Quran Elmləri

Quranın qiraət növləri

 
(2 votes)

 

Quranın qiraət növləri

Qurani-Kərimin qiraət məsələsi İslam Peyğəmbərinin (s) dövründən etibarən böyük əhəmiyyət daşımış və Abdullah ibn Məsud, Übəyy ibn Kəb, Əbu-Dərda, Zeyd ibn Sabit və Abdullah ibn Abbas kimi səhabələr bu müqəddəs işlə məşğul olmuşlar. Müsəlmanlar tarix boyu Qurani-Kərimin qiraəti məsələsinə geniş əhəmiyyət vermiş və bu işdə mahir olanlar "Qari" adı ilə tanınmışdır.

 "Qiraət" ifadəsi ərəb dilində "oxumaq", Quran elmləri baxımından isə hər bir qarinin müəyyən xüsusiyyətlərlə Quran oxuması qaydasından ibarətdir. Hər bir qarinin öz şəxsi ictihadı və müəyyən şərtlər əsasında Quran ayələrini ilahi vəhyi hekayət edən tərzdə oxuması "qiraət" adlanır. Qurani-Kərim qiraətinin əsil hədəfi onun ayələrinin İslam Peyğəmbərinin (s) "qiraət"i (Quran oxuması) kimi oxunulmasından ibarətdir.

Quran qariləri

Qurani-Kərimin müxtəlif qiraət növləri meydana çıxdıqdan sonra hicri- qəməri tarixi ilə IV əsrin əvvəllərində Bağdad şəhərinin "Şeyxül-qürra" (Qarilər şeyxi) sayılan Əbu-Bəkr ibn Mücahid (245-324 h. q.) Quran qiraətində mövcud ixtilafları həll etmək məqsədi ilə bütün qiraət növlərindən yalnız yeddi qiraət növünü rəsmi elan etmişdir. Sonralar isə buna daha yeddi qiraət növü əlavə edilmiş və o vaxtdan bəri on dörd qiraət növü məşhur olmuşdur.

Quranın yeddi qarisi və həmin qiraətləri onlardan nəql edənlər aşağıdakılardan ibarətdir:

 1. Abdullah ibn Amir (vəfatı: 118 h. q.); O, Şam qarisi olmuşdur. Onun raviləri Hişam ibn Əmmar (153-245 h. q.) və İbn Zəkəvan (173-242 h. q.) olsa da, bu şəxslər heç vaxt İbn Amiri görməmişlər.

 2. Abdullah ibn Kəsir Darəmi (vəfatı: 120 h. q.);

O, Məkkə qarisi olmuşdur. Onun rəvayətçiləri İbn Kəsiri heç vaxt görməyən Bəzza (170-250 h. q.) və Qunbul (191-295 h. q.) olmuşdur.

 3. Asim ibn Əbün-Nəcud Əsədi (vəfatı: 128 h. q.); O, Kufə qarisi olmuşdur. Onun raviləri Həfs ibn Süleyman (90-180 h. q.) və Şöbə Əbu-Bəkr ibn Əyyaş (95- 193 h. q.) olmuşdur.

 4. Əbu-Əmr Zəbban ibn Əla Mazəni (vəfatı: 154 h. q.); O, Bəsrə qarisidir. Onun raviləri heç vaxt İbn Əlanı görməmiş Həfs ibn Ömər (vəfatı: 246 h. q.) və Susi Saleh ibn Ziyad (vəfatı: 261 h. q.) olmuşdur.

 5. Həmzə ibn Həbib (vəfatı: 156 h. q.); O, Kufə qarisidir. Onun raviləri isə qiraəti vasitə ilə ondan almış Xələf ibn Hişam (150-229 h. q.) və Xəllad ibn Xaid (vəfatı: 220 h. q.) olmuşlar.

 6. Nafe ibn Əbdür-Rəhman Leysi (vəfatı: 169 h. q.); O, Mədinə qarisi olmuşdur. Onun raviləri İsa ibn Mina –Qalun- (120-220 h. q.) və Osman ibn Səid (110-194 h. q.) olmuşdur.

 7. Əli ibn Həmzə Kəsai (vəfatı: 189 h. q.); O, Kufə qarisi olmuşdur. Onun raviləri isə Leys ibn Xalid (vəfatı: 240 h. q.) və Həfs ibn Əmr (vəfatı: 246 h. q.) olmuşdur. Sonralar aşağıda adları sadalanan digər üç qarinin adları Əbu-Bəkr ibn Mücahidin təyin etdiyi yeddi qarilərə əlavə edilmişdir:

 8. Xələf ibn Hişam (vəfatı: 229 h. q.); O, Bağdad qarisidir. Onun raviləri Əbu-Yəqub (vəfatı: 286 h. q.) və Əbül-Həsən (vəfatı: 292 h. q.) olmuşlar. Qeyd etmək lazımdır ki, Xələf ibn Hişam, Həmzənin də ravisi olmuşdur.

 9. Yəqub Həzrəmi (vəfatı: 205 h. q.); O, Bəsrə qarisi olmuşdur. Raviləri Rüveys (vəfatı: 238 h. q.) və Ruh (vəfatı: 235 h. q.) idi.

 10. Əbu-Cəfər Məxzumi (vəfatı: 130 h. q.); O, Mədinə qarisidir. Onun raviləri isə İbn Vərdan (vəfatı: 160 h. q.) və İbn Cəmmaz (vəfatı: 170 h. q.) idi. Daha sonralar isə Qurani-Kərimi məşhur olmayan formada quraət edən, lakin xalq kütləsi tərəfindən qəbul edilən digər dörd qari də bu qarilərin sırasına əlavə edilmişdir. Onlar aşağıda adları çəkilənlərdir:

 11. Həsən ibn Yəsar Bəsri (vəfatı: 110 h. q.); O, Bəsrə qarisi idi. Onun raviləri Şüca Bəlxi (120-190 h. q.) və Dəvri (vəfatı: 246 h. q.) olmuşlar.

 12. Məhəmməd ibn Əbdür-Rəhman ibn Mühəysin (vəfatı: 123 h. q.); O, Məkkə qarisidir. Onun raviləri Bəzza (170-250 h. q.) və İbn Şənbuz (vəfatı: 328 h. q.) olmuşlar.

 13. Yəhya ibn Mübarək Yəzidi (vəfatı: 202 h. q.); O, Kufə qarisi idi. Onun raviləri Süleyman ibn Həkəm (vəfatı: 235 h. q.) və Əhməd ibn Fərəc (vəfatı: 303 h. q.) olmuşlar.

 14. Süleyman ibn Mehran Əsədi – Ə`məş (vəfatı: 148 h. q.); O, Kufə qarisi olmuşdur. Onun raviləri Məhəmməd ibn Əhməd Şənbuzi (300-388 h. q.) və Həsən ibn Səid Bəsri (vəfatı: 371 h. q.) idi.

Yuxarıda adları sadalanan qarilərin hər biri Quran ayələrini özlərinə xas tərzdə qiraət edir və həmin qiraətin Allah-taala tərəfindən Peyğəmbərə (s) nazil olduğunu iddia edirdilər. Bu mövzunun əsas dayaqlarından biri də hədis və rəvayət kitablarında Qurani-Kərimin yeddi qiraət əsasında nazil olduğunu yetirən hədislərdən ibarətdir. Necə ki, Şeyx Səduq İmam Sadiqdən (ə) belə nəql etmişdir:

"Quran yeddi hərf əsasında nazil olmuşdur və hər bir İmam ən azı yeddi cür fətva verə bilər."

Həmçinin, Müslim ibn Həccac Nişapuri (vəfatı: 261 h. q.) həzrət Peyğəmbərdən (s) belə buyurduğunu nəql etmişdir:

"Həqiqətən də, Quran yeddi hərf əsasında nazil olmuşdur. Beləliklə, imkan olan qədər ondan oxuyun."

Tarix boyu bu hədisin hansı məna daşıdığı barədə müxtəlif fikirlər və nəzərlər irəli sürülmüşdür. Cəlaləddin Süyuti "əl-İtqan fi ulumil-Quran" adlı əsərində bu barədə 35 nəzəri nəql etmişdir.

1 Bir çox alimlər həmin hədislərin mövcud yeddi qiraət növü mənasında olduğunu təsəvvür etsələr də məlum olduğu kimi, yeddi qiraət növü bu kimi hədislərdən 2 əsr sonra (4-cü əsrin əvvəllərində) rəsmiyyətə keçmişdir. Qurani-Kərimin yeddi qiraət əsasında nazil olduğunu bildirən məlum hədislər daha çox sənəd baxımından qeyri-mötəbər, məna baxımından isə fərqli və ziddiyyətli olsa da həmin hədislər daha çox Qurani-Kərimin müxtəlif ləhcələrdə oxunuşuna icazə mənasında məqbul sayıla bilər.

2 Çünki bəzi ərəblər o zaman Qüreyş ləhcəsi ilə Quran oxuya bilmədikləri üçün Peyğəmbərə (s) müraciət etmiş və həzrətdən (s) Quranı öz ləhcələrində oxumaq üçün icazə almışlar. Əziz Peyğəmbərimiz də (s) Quranı əsil ərəb dilində oxuya bilmyən müsəlmanlara onu digər ləhcələrdə oxumasına icazə vermişdir. Eyni halda unutmamalıyıq ki, bu kimi hədislərdə sözügedən "yeddi" rəqəmi müəyyən bir ədəd üçün yox, ərəb qrammatikasına əsasən çoxluğa dəlalət edir.

 BUNU DA UNUTMAYAQ KI, ƏZIZ PEYĞƏMBƏRIMIZDƏN (S) QURAN OXUNUŞU ILƏ BAĞLI YALNIZ MÜSƏLMANLAR ARASINDA YAYILMIŞ BIRCƏ QIRAƏT NÖVÜ RƏVAYƏT OLUNMUŞDUR. DEMƏLI, BU YEGANƏ QIRAƏT NÖVÜ ILƏ UYĞUN GƏLƏNLƏR MÖTƏBƏR, ONUNLA ZIDD OLANLAR ISƏ QEYRI-MÖTƏBƏR SAYILIRLAR.

3 Əhli-beytdən (ə) bizə çatmış bəzi mötəbər hədislərdə də Quranın çoxsaylı qiraət növlərindən deyil, yalnız vahid qiraətindən söz açmışdır.

Necə ki, İmam Baqir (ə) buyurdu:

"Həqiqətən, Quran vahid Allah tərəfindən nazil olmuş vahid qiraətə malik

bir kitabdır. Qiraətdə ixtilaflar isə ravilər tərəfindən irəli gəlir."

1  Həmçinin, Füzeyi ibn Yəsarın nəql etdiyi hədisdə oxuyuruq:   "İmam Sadiqə (ə) dedim:

"Camaat deyir ki, Quran yeddi hərf (qiraət) əsasında nazil olmuşdur."

İmam Sadiq (ə) buyurdu:

"Allahın düşmənləri yalan deyirlər! (Quran) yeganə Allah tərəfindən vahid hərf (qiraət) əsasında nazil olmuşdur." 

2  Nəticə etibarı ilə öncə qeyd olunmuş (Qurani-Kərimin yeddi hərf və qiraət əsasında nazil olduğunu yetirən) hədis və rəvayətləri ya ayrı mənada (onların müqəddəs Quran ayələrinin müxtəlif ləhcələr əsasında qiraət edilməsi kimi) izah etmək, yaxud da tərk etmək lazımdır.

Həfsin qiraəti ilə ümumi tanışlıq

 

Həfs ibn Süleymanın (90-180 h. q.) quraət növü səhih sənəd və tarix boyu müsəlmanlar tərəfindən qəbul edilmiş yeganə qiraət növü sayılır. Bu qiraət aşağıdakı xüsusiyyətlərə malikdir:

 1. Bu qiraətin qəbul ediləsi sənədi;   Həfs ibn Süleyman bu qiraət növünü Asim ibn Əbün-Nəcud Əsədidən (vəfatı: 128 h. q.), Asim Əbu-Əbdür-Rəhman Sülləmidən, Sülləmi isə onu Əmirəl- möminin İmam Əlidən (ə) öyrənmişdir.

 2. Bu qiraətin digər müsəlmanların qiraəti ilə uyğun gəlməsi.

 3. Asimin üstün şəxsiyyəti;  

Həfs ibn Süleymanın qiraət müəllimi sayılan Asim xalq arasında üstün və bəyəniləsi xüsusiyyətlərlə tanınırdı. O, hər hansı bir qiraətlə üzləşdikdə onu böyük səhabə və tabeilərə göstərir və onların fikirini öyrənirdi.

Bundan əlavə, tarix boyu Əhli-beyt (ə) məzhəbinin alimləri də Asimin qiraətini tərifləmiş və onu təsdiq etmişlər.

İstifadə olunan mənbələr:

"Əl-Üsul minəl-kafi", Şeyx Kuleyni, 2/630/12.

"Əl-Üsul minəl-kafi", Şeyx Kuleyni, 2/630/13.

"Mənaqibu Ali Əbu-Talib (ə)", İbn Şəhr Aşub, 2/43.

"Ət-Təmhid fi ulumil-Quran", Əllamə Mərifət, 2/232-236.

"Müfrədatu əlfazil-Quran", Rağib İsfahani, səh: 801,

"Qamusul-Quran", Seyid Qürəşi, 7/53.

"Ət-Təmhid fi ulumil-Quran", Əllamə Mərifət, 2/277.

"Əl-Bürhan fi ulumil-Quran",

Bədrəddin Zərkeşi, 2/41-47,

"əl-İtqan fi ulumil-Quran", Cəlaləddin Süyuti, 2/46-56,

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 


 5156, 

Dostların veb səhifələri

14273934
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3353
8985
32908
14090902
165747
173495
14273934

sizin IP ünvanınız: 44.204.99.5
2024-03-29 11:39

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!