Qurani-Kərim müfəssirinin şərtləri
Qurani-Kərim və ya onun müəyyən ayələri haqqında təfsir yazan hər bir şəxsin müəyyən şərtlərə və elmlərə mükəmməl şəkildə yiyələnməsi zəruri və vacibdir. Əks təqdirdə, onun yazdığı təfsir nəinki faydasız olacaq, hətta insanları azğınlığa çəkəcəkdir. Digər tərəfdən, belə bir təfsir Qurani-Kərimin sahibi Allah-taala üçün böhtan və yalan qoşmaq kimi sayılacaqdır.
Burada hər bir Quran müfəssiri üçün vacib olan elmlər və xüsusiyyətləri sadalayırıq:
1. Ərəb dilinin lüğət elmi;
2. Ərəb dilinin qrammatikasının əsasını təşkil edən “Sərf” “Nəhv” elmləri;
3. İslam Peyğəmbərinin (s) tarixi və o zamanda baş vermiş hadisələrlə tanışıq ;
4. Hədis elmi;
5. Əhli-beyt və Əhli-sünnə məzhəbləri tərəfindən nəql olumuş hədis və rəvayətlər, xüsusilə də onların Quran ayələrinə aid olan hissəsi ilə tanışlıq;
6. Quran elmlərinin müxtəlif mövzularına mükəmməl şəkildə yiyələnmək;
7. “Üsuli-fiqh” elmi;
8. İslam dininin əsasları sayılan “Kəlam elmi”;
9. Qurani-Kərim üçün yazılmış qədim təfsirlərlə tanışlıq və onlardan istifadə etmək bacarığına malik olmaq;
10. Hər növ şəxsi fikir və mülahizəni Quran ayələrinə tətbiq etməkdən çəkinmək;
11. Qurani-Kərim, sağlam ağıl və sünnə ilə müvafiq olan mötəbər tarix kitablarından istifadə etmək;
12. İslam dinindəki Şəriət hökmlərinə yiyələnmək;
13. Təfsirin kamil olması üçün müfəssirin müsəlman olması;
14. İlahi elm və müvəffəqiyyət.
Bu yalnız Allah-taala tərəfindən verilən ilahi bir nemət və müvəffəqiyyətdən ibarətdir. Bu nemət isə öz bildiklərinə əməl edən inanclı insanlara verilər.
İmam Baqir (ə) bu barədə buyurur:
“Hər kəs bildiyinə əməl etsə, Allah ona bilmədiklərini öyrədər.”
Qurani-Kərim təfsirinin şərtləri
Qurani-Kərimə yazılmış təfsirlərin daha mötəbər sayılması üçün onların müəyyən xüsusiyyətlər və şərtlərə malik olması zəruri sayılır. Bu barədə aşağıdakı şərtləri qeyd etmək olar:
1. Müfəssirin təfsir üçün zəruri sayılan və öncə qeyd olunmuş şərtlər və xüsusiyyətə malik olması;
2. Təfsirdə Quran ayələrinin məqsədi və hədəfinin açıqlanması;
3. Təfsirin Qurani-Kərimin həqiqi və ideal müfəssirləri sayılan İslam Peyğəmbəri (s) və Onun (s) pak Əhli-beytinin (ə) sünnəsi (sözü, rəftarı və təsdiqi) ilə zidd olmaması;
4. Təfsirin şəxsi mülahizələr və fikirlərdən uzaq olması;
5. Təfsirin qəti ağıl hökmü ilə müxalif olmaması;
6. Qurani-Kərim ayələri üçün yazılmış təfsirin onun digər ayələri ilə müxalif olmaması;
7. Təfsirin sağlam ağıl, səhih və mötəbər sayılan hədis və rəvayətlər və Qurani-Kərimin digər aydınmənalı ayələri əsasında ərsəyə gəlməsi və s.
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir