quran

Qari lar

Əbdulbasit Muhəmməd Əbdussaməd hicri qəməri 1349-cu ildə (1929) Misirin cənubunda dünyaya gəlmişdir. 10 yaşında Quranı hifz etmişdir. Quran aşiqi olub Allahdan istəyirdi ki, məşhur bir qari olsun. Quranı dinləmək üçün piyada olaraq uzun məsafələri qət edərdi. Çünki, o vaxtlar evlərdə radio yox idi. Radio yalnız qəhvəxanalarda olardı. O zamanlar iki nəfər - şeyx Rəf'ət və şeyx Şəşai məşhur idilər və yalnız onların qiraətləri radioda səslənirdi. Yaxşı olar ki, qarinin tərcümeyi-halının ardını öz sözləri ilə nəql edək:
Şeyx Rəf'ət həftədə iki dəfə oxuyardı - bazar ertəsi və cümə günləri. Biz şeyx Rəf'ətin səsinə qulaq asmaq üçün 3 kilometr yol qət edərdik. Digər qarilərin qiraətlərindən isifadə etmək üçün Quran gecələrində iştirak edərdik. Mən öz kəndimizin mədrəsələrində Quranı hifz etdim. O zamanlar hələ bizim kənd şəhərə çevrilməmişdi. Mən atama dedim ki, qiraət elmini öyrənmək və məşhur qari olmaq istəyirəm. Atam məni daha da təşviq etdi. O istəyirdi ki, məni Quran və qiraət elmlərinin tədrisi sahəsində məşhur olan Tantaya aparsın. Amma şimal bölgəsindən bir şeyx bizim kəndə gəldi, mən də, camaat da Quran elmlərini və qiraəti öyrənmək üçün onun yanına getməyə başladıq. Mən ondan yeddi qiraəti öyrəndim. O, davamlı olaraq məni təşviq edər və hiss edərdi ki, mənim marağım və yeddi qiraət növünü öyrənmək üçün bacarığım var. İstəyirdi on qiraətin hamısını mənə öyrətsin. Amma mən yeddi qiraətin hələlik kifayət olduğunu söylədim. O, məni öz övladı hesab edər və özü ilə Quran gecələrinə aparardı.
Mən 10 yaşımda Quranı hifz etmiş, 12 yaşımda yeddi qiraəti, 14 yaşımda isə on qiraəti, əlhəmdulilləh, öyrənmiş və təxminən bütün dünyaya səfər etmişəm. Biz Quranı əzbərləməklə yanaşı, kitablardan mənalarını da, bir sözlə onunla bağlı hər şeyi öyrənirdik. Çünki vəqf və digər məsələlərin münasib yerdə olması lazımdır. Elə olmamalıdır ki, Quran qiraətinin savabı, yersiz vəqfin nəticəsində günahla qarışmış olsun. Yəni, vəqf gərək mənanı çatdırsın.
Biz bütün vaxtımızı Qurana sərf etmişik. Bütün həyatımızı Quran təlimi və dini yığıncaqlara həsr etmişik...
1951-ci ildə ilk dəfə olaraq Qahirəyə getdim. 19 yaşım var idi. Quranı hifz etmişdim və Səid məntəqəsində məşhur idim. Qahirəni görmək üçün oraya getmişdim. Həzrət Peyğəmbərin (s) mövludu idi. Qahirədə bu münasibətlə bayram mərasimləri keçirilirdi. Bəziləri məni tanıyır və istəyirdilər ki, bir neçə mərasimdə Quran oxuyum. Mən dedim ki, burada qəribəm və mümkündür tanınmış qarilər arasında oxumağım məsləhətli olmasın. Alimlərdən biri gəlib dedi: "Yox, gəl. Sən yaxşı oxuyursan. Mən səni Səiddən tanıyıram. 10 dəqiqə oxu". Mən getdim ki, 10 dəqiqə oxuyum bir saat yarım çəkdi. Subhanəllah, Allah tərəfdən bir uğur oldu. Məscid camaatla dolu idi. Məndən davamlı olaraq daha çox oxumağımı istəyirdilər. Ertəsi gün yenə də məndən oxumağımı istədilər. Bəzi məsul şəxslər də gəlmişdilər. Əlbəttə ki, mən onları tanımırdım. Məni çağırıb haradan olduğumu soruşdular. Səid əhlindən olduğumu söylədim. Mənə radioda oxumağı təklif etdilər. Dedilər ki, "bir məntəqədə məşhur olmaq əvəzinə bütün dünyada məşhur olarsan". Mən əvvəlcə atamla məsləhətləşmək istədiyimi dedim. Dedilər ki, "lazım deyil. Allaha təvəkkül et və radioya gəl". Getdim. Çünki hiss edirdim ki, bu işdə mənim irəliləyişim var.
Mən hər ayda bir dəfə radioda oxuyurdum. Sübh namazını Həzrət Zeynəbin (s.ə) məqamında qıldıqdan sonra piyada olaraq Ələvi xiyabanında yerləşən radio mərkəzinə gedirdim. Səhər saat 5 və ya 6-dan 7-dək Quran oxuyub qayıdardım. 
1352-ci ildə (1974) həcc ziyarətinə getdim və ilk dəfə olaraq mənim Quran tilavətim orada kasetə yazıldı. Əlbəttə, mən digər qarilərdən də bəhrələnmişəm. Şeyx Mustafa İsmailin tilavətinə qulaq asmağa çox həvəs göstərərdim. Mərhum şeyx Şə'şai və şeyx Rəf'ətin də mənə böyük təsiri olmuşdur.
Quran ürəkdən oxunanda həm ürəyə yatır, həm də oxuyanın özünə təsir edir. Mənim Quran qiraətində xüsusi üslubum var və bu üslubu müəyyən bir şəxsdən öyrənməmişəm. Eşitmişəm ki, bu üslubun indi çoxlu təqlidçisi var. İstər Misirdə olsun, istər digər ölkələrdə, hətta Malaziya və İndoneziyada da. Mən şadam ki, üslubumu təqlid edirlər. Lakin eyni zamanda təqlidə təşviq edib dəstəkləmirəm. Çünki təqlidin ömrü qısadır. İnsan təqliddən tez yorulur və elə bir zaman gəlir ki, artıq təqlid edə bilmir. Təqlid müəyyən bir zaman üçün lazımdır. Lakin davamlı olmamalıdır. Bir kəsin qiraət işini davam etdirə bilməsi üçün öz üslubunu müəyyənləşdirməsi lazımdır.
Quran mənim hər bir şeyimdir. Gün ərzində bir, bir saat yarım Quran oxuyuram. Lakin fəcrdən (sübh azanından) əvvəl, bəlkə də, saat yarım tilavət edirəm. Allahın lütfü ilə adət etmişəm ki, fəcrdən bir saat əvvəl yuxudan oyanıb bacardığım qədər namaz qılıb, Quran oxuyum. İnsan gərək həmişə Quran oxusun. Əgər Quranı tərk etsə, Quran da onu tərk edər. Əgər insan həmişə Quran tilavət etməyə adət etsə, heç vaxt onu unutmaz. Elə bu səbəbə görə mən həmişə Quran oxuyuram.
Mənə nəsib olan bütün müvəffəqiyyət Qurani-məcidin ayələrinin hörmətinədir ki, səsimi xalqın nəzərində ürəyəyatımlı edib. Əslində bu, müsəlman olmayan xalqların İslama doğru yönəlməsinə səbəb olan İlahi kəlamın nüfuzudur.
Ömrünü Qurana həsr etmiş Əbdulbasit Muhəmməd Əbdussaməd özündən sonra İslam aləminə böyük bir irs qoyub getmişdir.

 

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.
2007 / 02 (003)

Dostların veb səhifələri

14211754
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2058
4145
9741
14046117
103567
173495
14211754

sizin IP ünvanınız: 34.204.181.19
2024-03-19 07:35

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!