Print this page

Quran Elmləri

Quranın ərəb dilində olması

 
(1 Vote)

Quranın ərəb dilində olması

Bildiyimiz kimi Quran ərəb dilindədir. Bu mövzu Qurani-kərimin təxminən 50 ayəsində öz əksini tapmışdır:

“Ərəbcə olan Quran” – kəlməsi 7 yerdə;

“Ərəb dilində” – kəlməsi 42 yerdə;

“Ərəbcə hökm” – kəlməsi isə bir dəfə gəlmişdir ki, hamısının mənası Quran ərəbcə nazil olduğunu bəyan edir.

Quran ərəbcə nazil olması mövzusuna keçməmişdən öncə bir nöqtəni nəzərinizə çatdırmaq istərdik. Qövmünün hidayət üçün göndərilən hər bir ilahi səfir, o qövmün dilində danışa bilmişdir. Hər bir peyğəmbərin öz qövmü ilə eyni dildə danışa bilməsi Allahın dəyişməz qanunlarından olmuşdur.

Bu qanun səmavi kitabların nazil olmasından həmişə əsas bir qanun olaraq qalmışdır:

… وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلا بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ

“Biz hər bir peyğəmbəri yalnız öz qövmünün dilində göndərdik ki, onlara (həqiqətləri) bəyan etsin” (“İbrahim” surəsi, ayə 4).

Odur ki, Quran ərəb dilində nazil olması Peyğəmbər (s) və onun qövmü ərəb olduğuna görə, təbii bir iş idi.

Dilçilərin əqidəsinə əsasən ərəb dili dünya dilləri arasında qrammatik cəhətdən ən kamil və zəngin bir dildir. Misal üçün, ərəb dilində altı şəxs əvəzində on dörd şəxs mövcuddur. Bütün isimlərin kişi və qadın cinsləri var, sifətlər, şəxslər, fellər də cinslərə əsasən hallana bilirlər. Bir kökdən alınan sözlərin firavanlığı, fəsahət və bəlağəti bu dili başqa dillərdən ayırmışdır.

Ərəb dili barəsində nəql olunan rəvayətdə belə deyilir:

يبين الالسن ولا تبينه السن

“Ərəb dili başqa dillərdəki anlamları ifadə edə bilir, lakin başqa dillər (əksər hallarda) ərəb dilindəki anlamı ifadə edə bilmir” (Üsuli Kafi, c.2, səh.637).

Şübhəsiz, Allah-təala Özünün əbədi olaraq həmişə qalacaq asimani kitabı üçün ən yaxşı dili seçir, bütün şübhələri dəf etmək üçün onu Özünə aid edir və hər yerdə onu “aydın ərəb dili” kimi qeyd edir:

إِنَّا أَنْزَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

Həqiqətən, biz onu ərəbcə bir Quran (oxunan və ərəb dilində olan kəlmələr) şəklində nazil etdik ki, bəlkə, (onun uca maarifi barəsində) düşünəsiniz və dərk edəsiniz (“Yusif” surəsi, ayə 2).

Allah Quran ərəbcə olmasının səbəbini ilk dəfə Məryəm surəsində açıqlayır:

فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنْذِرَ بِهِ قَوْمًا لُدًّا

Bunu (Quranı, yuxarı aləmdə tənzimləməklə) sənin dilində yalnız ona görə asanlaşdırdıq ki, onun vasitəsilə təqvalılara müjdə verəsən və inadkar düşmənləri qorxudasan (“Məryəm” surəsi, ayə 97)

Burada “asanlaşdırmaq” Quran əvvəlki vəziyyətindən xəbər verir. Belə ki, “Zuxruf” surəsinin 3-4-cü ayələrdə xəbər verildiyi kimi, Quran “Lövhi-Məhfuz”da olduğu zaman bəşər övladı üçün oxunmaz və başa düşülməz olaraq saxlanılmışdır:

إِنَّا جَعَلْنَاهُ قُرْآنًا عَرَبِيًّا لَعَلَّكُمْ تَعْقِلُونَ

“Biz bu kitabı, (bu kitabın təqdim edildiyi ilk ümmət olan) siz (onun həqiqətləri barəsində) düşünəsizniz deyə ərəbcə olan bir Quran etdik”.

وَإِنَّهُ فِي أُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيم

“Həqiqətən bu (Quran) Bizim yanımızda ana kitabda (Lövhi-Məhfuzda) uca məqam və möhkəm quruluş, dəqiq məzmun və mətin bəyan sahibidir”.

Allah Quranı ərəbcə nazil etməklə onun əsl mənasını bəşərin zehrinə yaxınlaşdırmışdır. Bəzi ayələrdən belə başa düşülür ki, o zaman ərəblər kəskin inada sahib idilər. Onlar heç bir zaman ərəbcə gəlməyən bir kitabın önündə təslim olmazdılar. Quran ərəb dilində nazil olması onların inadını qıraraq öz cazibəsində qərq etdi. O, cahil ərəblərdən kamil insanlar yaratdı.

Deyilənlərdən bu nəticəyə gəlmək olar ki, Peyğəmbər (s) ərəb olduğu üçün ona nazil olan kitabın da ərəbcə olması təbii bir şeydir. Ərəb dili çox zəngin bir dil olduğundan, Quranın mənasını daha yaxşı zehinlərə çatdırmaq qabiliyyətinə də malikdir.

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

                                                                                       


 8025,