Quran Coğrafiyası

Qırmızı dəniz və həzrəti Musanın (ə) möcüzəsi

Musanın (ə) möcüzəsi ilə dənizin yarilmasının sirləri

 

فَأَوْحَيْنَا إِلَى مُوسَى أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ 

 

“Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı və hər hissə böyük (uca) bir dağ kimi oldu”. ("Şüəra" surəsi, ayə- 63)

Musa və Bəni-İsrail qövmü qırmızı dənizin hansı nöqtəsindən keçmişdir?

Musa hansı təbii kömək vasitələrindən istifadə edib qövmünün xilası üçün dənizi iki hissəyə ayırmışdır?

Fransa təhqiqatçısı Karl Dooros Amerikanın milli təhqiqat mərkəzinə yazıb bildirmişdir: “Bəni-İsrail qövmünün mühacirəti əvvəlcə Misirdən Kənana doğru başlamışdır və daha sonra Musa ilə birlikdə qırmızı dənizin yarılmış hissəsindən yolu keçmələri haqqında çoxlu rəvayətlər mövcuddur. Lakin, zaman baxımından bu hadisələrin necə baş verməsi dəqiqliklə qeyd olunmasa da, dənizin iki hissəyə yarilma tarixi-elmi faktlarla sübuta yetmişdir ki, bunu inkar etmək olmaz”.

Müqəddəs kitabın mətnlərində qeyd olunur: “Bəni-İsrail qövmü dənizin sahilinə yaxınlaşanda Musa (ə) əlindəki əsanı suya tərəf uzatdı və həmin vaxt şərq tərəfdən güclü külək əsməyə başladı. Bundan sonra dənizin suları iki hissəyə bölündü və ortası quraqlıq bir torpağa çevrildi. Beləliklə, Bəni-İsrail qövmü həmin yerdən keçdi”.

Fransız təhqiqatçısı Karl Dooros Amerikanın təhqiqat mərkəzinə yazdığı məlumatlarda dənizin iki hissəyə yarıldığını isbat etsə də, İncilin mətnlərindən istifadə etdiyi üçün həmin məkanı dəqiqliklə tanıtdıra bilməmişdir. Çünki, İncilin mətnlərindən başqa bu mövzunun təfsirə də ehtiyyacı var. Amerika təhqiqatçılar mərkəzi bu hadisəni (dənizin yarılma nöqtəsini) dənizin məhz əyri hissəsi ilə əlaqələndirir. Onların fikrincə dənizdəki əyrilik onun mərkəzində müşahidə olunur və bu nöqtə Xəlic, Suveyş və ya Əqəbə körfəzi ilə birləşir. Bundan başqa onlar bu nəzərə əlavə olaraq qeyd etmişlər ki, bu məkanda güclü küləyin əsməsi nəticəsində dəniz sularında dəyişikliyin yaranması mümkündür və hətta iki hissəyə ayrılması mümkündür. Onlar bunu əsas dəlil hesab edirlər.

Fransa təhqiqtçılar mərkəzinin mühəqqiqi Karl Dooros deyir: “Bu nəzərləri əgər əsas dəlil kimi qəbul etsək, bir neçə yanlışlıqla rastlaşa bilərik. Onlardan ən sadəsi budur ki, Bəni-İsrail qövmü dənizin sahilinə pənah aparmışdır və həmin vaxt külək əsmirdi. Həmçinin, onları təqib edirdilər və çox az vaxt qalmışdır. Bu müddət ərzində küləyin əsməsini və dəniz sularının yarılmasını əsas götürsək, gərək ki, həmin an su geriyə qayıdıb Bəni-İsrail qövmünü qərq etmiş olaydı, çünki, təbiətin qanununa və təbiətşünasların nəzərlərinə görə küləyin bu növü həmin məkanın iqliminə əsasən sularda ani olaraq yarıq əmələ gətirir və tez bir zamanda sular yenidən birləşir”.

 

Hal-hazırda dənizdəki deltalar həmin hadisənin törəməsidirmi?

Amerika təhqiqtçıları öz elmi araşdırmalarının davamı olaraq belə nəticəyə gəlmişlər ki, ehtimal olunur, həmin nöqtə “Talkedovo” adı ilə tanınır və şərq tərəfdən Delta və Nil çaylarının yaxınlığında, şimal tərəfdən isə Suveyş kanalının sahillərində və Əqəbə körfəzinin yaxınlığında qərar tutur. Delta çayların mənsəblərində gətirilmə çöküntülərdən əmələ gəlmiş geniş düzənliklər olduğu üçün onu bu dənizə aid ediblər. Çayın yatağı deltada bir çox qollara ayrılır. Deltaların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri (qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir. Sonra çöküntülərin qalığı artdıqca körfəzin içərilərinə yerləşmiş deltanın özü və dənizə irəliləmiş deltalar meydana gəlir. Deltaların əmələ gəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür və deltaların böyüməsinə səbəb olur. Delltalar arasıkəsilmədən böyüyür. Nil çayının da yuduğu sahə delta adlanır. Beləliklə, qırmızı dənizdə yaranan yarıq nəticəsində sonradan əmələ gəlmiş deltaları məhz həmin hadisə ilə əlaqələndirmişlər. Hətta, belə bir fərziyyəni irəli çəkib demişlər ki, qədim zamanlarda Nil çayının qollarından biri qurumuş və kiçik bir gölməçənin sahilinə “U”- ingilis hərfi formasında birləşmişdir və bu nöqtə də həmin yerdir.

 

Musanın (ə) möcüzəsini təkcə elmlə isbat etmək mümkündürmü?

İlahi peyğəmbərlərə gələn möcüzələr hər nə qədər elmi yolla sübuta yetsə, yenə də açılmayan sirləri vardır və Allahla peyğəmbər arasında olan bir sirdir. Alimlər yalnız bir qismini açıqlayıblar. Heç şübhəsiz ilahi peyğəmbərlərə gələn möcüzənin bənzəri yoxdur, əgər belə olsaydı, insanlar peyğəmbərləri inkar edərdilər. Musanın (ə) əsası buna bariz nümunədir. Beləki, Musanın (ə) zamanında cadugərlik geniş yayılmışdır və bu səbəbdən peyğəmbərə iman gətirmirdilər, çünki Musanı (ə) da cadugər kimi tanıyırdılar. Elə ki, cadugərlərin etdiyi tilsimlərin qarşısında Allah Təala Musanın (ə) möcüzəsinin onlardan güclü olduğunu göstərdi, həmin an onlar aciz oldular. Həqiqətən, ilahi peyğəmbərləri və onların möcüzələrini digər mövcudatlarla müqaisə etmək və yaxud da hansısa elm vasitəsilə sübut edib möcüzədən uzaqlaşdırmaq məntiqə sığmır. Belə bəhslərdə ilk öncə elm yolu ilə insan mətləbi sübuta yetirir və daha sonra onun möcüzə ilə əlaqəsini tapmağa çalışır. Əslində elm ilə möcüzə bir-birinə yaxındır və həm elmi yolla, həm də möcüzə kimi hər ikisini qəbul etmək olar, lakin, bir elm ki, mətləbin əslini aradan aparmaq üçün istifadə olunur, həmin araşdırmanın digər məqsədlər üçün istifadə edilməsi aydın olur. Bu hadisə çox böyük tarixi bir faktdır və "Qurani-Kərim"də aydın bəyan olunub. Uzun illər bu hadisə bir çox alimlərin, təhqiqatçıların maraq nöqtəsinə çevrilib. Bunu da yaxşı bilməliyik ki, həmin hadisəyə bənzər təbii hadisələr nə qədər sübuta yetsə də o hadisələrin baş verməsinə əsaslı səbəb olmayıb, sadəcə, okeanlarda mümkün olan təbii hadisələrdir və müəyyən bir zamanda hər biri öz növbəsində baş verir. Lakin, Musa (ə) iztirab içində olduğu zaman Allahdan ona nida gəldi və Musa (ə) da həmçinin Rəbbindən kömək istəmişdir. Deməli, Allah-Təala möcüzəni Musa (ə) üçün bərqərar etdi və digər fərqli cəhətlərini də ayrıntılarıyla diqqətinizə çatdırırıq:

"Fransız təhqiqatçıları öz əlyazmalarında Amerika təhqiqatçılarının məlumatlarını coğrafiya elmi və yerin cazibə qüvvəsi və s. təbiət elmləri ilə bağlı olduğunu inkar etmirlər, çünki onlar, 3000 il əvvəl orada bir gölməçənin mövcud olduğunu və sonradan böyük bir dənizə çevrildiyini demişlər, hansı ki, hal-hazırda o dəniz qırmızı dənizdir və onun suları daha da çoxalmışdır. Lakin, bu hadisənin nəticəsini sırf həmin elmlərə aid etmək olmaz."

Aparılan araşdırmalardan belə nəticə əldə olunur ki, əgər külək 12 saat müddətində 100 km sürətlə əsərsə, suyun həcmini təqribən 2m dərinlikdən bir-birindən ayırması mümkündür. Habelə, buna əsasən suyun ayrılmış hissəsi quraqlığın təqribən 5 km-ni əhatə edə bilər. Bu məsafənin 5-3 kilometr uzunluqdan çox olması mümkün deyil və belə halda suyun yenidən birləşməsi dörd saatdan az ola bilməz. Dəlillərdən anlaşılır ki, elmi məlumatlarda qeyd olunan vaxt ölçüsü ilə həmin hadisə sübuta yetmir. Çünki, rəvayətlərdə qeyd olunur ki, həzrəti Musa (ə) əlini suya uzadan kimi külək qalxdı və çox keçməmiş dəniz iki hissəyə ayrıldı. Daha sonra Musanın (ə) qövmü vaxt itirmədən həmin quru yerdən keçdilər. Bundan başqa coğrafi qanuna görə suyun yarılmış hissəsi ən çox 5 km-i əhatə edir və bu məsafə Bəni-İsrail qövmünün yalnız bir hissəsini təşkil edə bilər. Halbuki, onların sayı daha çox idi. Əgər 12 saatı küləyə və 4 saatı suların birləşməsinə nisbət verməklə dəlil gətirsək, Musanın (ə) möcüzəsinin heç bir elmlə üst-üstə düşmədiyinin şahidi olarıq. Çünki, ağıl və məntiq bunu isbat edir ki, Fironun əzəmətli qoşununun müqabilində, hətta Bəni-İsrail qövmünü təqib edən bir halda bu hadisənin müddətinin uzun çəkməsi ağla sığmazdır. Digər bir tərəfdən də qeyd olunan təbiət qanuna əsasən küləyin bu növündə birləşmə hər tərəfdən eyni zamanda baş verir, lakin, Musanın (ə) qövmü dənizin yarıq hissəsinə daxil olarkən Fironun qoşununun bir hissəsi artıq onlara yaxınlaşmışdır və dəniz qoşununun qarşısını tədricən almağa başladı, Musanın (ə) qövmü irəlilədikcə sular bir-birnə birləşdi. Fironun qoşunu isə arxa tərəfdə sulara qərq oldu.

Bura qədər qeyd olunan təhqiqi məlumatların nəticəsi “Ümumi elmlər kitabxanası”- ndan iqtibas olunmuşdur. Bəni-İsrail qövmünün 3000 il bundan əvvəl mühacirət etməsi həmin hadisə ilə uyğun gəlir və bütün mənbələrdə məşhurdur və bu barədə nəql olunan rəvayətlər qəbul olunur.

Müqəddəs kitablarda dənizin yarılması Musanın (ə) möcüzəsi kimi qeyd olunmuşdur və Bəni-İsrailin məskunlaşdığı məkan qırmızı dənizin yaxınlığında idi.

Buna bənzər digər məlumatlar da mövcuddur və əsasən qeyd etmişlər ki, şərqdən əsən güclü külək dənizi iki hissəyə ayırmış və Musanın (ə) qövmü həmin yerdən yolu keçmişdir. Həmçinin, küləyin bu növü suları iki hissəyə ayırmaqdan başqa ləpələri əks istiqamətə yönləndirir. Bununla belə sübut etmək istəyiblər ki, bu təbiətdəki qanundur. Doğrudur, məsələni bura qədər elm yolu ilə isbat ediblər, lakin, suyun yenidən birləşmə prossesini tam elmi yolla sübut edə bilməyiblər. Çünki, onların elmi nəzəriyyələrində bu hadisədən sonra (sular bir-birindən ayrıldıqdan sonra) suların yenidən birləşməsi qısa bir vaxtda baş verir ki, bu da Musanın (ə) qövmünün əmin-amanlıqla dənizi keçməsi ilə uyğun gəlmir.

Küləklə sübuta yetən bu hadisə iki cəhətdən uyğunlaşmır.

1) Dənizin yarılmış hissəsində sonradan sağ tərəfdə yaranan qədim körfəz mövcud deyil və əyriliyin onunla əlaqəsi yoxdur.

2) Sahilin yaxınlığındakı bataqlıqlar və onların fikrincə Aralıq dənizi də bir ehtimal kimi həmin hadisənin nəticəsi ola bilər.

 

Hər iki fərziyyə özünü doğrultmur. Çünki, aparılan araşdırmalardan məlum olur ki, bataqlıqlar sol tərəfdə yaranmış və sağ tərəfdə isə qədim bir çay mövcud olub. Məhz həmin yerdən külək əsməyə başlamış və sanki, bir körpü şəklində keçid əmələ gətirmişdir. Müasir tədqiqatçı və fizika alimi Fraynd küləyin gücünü və hərəkətini müqəddəs kitabların mətləbləri ilə şərh etmişdir. Habelə, yüzlərlə alim üç min il dəqiq araşdırma apardıqdan sonra bu hadisəni ilahi möcüzə kimi qəbul etmiş və bu bəhsdə fikir birliyinə əsasən qərar vermişlər. Son əsrin alimləri və təhqiqatçıları məkanlar üzrə apardıqları araşdırmaların nəticəsini müqəddəs kitablardan təbir edib bildirmişlər ki, suyun dərinliyinin mərkəz nöqtəsində yaranan axıntılar ehtimalən Nil çayının deltalarından ola bilər. Lakin, Karl Dooros suların hərəkəti qanunundan istifadə edərək bu hadisəni təbiətlə əlaqələndirmiş və o demişdir ki, həmin külək fiziki dinamika qanununa uyğundur və suyun hərəkəti haqqında şərh vermişdir. Bəni-İsrailin oradan keçmə zamanını isə öncədən hesablanmış və tənzimlənmiş bir hadisə kimi qələmə almışdır. Onun bu böyük nəzəriyyəsi okeanlarda baş verən tufan, qasırğa və sunami kimi təbii fəlakətlərin suyun güclü hərəkəti nəticəsində sualtı meyllərin əmələ gətirməsi ilə uyğundur. Amma, bu hadisələrdən sonra suların birləşməsi ani olaraq baş verir və biz bu nəzəriyyəni mötəbər mənbə kimi qəbul edə bilmərik. Bundan başqa qədim təhqiqatçıların, okeanşünasların və Misir tarixçilərinin bir sıra kitablarında bu mətləb aydın şəkildə öz əksini tapır və onlar yəqinliklə bildirmişlər ki, qısa bir müddətdə suların birləşməsi nəticəsində Bəni-İsrail qövmü dənizdə qərq ola bilərdi.

Həzrət Musa (ə) və Bəni-İsrailin qırmızı dənizdən keçməsi

Musa peyğəmbər və ona tabe olanların Misiri tərk etdikdən sonra getdikləri yol və Qırmızı dənizi necə və haradan keçdikləri tarix boyu insanların marağına səbəb olub. Bununla bağlı çox sayda elmi tədqiqatlar aparılıb. Dənizin yarılması möcüzəsi günümüzdə elmi şəkildə artıq açıqlanıb. Quranda həyatı haqqında ən çox məlumat verilən peyğəmbərlərdən biri Musadır. Mütəal Allah müxtəlif ayələrdə Musanın anadan olmasından peyğəmbərliyi dövründə yaşadığı bütün mübarizə ilə dolu həyatı barəsində ətraflı şəkildə bəhs edir.

Tarixi mənbələrə görə, Musanın ən çox mübarizə apardığı adam, əlbəttə ki, Firon olmuşdur (tarixçilər Musa peyğəmbərin dövründə yaşayan fironun zalımlığı ilə məşhur olan 2-ci Ramses olduğunu qeyd edirlər). Fironun xalqına və ölkəsində yaşayan başqa millətlərə verdiyi zülm Musa peyğəmbər anadan olmamışdan əvvəl başlamışdı və bu barədə tarixdə çoxlu məlumatlar qeyd olunmuşdur. Musaya peyğəmbərlik vəzifəsi veriləndən sonra İsrail oğulları ilə birlikdə Misiri tərk etməsi, Qırmızı dənizin möcüzəli şəkildə yarılması və sonra baş verən hadisələr Quranda ətraflı qeyd edilən hekayətlərdən biridir.

Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu. Şüəra-63 Zülm və ədalətsizliyə məruz qalan Musa peyğəmbərin həyatının hər dövründə çoxlu möcüzələr olub.

(Sonra) Musaya belə vəhy etdik:

وَأَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي إِنَّكُمْ مُتَّبَعُونَ

"Qullarımla birlikdə (Misiri tərk edib) gecə yola çıx. Siz, şübhəsiz ki, (Fir’onun ordusu tərəfindən) tə’qib ediləcəksiniz!" . ("Şüəra" surəsi, ayə-52)

Bunlardan ən məşhuru "əsa ilə dənizi yarması" möcüzəsidir. Bütün alimlərin və tarixçilərin kitablarında, o cümlədən, Amerika milli təhqiqat mərkəzində bu hadisə haqqında müqəddimədə onun qısa tarixi belə qeyd olunur: “Müqəddəs kitabda bəyan olunmuşdur ki, həzrəti Musa (ə) qövmü ilə gecə vaxtı Qırmızı dənizin yaxınlığında cəm olmuşdurlar və arxada düşmən ordusunun atlı arabaları onları təqib edirdi. Artıq gedəcək yolları qalmamışdı, çünki, Fironun qoşunu hər tərəfdən yolları bağlamışdır. Bir yol qalmışdı, o da qarşıda nəhəng dəniz. İlahi möcüzə nəticəsində şərqdən güclü külək əsməyə başladı və sular yarıldı. Sanki, ayrılmış hissədə torpaqdan körpü salındı və Musa (ə) qövmü ilə birlikdə o yoldan keçdi. Sübh vaxtı Firon bundan xəbərdar oldu və qoşununu ora yolladı. Lakin, onlar suyu keçmək istəyəndə sular yenidən birləşdi və qoşun məhv oldu”.

Təbii ki, bu böyük ilahi möcüzəni heç bir bəşər övladı inkar edə bilməz. Lakin buna bənzər tarixi əlyazmaları müşahidə etdikcə bir sıra alimlərin bu hadisəni dolayısı yolla sırf elmi qanuna aid etdiklərinin şahidi oluruq. Yuxarıda qeyd olunan tarixi

hadisədən belə nəticə almaq olar ki, Musa (ə) qövmü ilə gecə vaxtı dənizdən keçdi və Firon bundan səhər xəbər tutdu. Hər halda tarix çox qədim olduğu üçün vaxt dəqiqliklə qeyd olunmayıb. Doğrudur, Musa qövmü ilə birlikdə gecə vaxtı yola çıxmışdı, amma dənizə yaxınlaşmaları sübh vaxtına təsadüf edir. Çünki, Misirdən qırmızı dənizə qədər olan məsafə az deyildi. Lakin, bu mətləbdə iki nöqtədə şübhə nəzərə çarpır:

1- Qurani-Kərim, ağıl və məntiqlə bunu demək olar ki, Musanı (ə) gecə-gündüz, addım-addım təqib edən fironçuların vaxt itirmələri mümkün deyil və Bəni-İsraili qövmünün bütün yollarını bağlamışdılar. Onların dənizi keçə biləcəkələrini düşünmürdülər və qısa bir vaxtda onları mühasirəyə alacaqlarını güman edirdilər.

2- İlahi möcüzə sayəsində güclü küləyin əsməsi qeyd olunub, amma, Musanın (ə) vasitəsilə olduğunu yazmayıblar. Halbuki, Musa (ə) əlini dənizə tərəf uzatdıqdan sonra güclü külək əsməyə başlamışdır.

Bir sıra alimlər çoxlu səy göstərib bu hadisəni ilahi möcüzə kimi qələmə almışlar. Bəziləri isə təbiət qanunları və fiziki hadisələri daha çox tanıtdırmışlar ki, zehnlərdə sırf elmi hadisə kimi həkk olsun. Bəziləri sunamiyə aid etmiş və dəniz sularının əks istiqamətini elmi yolla izah etmişlər. Zamanla bir çox araşdırmalar aparılmış və hətta bəzi mənbələrdə bu həqiqətə üstüörtülü işarə olunmuşdur. Qeyd olunmuşdur ki, hansısa təşkilat tərəfindən bu məsələni ört-basdır etmək məqsədilə dənizdə araşdırma aparılmış, möcüzədən qalan izləri silmək üçün həmin qabarıq yeri hamarlaşdırmışlar. Beləliklə, bu həqiqəti elmi yolla tam sübut etmək və yaxud da onun əksini demək qeyri-mümkündür.

Musa peyğəmbərin İsrail oğulları ilə Qırmızı dənizi keçərkən yaşadıqları möcüzəli hadisə tədqiqatçıların marağına səbəb olub. Qeyd edək ki, aparılan arxeoloji tədqiqatlar nəticəsində İsrail oğullarının Misirdən çıxışından Qırmızı dənizə qədər getdikləri yolla yanaşı, Fironla Musa peyğəmbərin qarşılaşdıqları yer də müəyyən edilib. Bu elmi tapıntılar Quranın Allahın sözü olduğunu göstərən dəlillərdən ancaq biridir.

Elm bu möcüzəni təsdiq edir

Elmi araşdırmalar nəticəsində Musa peyğəmbərin Qırmızı dənizi keçdiyi yer kimi bilinən bölgə coğrafi yöndən dağlarla əhatəli bir yer idi. Ayədə də qeyd edildiyi kimi gediləcək yeganə yol qarşılarındakı Qırmızı dəniz idi. Arxadan da Firon və əsgərləri gəlirdi.

Quranda xəbər verildiyi kimi Allah Musa peyğəmbərə əsasını dənizə vurmasını əmr etdi. Musa peyğəmbər dərhal əmri yerinə yetirdi. Dəniz Musa peyğəmbərlə yanındakı İsrail oğullarının qarşı tərəfə keçə biləcəkləri şəkildə yarıldı.

 

وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتَوْا عَلَى قَوْمٍ يَعْكُفُونَ عَلَى أَصْنَامٍ لَهُمْ قَالُوا يَا مُوسَى اجْعَلْ لَنَا إِلَهًا كَمَا لَهُمْ آلِهَةٌ قَالَ إِنَّكُمْ قَوْمٌ تَجْهَلُونَ 

“Biz İsrail oğullarını dənizdən keçirtdik...”("Əraf" surəsi, ayə-138)

Lakin eyni yolla sahilə keçməyə çalışan Firon və əsgərləri dənizin bağlanması ilə boğularaq həlak oldular.

ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ 

“O biriləri (Fir’on tayfasını) isə suya qərq etdik”. ("Şüəra" surəsi, ayə - 66)

Bu məlumatların araşdırılmasında səy göstərən elm adamları çox sayda tədqiqat və incələmədən sonra dənizin iki yerə ayrılması faktı ilə bağlı maraqlı nəticələr əldə etdilər və araşdırmaların nəticələri Quranda bəhs edilən hadisə ilə eynidir.

Alimlərin nəzərləri

İki rus riyaziyyatçısı Naum Volzinger və Aleksey Androsov bu araşdırmada Musa peyğəmbərin Qırmızı dənizi "iki yerə" bölərək İsrail oğullarını xilas etməsinin mümkün olduğunu sübut etdilər. Bunun üçün sadəcə saniyədə 30 metr sürətlə hərəkət edən küləyə ehtiyac var idi...

Rus riyaziyyatçıları bu möcüzənin ehtimal hesabı üzərində dayanan elm adamlarının əksinə möcüzənin baş verə bilmə şərtlərini tədqiq etdilər. Bu tədqiqatlar isə onları həmin möcüzəni təsdiq edən nəticələrə aparıb çıxardı. Bu iki elm adamının Rusiya Elmlər Akademiyasının bülletenində dərc edilən araşdırmasına geniş yer ayıran "Moskow Times" qəzetinin xəbərində Volzingerin bildirdiyinə görə, altı ay davam edən tədqiqatın başlanğıcını Qırmızı dənizdəki nəhəng qayalıq təşkil etmişdi. Bundan sonra hər iki elm adamı qayalığın su səviyyəsi üzərində qalmasını təmin edərək fırtınanın şiddəti və küləyin sürətini müəyyən etməyə çalışdı. Qeyd olunur ki, qabarıq hissədə dənizin dərinliyi 30 metrdir, adi vəziyyətdə isə 1300 metrdir (bu dəqiq məlumat deyil, yalnız fərziyyədir) Sürəti saniyədə 30 metrə çatan küləyin nəticəsində dəniz suları çəkərək qayalığı su səviyyəsinin üstünə çıxara bilər.

Tarixdə qeyd olunan hadisədə İsrail oğullarının 7 km uzunluqdakı qayalarla dörd saat ərzində qarşı sahilə çata biləcəyi nəticəsinə gəldiklərini qeyd edən Voldingerin, Musa peyğəmbərin və tayfasının dənizi keçməsindən yarım saat sonra qayaların təkrar suların altında qaldığını və onları təqib edən Firon və əsgərlərinin boğulmuş ola biləcəyini bildirməsi möcüzənin elmi tərəfini də açıqlayır.

Unutmamalıyıq ki, bu təbiət hadisəsinin həmişə baş verməsi ehtimalı mümkündür. Allahın istəyi ilə küləyin sürəti, yeri və zamanı kimi şərtlər həyata keçəndə bu möcüzə yenə ola bilər. Ancaq məsələnin əsil möcüzəli tərəfi bu hadisələrin Musa ilə İsrail oğullarının belə bir hadisəyə ehtiyacları olduğu bir vaxtda ortaya çıxmasıdır. Hadisə elmi faktlarla izah olunsa da Musa ilə əlaqəsinə təsadüf kimi yanaşmaq mümkün deyil və yuxarıda qeyd olunan məlumatlar da bu möcüzəni təsdiqləyir.

Quran ayələrinə müsəlman alimlərinin elmi nəzərləri

 

فَانْتَقَمْنَا مِنْهُمْ فَأَغْرَقْنَاهُمْ فِي الْيَمِّ بِأَنَّهُمْ كَذَّبُوا بِآيَاتِنَا وَكَانُوا عَنْهَا غَافِلِينَ

“Biz də ayələrimizi yalan hesab edib onlardan qafil olduqları (onlara e’tinasız yanaşdıqları) üçün (Fir’on əhlindən) intiqam alaraq onları dənizdə batırdıq”. "Əraf" surəsi, ayə -136)

الْيَمِّ - sözü ərəb dilində dəniz mənasını bildirir və həmin qırmızı dənizə işarə olunur. Ayədəki digər sözlərin mənası aydın olduğu üçün əlavə şərhə ehtiyac yoxdur.

 

فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ آيَاتٍ مُفَصَّلَاتٍ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا مُجْرِمِينَ

“Biz ayrı-ayrı möcüzələr üzrə onlara tufan, (əkinlərinə) çəyirtkə və həşərat, (evlərinə və yeməklərinə) qurbağa və (çeşmələrinə və kəhrizlərinə) qan göndərdik. Onlar yenə də (iman gətirməyi) özlərinə sığışdırmayıb kafir bir tayfa oldular”. ("Əraf" surəsi, ayə -133)

 

Rağib İsfahaninin fikrincə, insanı əhatə edən istənilən şeyə طُّوفَانَ (tufan) deyilir. Lakin, əsasən “çoxlu su” mənasında işlədilir. “Məcməul-bəyan” təfsirində deyilir ki, طُّوفَانَ (tufan) sözü “yeri əhatə edən sel” mənasını bildirir. Onun kökü “təvaf etmək, dövrə vurmaq” mənasını ifadə edən “طوف” sözüdür. Bu möcüzə ilə yanaşı digər möcüzələrdən də söhbət açılır. “مُفَصَّلَاتٍ” sözü bir-birinə bağlı olan şeyin hissələrini müxtəlif hissələrə ayırmaq mənasını bildirir. Bu ayədən belə məlum olur ki, Firon qövmünə göndərilmiş nişanələr bir dəfəyə deyil, ayrı-ayrı vaxtlarda göndərilib. Bu da hər birinin öz münasib vaxtında nazil olduğu bu nişanələrin Allah tərəfindən olduğuna bir sübutdur. Əgər hamısı birdən nazil olsaydı, camaat onun bir təsadüf olduğunu və Musa ilə heç bir əlaqəsi olmadığını düşünə bilərdi.

 

فَأَوْحَيْنَا إِلَى مُوسَى أَنِ اضْرِبْ بِعَصَاكَ الْبَحْرَ فَانْفَلَقَ فَكَانَ كُلُّ فِرْقٍ كَالطَّوْدِ الْعَظِيمِ 

“Onda Musaya belə vəhy etdik: "Əsanla dənizə vur!" (Musa əsasını dənizə vuran kimi) o dərhal yarıldı (İsrail oğullarının soyuna müvafiq olaraq on iki hisəyə bölündü) və hər hissə böyük (uca) bir dağ kimi oldu”.("Şüəra" surəsi, ayə- 63)

(Ayədə olan فَانْفَلَقَ - kəlməsindəki “ ف” (fə) hərfi “fai-nəticə”dir. “ انْفَلَقَ ” felin kökü “فَلَقَ” “fələqə” dir və infial babındadır (mütaviə mənasını verir). İnfial babının mütaviə mənasındadır, yəni, onu dərhal qəbul etmək. “ فَانْفَلَقَ” – yəni, dərhal onu (yarılmanı) qəbul etdi və böyük bir dağa çevrildi. İnfial babının mutaviə mənası hər

hansı bir feli dərhal qəbul etməyə şamil olur. Məsələn, ərəblər deyirlər; “کَسَرتُ الکُوزَ فَانکَسَرَ” (kəsərtul-kuzə, fənkəsəra...) “kuzəni sındırdım, dərhal sındı, yəni, sınmağı dərhal qəbul etdi. Dərhal mənası infial babının mutaviə mənasıdır. Dənizə gəlincə, yəni, dərhal ayrılmağı və dağ kimi olmağı qəbul etdi. Ayədən məlum olur ki, Musanın əsanı dənizə tərəf uzatması ilə suların yarılması arasında fasilə olmayıb və tez bir zamanda baş vermişdir ki, belə bir hadisə hələ təbiətdə öz-özlüyündə olmayıb.

 

فَأَرَادَ أَنْ يَسْتَفِزَّهُمْ مِنَ الْأَرْضِ فَأَغْرَقْنَاهُ وَمَنْ مَعَهُ جَمِيعًا

 (Fir’on) onları (Misir) torpağından qovub çıxartmaq istədi. Biz isə onu (Fir’onu) və onunla birlikdə olanların hamısını (suya) qərq etdik.("Isra" surəsi, ayə -103).

 

وَجَاوَزْنَا بِبَنِي إِسْرَائِيلَ الْبَحْرَ فَأَتْبَعَهُمْ فِرْعَوْنُ وَجُنُودُهُ بَغْيًا وَعَدْوًا حَتَّى إِذَا أَدْرَكَهُ الْغَرَقُ قَالَ آمَنْتُ أَنَّهُ لَا إِلَهَ إِلَّا الَّذِي آمَنَتْ بِهِ بَنُو إِسْرَائِيلَ وَأَنَا مِنَ الْمُسْلِمِينَ

 İsrail oğullarını dənizdən (sağ-salamat) keçirtdik. Fir’on və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. (Fir’on) batacağı anda: "İsrail oğullarının inandıqlarılarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq (Ona) təslim olanlardanam!" - dedi.("Yunus" surəsi, ayə -90)

 

وَأَزْلَفْنَا ثَمَّ الْآخَرِينَ 

وَأَنْجَيْنَا مُوسَى وَمَنْ مَعَهُ أَجْمَعِينَ 

ثُمَّ أَغْرَقْنَا الْآخَرِينَ 

O biriləri (Fir’on əhlini) də ora yaxınlaşdırdıq (dəniz sahilinə topladıq).

Musa və onunla birlikdə olanların hamısını xilas etdik.

O biriləri (Fir’on tayfasını) isə suya qərq etdik. ("Şüəra" surəsi, ayə 64,65,66)

 

فَأَخَذْنَاهُ وَجُنُودَهُ فَنَبَذْنَاهُمْ فِي الْيَمِّ وَهُوَ مُلِيمٌ

Nəhayət, onu və əsgərlərini tutub dənizə atdıq. O, məzəmmətə layiq bir iş görmüşdü (allahlıq iddiasına düşmüşdü).("Zariat" surəsi, ayə - 40).

Mənbələr

"Quranda coğrafi məkanlar",

"Tahoor"- elmi-araşdırma saytı,

Hazırladı: Sara Zahidqızı.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 8255, 

Dostların veb səhifələri

14266819
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5223
3903
25793
14090902
158632
173495
14266819

sizin IP ünvanınız: 35.175.172.94
2024-03-28 16:27

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!