyan edir ki, Allah-təala Adəmə (ə) "əsma"nı öyrədir. Əsmanın nə olmasını izah etməzdən əvvəl bunun Adəmə (ə) necə öyrədilməsi məsələsinə baxaq. Təfsirçilərin nəzərinə əsasən bu təlim iki yol ilə mümkün idi:
1) Allah məxluqatı göstərməklə onların adlarını öyrədir.
2) Allah məxluqatı göstərmədən onların xüsusiyyətlərini bəyan edərək adlarını öyrədir.
Ayədə işlədilən işarə əvəzliklərini nəzərə alaraq demək olar ki, Adəmə (ə) məxluqatın adları onları göstərmək yolu ilə öyrədilmişdir. Bəzilərinin fikrinə əsasən, Adəm (ə) məhz əsmanı öyrəndiyinə görə mələklərdən üstün olmuşdur. Sözsüz ki, bu ayələr Adəmin xilafətə layiq olmasını bəyan edir. Lakin Adəmin mələklərdə olmayan üstün cəhətini araşdırmaq üçün ayələrin təfsirinə baxaq. 
Burada Adəm (ə) üçün mələklərdə olmayan iki fəzilət təsəvvür etmək olar ki, onu xəlifəliyə layiqli etmişdir:
1. Adəmin (ə) gələcək nəslində böyük insanların mövcud olması ilə bağlı üstünlüyü;
2. Adəmin (ə) məxluqatın adlarını bildiyi üçün qazandığı elmi üstünlük. 
1. Adlananların üstünlüyü
Birinci nəzəriyyəyə əsasən, Allah Adəmə (ə) əsmanı, yəni onun nəslindən gələcək elm və əməldə ən yüksək dərəcələri kəsb etmiş, nümunəvi insanlara çevrilərək İlahi xilafət məqamına ləyaqət qazanan höccətlərin adlarını öyrədib onlarla tanış etdikdən sonra o höccətləri mələklərə də göstərir. Onların bu əzəmətini müşahidə edən mələklər öz qüsurlarını anlayıb insanın nə üçün İlahi xəlifə olmasının sirrindən agah olurlar. Bu nəzəriyyəni "Bəqərə" surəsinin 31-32-ci ayələrdəki şəxs və işarə əvəzlikləri də təsdiq edir. Belə ki, bu əvəzliklər əql və şüura malik varlıqlara aid edilir. Bundan başqa mərhum Şeyx Səduq da İmam Sadiqdən (ə) bu məzmunda mötəbər hədislər nəql etmişdir. 
Bəzi rəvayətlərdə əsmanın mənasının höccətlərdən daha geniş olması qeyd edilir. 
Beləliklə, bu nəzəriyyə xəlifəliyə ləyaqətin meyarını Adəm (ə) və onun övladlarından olan seçilmiş insanların vücudi və təkvini üstünlüyünü hesab edir.
2. Adəmin elmi üstünlüyü 
Bu nəzəriyyəyə əsasən, Allah Adəmə (ə) mövcudatın adlarını öyrətdikdən sonra onları mələklərə göstərərək adlarını söyləmələrini tələb edir. Mələklər öz acizliklərini bildirdikdə Adəmə (ə) göstəriş verilir ki, onları mövcudatın adlarından agah etsin. 
Buradan belə məlum olur ki, Adəmin (ə) üstünlüyü, adları bilməsi və onları mələklərə öyrətməsindədir. 
Lakin burada bir məsələ ortaya çıxır ki, Adəmin (ə) adları bilib mələklərə öyrətməsi bir üstünlükdürsə, bu qabiliyyət mələklərdə də var idi. Əgər Allah adları onlara da öyrətsəydi, Adəmin (ə) gördüyü işi onlar da icra edə bilərdilər.
Buna əsasən, Adəmə (ə) adların öyrədilməsi mələklərin deyil, məhz onun xilafətə layiq olmasına səbəb ola biləcək elə də bir üstünlük deyil.
Bu nəzəriyyələr içində üstünlük meyarı kimi, Adəmin (ə) nəslində üstün insanların mövcudluğu ayənin zahirinə daha çox uyğun gəlir.

Mələklərin Adəmə səcdə etməsi

وَإِذْ قُلْنَا لِلْمَلائِكَةِ اسْجُدُوا لآدَمَ فَسَجَدُوا إِلا إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

Və o zaman ki, mələklərə "Adəmə səcdə və təzim edin!" buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, kafirlərdən idi ("Bəqərə" surəsi, ayə 34).

Burada qeyd olunmalı məsələlərdən biri də budur ki, mələklər Allahın göstərişi ilə Adəmə ibadət məqsədi ilə deyil, ehtiram əlaməti olaraq səcdə etmişlər. Bu növ səcdə Quranda Həzrət Yusif (ə) üçün də bəyan olunmuşdur.

وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ وَخَرُّوا لَهُ سُجَّدًا 

"(Yusif) ata və anasını taxtın üzərinə apardı və hamı ona səcdə etdi" ("Yusif" surəsi, ayə 100).

Müqəddəs İslam şəriətində isə Allahdan başqası üçün hər növ səcdə haramdır. Adəmin (ə) dövründə və Yaqub (ə) şəriətində isə bu haram mövcud olmamışdır.
Maraqlı məsələlərdən biri də mələklərin Adəmə (ə) bütün insanlığın nümayəndəsi olaraq səcdə etmələridir. Yəni səcdə təkcə Adəm (ə) üçün yox, bütün insanlar üçün olmuşdur. 

وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلائِكَةِ اسْجُدُوا لآدَمَ فَسَجَدُوا إِلا إِبْلِيسَ لَمْ يَكُنْ مِنَ السَّاجِدِينَ

Şübhəsiz ki, Biz sizi(n ulu babanız Adəmi əvvəlcə xəmir mayası kimi yer üzündəki torpaqdan) yaratdıq. Sonra həmin maddəni siz insanların şəklində surətlərə ayırdıq, sonra (ona ruh üfürəndən sonra) mələklərə dedik: "Adəmə səcdə edin". Beləliklə, İblisdən başqa onların hamısı səcdə etdilər, o isə səcdə edənlərdən olmadı ("Əraf" surəsi, ayə 11).

Adəmin behiştdə məskunlaşması

Adəmin (ə) mələklərdən üstünlüyü sübut olunub, şeytan da itaətsizliyinə görə yüksək məqamdan qovulduqdan sonra Allah Adəmin (ə) məqamına ehtiram əlaməti olaraq ona öz yoldaşı ilə behiştdə məskunlaşıb onun nemətlərindən faydalanmağa icazə verdi. Bir şərtlə ki, qadağan olunmuş ağaca yaxınlaşmasın.
Belə bir sual meydana çıxır ki, Adəm (ə) harada yaradılmışdır? Yaradıldığı yer yaşadığı behiştdən kənarda idimi? Yoxsa, elə məskunlaşdığı behiştdə yaradılmışdır? Ayənin zahiri sonuncu fərziyyəni təsdiq edir. Belə ki, "اسْكُن" (sakin ol) deyir, "ادخل" (daxil ol) demir.

وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنْتَ وَزَوْجُكَ الْجَنَّةَ

Və dedik: "Ey Adəm, sən və zövcən cənnətdə məskunlaşın..." ("Bəqərə" surəsi, ayə 35)

Belə bir sual da verilə bilər ki, Adəmin (ə) məskunlaşdığı cənnət axirət cənnəti idi, yoxsa dünya? Əgər dünya cənnəti idisə, yerdə idi, yoxsa səmada?
Axirət cənnətinin xüsusiyyətlərini nəzərə aldıqda Adəmin cənnətinin fərqli olduğunu görürük. Quran axirət behiştini belə vəsf edir: 

لا يَمَسُّهُمْ فِيهَا نَصَبٌ وَمَا هُمْ مِنْهَا بِمُخْرَجِين

"Orada onlara əsla bir zəhmət yetişməz və onlar oradan əsla çıxarılmazlar" ("Hicr" surəsi, ayə 48).

Həmçinin buyurur:

وَجَنَّاتٍ لَهُمْ فِيهَا نَعِيمٌ مُقِيمٌ...

"Onlar üçün behiştdə əbədi nemətlər vardır" ("Tövbə" surəsi, ayə 21).

Məsum imamların (ə) rəvayətləri də bu görüşü təsdiqləyir. İmam Sadiq (ə) Adəmin (ə) cənnətinin mahiyyəti barədə verilən sualın cavabında buyurur: "Dünya bağlarından idi, günəş və ay orada doğardı. Əgər axirət behişti olsaydı heç vaxt ondan xaric olmazdı" (Bürhan, c.1, səh.80, 2 və 3-cü rəvayət).

Bu cənnət dünya bağlarından olsa da, yerdə olmamışdır. Belə ki, Adəm (ə) cənnətdən çıxarıldıqda ona belə xitab olunur: 

فَأَزَلَّهُمَا الشَّيْطَانُ عَنْهَا فَأَخْرَجَهُمَا مِمَّا كَانَا فِيهِ وَقُلْنَا اهْبِطُوا بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّ وَلَكُمْ فِي الأرْضِ مُسْتَقَرٌّ وَمَتَاعٌ إِلَى حِينٍ

Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən çıxartdı. Biz dedik: "Həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vaitələri olcaqdır" ("Bəqərə" surəsi, ayə 36).

Adəmin (ə) məsumluğu

Bəziləri belə bir fikir irəli sürürlər ki, Adəm (ə) şeytanın hiyləsi nəticəsində qadağan olunmuş ağaca yaxınlaşmaqla günah etmişdir. İddialarının sübutu kimi, bu hadisəni bəyan edən ayələrdəki "zülm", "üsyan" kəlmələri, Adəmin (ə) tövbə etməsidir.
Təfsirçilər bu cür iddialara tutarlı və geniş cavablar vermişlər. Burada qısaca onu qeyd etmək olar ki, "üsyan etdi", "özümüzə zülm etdik" və digər bu kimi kəlmələrin əhatə dairəsi geniş olub "günah" məfhumundan daha geniş mənaları ehtiva edir. Məsələn, anasından ayrılan dəvə balasını da ərəb dilində "asi" adlandırırlar. Bu onu göstərir ki, hər "müxalifət" istilahda günah deyil. Belə ki, nəsihət edənin sözünü dinləməyən bir adam onunla müxalifət etsə də günahkar hesab olunmur.
Tövbə də daha geniş məsələləri əhatə edir. Adəmin (ə) gördüyü iş haram olmasa da şəninə uyğun deyildi. Ona görə də peşman olub tövbə edir. 
Rəvayətdə deyilir: "Rəsulullah (s) günah etmədən hər gün Allaha tövbə edərdi".
Allahın dostları İlahi zikrdən ani bir qəfləti belə özləri üçün günah hesab edirlər. Bəzən cahil bir dəstə üçün adi qəbul olunan bir iş alim üçün səhv hesab olunur. Böyük və pak insanlar daha üstün bir işi tərk etdikdə elə ahu-zar edib yalvarırlar ki, sanki böyük bir günaha mürtəkib olublar. Bir arif üçün bu iş şəri cəhətdən günah olmasa da mərifət baxımından irfani bir günahdır.
Bundan əlavə, Adəmin (ə) yaşadığı aləm məsuliyyət aləmi deyildi. Yəni, onun üzərinə heç bir şəri vəzifə qoyulmamışdı ki, ona qarşı çıxmaqla günah etmiş olsun. Allahın ağaca toxunmamaq göstərişi də qadağan yox, nəsihət xarakteri daşıyırdı. Bu məsələ ayələrin zahirindən və ifadə üslubundan da aydın olur. Belə ki, Allah-təala Adəmə (ə) nəsihət edərək şeytanın aşkar bir düşmən olduğunu, onun vəsvəsələrinə uymamasını, ağaca toxunduğu təqdirdə hansı aqibətlə üzləşəcəyini şəfqətli bir dillə bəyan edir:

فَقُلْنَا يَا آدَمُ إِنَّ هَذَا عَدُوٌّ لَكَ وَلِزَوْجِكَ فَلا يُخْرِجَنَّكُمَا مِنَ الْجَنَّةِ فَتَشْقَى

Onda Biz buyurduq: "Ey Adəm, həqiqətən bu (İblis) sənin və zövcənin düşmənidir. Buna görə də məbada sizi bu Cənnətdən çıxarsın, nəticədə (yaşayışının idarə edilməsində) əzab-əziyyətə düşəsən" ("Ta-Ha" surəsi, ayə 117).

إِنَّ لَكَ أَلا تَجُوعَ فِيهَا وَلا تَعْرَى

"Və əlbəttə, burada sənin üçün bu (nemət) var ki, nə ac nə də çılpaq qalarsan" ("Ta-Ha" surəsi, ayə 118).

وَأَنَّكَ لا تَظْمَأُ فِيهَا وَلا تَضْحَى

"Həmçinin onda nə susuzlayarsan, nə də səni gün vurar!" ("Ta-Ha" surəsi, ayə 119)

Allahın göstərişinin nəsihət xarakterli olmasını şeytanın sözündən də başa düşmək olar. Belə ki, Allah ondan belə nəql edir:

وَقَاسَمَهُمَا إِنِّي لَكُمَا لَمِنَ النَّاصِحِينَ

"(Şeytan) o ikisinə and içdi ki, mən sizin üçün xeyirxah nəsihətçiyəm" ("Əraf" surəsi, ayə 21).

Buradan anlaşılır ki, şeytan Allahın kəlamından nəsihəti iqtibas edib öz sözünü həmin qəlibdə təqdim etmişdir. 

Şeytanın vəsvəsəsi nəticəsində ağaca toxunan Adəm (ə) mənəvi məqamına uyğun gəlməyən bu işdən peşman olub əvvəlki vəziyyətinə qayıtmaq, yəni tövbə etmək istəyir. Bunu həyata keçirmək üçün isə lazım olan vasitəni Allah onun öhdəsində qoyur:

فَتَلَقَّى آدَمُ مِنْ رَبِّهِ كَلِمَاتٍ فَتَابَ عَلَيْهِ إِنَّهُ هُوَ التَّوَّابُ الرَّحِيمُ

"(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır"("Bəqərə" surəsi, ayə 37).

Adəmə (ə) öyrədilən kəlmələrin mahiyyəti barədə hədislərdə bildirilir ki, o, Allahı İslam Peyğəmbərinin hörmətinə and verərək belə dedi: 

اسالك بحق محمد الا غفرت لي
"Muhəmmədin (s) hörmətinə səndən istəyirəm ki, məni bağışlayasan" (Dürrul-Mənsur, c.1, səh.85).

Bəzi hədislərdə verilən məlumata görə belə demişdir:

اللهم اني اسالك بحق محمد و ال محمد سبحانك لا اله الا انت عملت سوءا او ظلمت نفسي فتب علي انك انت التواب الرحيم...

"İlahi, Muhəmməd və onun ailəsinin hörmətinə səndən istəyirəm! Sən bütün nöqsan sifətlərdən paksan və Səndən başqa bir məbud yoxdur. Pis bir iş gördüm və ya nəfsimə zülm etdim. Məni bağışla. Həqiqətən, Sən tövbələri qəbul edən rəhimlisən!" (Dürrul-Mənsur, c.1, səh.60-61; Təfsirul-Burhan, c.1, səh.86, rəvayət 2)

İbn Nəccar ibn Abbasdan nəql edir ki, mən Rəsulullahdan, Adəmin (ə) Rəbbindən öyrəndiyi kəlmələr barəsində soruşdum. O buyurdu:

سا ل بحق محمد و علي و قاطمه و الحسن و الحسين الا تب علي فتاب عليه

"O, Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseyn hörmətinə istədi ki, mənim tövbəmi qəbul et, O da onun tövbəsini qəbul etdi" (Dürrul-Mənsur, Süyuti, c. 1, səh. 60-61; Təfsirul-Burhan, c.1, səh.86, rəvayət 2).

Adəmin övladları

Adəm (ə) yerə endikdən sonra Allah-təala ona Habil və Qabil adlı iki övlad bəxş etdi. Onlar arasındakı çəkişmə və nəticədə Qabilin Habili öldürməsi barədə "Maidə" 27-32 ayələrdə məlumat verilir. 27-ci ayəsində buyrulur:

وَاتْلُ عَلَيْهِمْ نَبَأَ ابْنَيْ آدَمَ بِالْحَقِّ إِذْ قَرَّبَا قُرْبَانًا فَتُقُبِّلَ مِنْ أَحَدِهِمَا وَلَمْ يُتَقَبَّلْ مِنَ الآخَرِ قَالَ لأقْتُلَنَّكَ قَالَ إِنَّمَا يَتَقَبَّلُ اللَّهُ مِنَ الْمُتَّقِينَ

Adəmin iki oğlunun (Habil ilə Qabilin) qurbanlıq zamanı olmuş əhvalatını həqiqi və düzgün şəkildə onlara oxu (Habil dəvə kəsdi, Qabil isə bir az buğda gətirdi). Beləliklə, birindən qəbul olundu və digərindən qəbul olunmadı. (Qabil) dedi: "Səni mütləq öldürəcəyəm". (Habil) dedi: "Həqiqətən, Allah yalnız təqvalılardan qəbul edir" ("Maidə" surəsi, ayə 27).

فَطَوَّعَتْ لَهُ نَفْسُهُ قَتْلَ أَخِيهِ فَقَتَلَهُ فَأَصْبَحَ مِنَ الْخَاسِرِينَ

"Beləliklə, (pis işlərə əmr edən) nəfsi onu qardaşını qətlə yetirməyə həvəsləndirdi və (bu işi ona) asan göstərdi. Beləliklə, onu öldürdü və ziyana uğrayanlardan oldu" ("Maidə" surəsi, ayə 30).

Burada bir sual meydana çıxır ki, qardaşlar arasındakı bu münaqişənin səbəbi nə idi?
Bu barədə bir çox ehtimallar mövcuddur. İmam Sadiqin (ə) bəzi hədislərində nəql olunur ki, Qabilin Habilə həsəd etməsi və nəticədə onu öldürməsinin səbəbi həzrət Adəmin (ə) Habili öz canişini təyin etməsi idi. Habilin qətlindən sonra Allah Adəmə (ə) Hibətullah adlı bir övlad bəxş etdi və Adəm (ə) onu məxfi surətdə öz canişini təyin edib tapşırdı ki, bu məsələni gizli saxlasın. Əks təqdirdə Qabil onu da öldürər (Bihardan iqtibas, c.2, səh.240).Adəmin (ə) övladlarının evlilik məsələsinə gəlincə isə bu barədə Quranda məlumat verilmir. Rəvayətlərə istinad edən məlumatlarda isə üç nəzəriyyə gözə çarpır: 
1. Adəm (ə) övladlarının bir-biri ilə evlənməsi. Bu cür evlilik yer üzündə onlardan başqa heç bir insan olmadığı üçün zəruri olmuşdur.
2. Allah Adəm (ə) övladlarının hər biri üçün mələklərdən yoldaş yaratdı və nəslin davamı bu evliliklə təmin olundu.
3. Adəmin (ə) övladları keçmiş bəşər nəslindən sağ qalanlarla evləndilər.
Bu barədə dəqiq tarixi məlumat əldə etmək qeyri-mümkün olduğu üçün qəti bir fikir söyləmək çətindir. Lakin üçüncü nəzəriyyə daha ağlabatandır.
Adəmin (ə) sərgüzəşti bütün bəşəriyyət üçün bir ibrətdir. Belə ki, onun yaşadığı təcrübə, keçdiyi imtahan yolu insanlığa düşməni tanıyıb, onunla necə mübarizə etməyi, İlahi dərgahdan uzaq düşdükdə isə tövbə yolu ilə əvvəlki məqama yüksəlməyin yollarını öyrədir və bəşərdə İlahi xilafətə ləyaqət ruhunu tərbiyə edir.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 489,    23  Dec  2016 ,
EbediNur

Website: www.ebedinur.info

Əbədi nur jurnalının elmi heyəti

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.

Dostların veb səhifələri

629708
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1954
3017
4971
488950
72675
116001
629708

sizin IP ünvanınız: 54.158.214.111
2017-11-20 05:33

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!