Quran Elmləri

Müqəttəə hərfləri

 
(0 votes)

                                 Müqəttəə hərfləri

“Müqəttəə” hərfləri Qurani-Kərimdə bəzi surələrin ilk ayəsindəki mənası aydın olmayan müəyyən hərflərin düzülüşüdür. Quranda müqəttəə hərflərindən ilk dəfə Bəqərə surəsində istifadə edilmişdir. Və Quranın 29 surəsi müqəttəə hərfləri ilə başlayır. “Müqəttəə” hərflər, yəni “kəsik”, “tək-tək” mənasındadır. Adından da görünür ki, bu hərflər bir-birindən tam ayrı və bir-birinə heç bir bağlılığı olmayan hərflərdir, müstəqil məna ifadə etmir.

Ümumiyyətlə bu hərflər Quranın sirli sözlərindən hesab edilir. Təfsirçilər onların barəsində müxtəlif mülahizələr yürütmüşlər. Zaman keçdikcə, elmi nailiyyətlər artdıqca bu hərflər barəsində daha yeni açıqlamalar da verilmişdir. Çox maraqlıdır ki, cahiliyyət dövrünün ərəbləri Quranın bəzi surələrinin müqəttəə hərfləri ilə başladığını Peyğəmbərə (s) irad tutmamışlar. Və heç bir tarixi mənbədə belə bir məlumat verilməmişdir. Bu da onu göstərir ki, çox güman, onların özləri də bu hərflərin sirlərindən qismən də olsa xəbərdar olmuşlar.

Bu hərflər əsl mənaya görə isə onların (Allah və Rəsul) arasında olan şifrədir. Bu rəmzin həqiqətini onlar daha yaxşı bilirlər. Əgər muqəttə hərflərinin hamısını bir vərəqə sıra ilə yazsaq və onların təkrarlarını çıxsaq, qalan hərflərdən bir cümlə əmələ gələcək. “Siratun Əliyyun həqqun, nunsikuhu”, yəni, “Əlinin yolu haqdır və biz ona üz tuturuq”. Bu təhqiq müasir zəmanəyə aiddir və təzə əldə olunmuş rəmzdir. Hələ Quranda daha nələr var və daha nələr ortaya şıxacaq bizim xəbərimiz yoxdur.

Müqəttəə hərfləri haqqındakı açıqlamanın ən mötəbər dəlili İmam Zeynalabidindən (ə) nəql edilmiş bir hədisdir: “Qüreyş müşrikləri və yəhudilər Quranı inkar edərək dedilər ki, o, açıq-aşkar sehrdir. Onu Muhəmməd (s) özü deyərək Allaha aid etmişdir. Allah-taala “Əlif-Lam-Mim. Bu heç bir şəkk-şübhə olmayan, təqvalılara doğru yol göstərən əzəmətli bir kitabdır” ayələrini nazil etməklə demək istəmişdir ki, ey Muhəmməd (s) sənə nazil etdiyim bu kitab müqəttəə hərflərindən (الم ) təşkil olunmuşdur, yəni sizin də istifadə etdiyiniz dildən və lifba hərflərindən. Quranda müqəttəə hərfləri haqqındakı bir məqam da ondan ibarətdir ki, Quranın belə hərflərlə başlayan 24 surəsinin başlağıcında gələn müqəttəə hərflərindən dərhal sonra Quran və onun əzəmətindən danışılır. Bu da onu göstərir ki, deməli, müqəttəə hərfləri ilə Quranın əzəməti arasında bir bağlılıq vardır.

Müqəttəə hərfləri ilə bağlı bir sıra suallar yaranır: Görəsən bu hərflər bəşəriyyətin ağlını heyran qoyan Quranın əzəmətindən danışır, yoxsa Allahla Peyğəmbər (s) arasındakı sirlərə işarədir? Yaxud tamam başqa məqsədlər daşıyır? Bəzi təfsirçilər Allah-taalanın bir çox adının məhz “sad” hərfi ilə başlandığını əsas gətirərək “sadəqallah” cümləsinə işarə edildiyini deyiblər.

Müqəttəə hərfləri Qurana məxsus özəlliklərdəndir. Yəni Qurandan başqa – istər səmavi kitab olsun, istərsə də qeyri-səmavi kitab – elə bir kitab yoxdur ki, onun fəsilləri müqəttəə hərfləri ilə başlamış olsun. Və bu hərflərdə məqsəd nədir? Hətta bu məsələ İslamın ilkin dövrlərindən qarşıya çıxmış və onun barəsində müxtəlif nəzərlər irəli sürülmüşdür. Lakin, demək olar, hələ ki qəti bir nəzər tapılmamışdır.

Bəzilərinin nəzərinə görə müqəttəə hərfləri söz söyləyənlə dinləyən arasında olan rəmzlər, gizli sözlərdir. Yəni Allahla Peyğəmbər (s) arasında bir sıra mətləblər mövcud olmuşdur ki, onların səviyyəsi ümumi insanların idrakından yüksək olmuşdur. İnsanların onları eşitmək qabiliyyətləri olmadığı üçün onlar aşkar şəkildə açıqlanmamış və rəmz ilə, üstüörtülü ifadələrlə bəyan edilmişdir. Belə şey insanlar arasında da olur. Bəzən bir insan cəmiyyət içərisində bir məsələni hamının başa düşə bilməməsi üçün öz istədiyi şəxsə üstüörtülü şəkildə deyir.                                 

  Müqəttəə hərflərinin mənaları haqqında nəzərlər:

1- Quranın adları, yaxud əvvəlində gəldiyi surələrin adlarıdır – Məsələn, Bəqərə surəsi – “Əlif, lam, mim”, Taha surəsi – “Ta, ha”

2- Müqəttəə hərfləri andlardır – Necə ki, Quran yaradılışın müxtəlif nümunələrinə and içir, məsələn, Günəşə, Aya, ulduzlara, gündüzə, gecəyə və s. eləcə də bu hərflərə and içmişdir. Buna görə də “Əlif, lam, mim”in mənası “Əlifə, Lama, Mimə” and olsundur.

Əslində, insan and içərkən hörmətli, dəyərli bir şeyə and içir ki, sözünün doğruluğuna inansınlar. Buna görə də dilçi alimlər deyirlər ki, and Allahın sözünün doğruluğuna təkid və onun təsdiqidir. Amma insan bəzən bu məqsədlə deyil, qarşı tərəfə andın tələbi olan işi çatdırmaq üçün də and içir. Yəni and içir ki, qarşı tərəf həmin şeyin dəyərini başa düşsün. Bu kimi hallarda hədəf, barəsində and içilən mətləb deyil, and içilənin özüdür. Quranın andları 2-ci növdəndir. Quran Aya, Günəşə, zeytuna, əncirə, gecəyə və gündüzə and içməklə insanlara həmin şeylərin dəyərini çatdırmaq istəyir.

3- Quranın möcüzə olmasına işarədir – Ərəb dilində 28 hərf var və bəzi dillərdə daha çox hətta 300-ə yaxın hərf var. Hər halda, söz toxuculuğu üçün gərəkli xammal kimi olan hərflər hamının ixtiyarındadır. Amma baxaq ki, yüksək mənalı sözü hamı deyə bilirmi? Xeyr! Hərflər bütün toxucuların ixtiyarında olan ip kimidir. Amma onların hamısını eyni cür toxumaq olurmu?

Yəni bu Quran bu hərfləri nümunə kimi göstərir və demək istəyir ki, “Ey insanlar! Quran başqa maddədən düzəlməmişdir ki, siz deyəsiniz “əgər onlar bizdə olsaydı, Quranın bənzərini düzəldərdik”. Yəni xammal elə bu hərflərdir ki, bədii şəkildə bir-birinə birləşdirilmişdir. Sizdə gəlin bu hərflərdən Quranın bənzərini düzəldin.

Məsələ budur – yəni onun həm xammalı, həm də avadanlığı sizin əlinizdə var və ola-ola düzəldə bilmirsiniz. Bax budur Quranın böyük möcüzəvi cəhətinin göstəricisi. Əsrlər belə ötüb keçsə də, elm hər nə qədər inkişaf etsə də yenə də onun özünəməxsus üslubunu yarada bilməyiblər. Ən maraqlısı da budur ki, dərs oxumamış, məktəbə getməmiş bir şəxs elə bir quruluşa malik sözlər gətirir ki, heç kəs onunla mübarizə aparmaq iqtidarında deyil.

4- Müqəttəə hərfləri Quranın mütəşabih ayələrindən sayılır – Cəlaləddin Süyuti də öz kitabında bu hərfləri mütəçabih ayələrdən hesab etmiş və onların elminin Allah tərəfindən bilinməsini vurğulamışdır.

5- Müqəttəə hərfləri müəyyən məna daşıyan sözlərin xülasəsidir – Məsələn, “Yasin” surəsində olan “Ya Seyyid” (ya Muhəmməd), “Sad” surəsində olan “Sad” hərfi “sədəqallah” (Allah doğru demişdir) və ya “Bəqərə” surəsində “Əlif-Lam-Mim” “ənəllahu ələm” (Mən Allah daha yaxşı bilirəm) mənasındadır. Digər bir təfsiri də Əlif-Allah, Lam-Cəbrail, Mim-Muhəmməd kimi mənalandırılıb, yəni, Allahdan Cəbrailə və Cəbraildən Muhəmmədə. “Taha” Peyğəmbərin (s) adlarından biri kimi qeyd olunur və mənası “Ey haqq axtaran və ey Ona doğru hidayət edən”dir.

6- Allahın böyük adlarından birinə işarədir – “Əsmail-hüsnə”dən birini ifadə edir. Məsələn, “ع” hərfi Alim (Bilici), “ه” hərfi Hadi (Hidayət edən), “ک” hərfi Allahın böyük adlarından olan Kafi (Kifayət edən), “ی” hərfi Vəliyy, (Qəyyum), “ص” hərfi Sadiq, Əl-Vəd (Vədinə sadiq) adına işarədir.

7- Bu hərflər ilahi nemətlər və İslamla bağlı qiyam, dirçəliş bildirən rəmzi işarələrdir - Ayətullah əl-uzma Nasir Məkarim Şirazi öz təfsirində “Təfsiri-nümunə”də ikinci qrup rəvayətlər əsasında Məryəm surəsini misal gətirir və İmam Hüseynin (ə) Kərbəladakı qiyamı ilə izah edir: “ک” Kərbəla, “ه” Peyğəmbər (s) ailəsinin həlak olmasına, “ی” Yezidə, “ع” ətəş (susuzluq) məsələsinə, “ص” hərfi isə İmam Hüseynin (ə) və fədailərinin səbr və dözümünə işarədir.

8- Kafirlər və müşriklərin fikrini ona yönəltmək Qurani-Kərimdə müəyyən surələrdə olan müqəttəə hərfləri bir növ kafirlər və müşrikləri sakitləşdirmək və onların nəzərini cəlb etmək xarakteri daşıyır. Çünki onlar Quran oxunan zaman qəsdən səs-küy salırdılar ki, müqəddəs kəlam xalqa çatmasın, onların eşitməməsi üçün maneçilik törədirdilər. Hətta bu barədə Quranda buyurulur: “Kafir olanlar (öz dostlarına): Bu Quranı dinləməyin, o oxunduqda (eşidilməsin deyə) səs-küy salın ki, bəlkə, bununla (Muhəmmədə (s) qalib gələsiniz! – dedilər”.

Allah-taala da bəzi surələrin ilk ayələrində bu hərflərdən istifadə edərək, onları sakitləşdirmək və onların nəzərini bu müqəddəs kəlama cəlb etmək istəmişdir.

9- Müəyyən şəxslərin adları Bu hərflər müəyyən şəxslərin adlarının baş hərfləri sayılır. Və onlar müəyyən qaydada düzüldükdə Mədyən şəhərinin padşahlarının adlarını əldə etmək olar.

10- Müqəttəə hərfləri oxucunu düşündürür Bu hərflər istər müsəlman olsun, istərsə də qeyri-müsəlman dinləyicilərin diqqətini cəlb edir. Onların Quran ayələrini dinləyib, onun haqqında fikirləşməsi məqsədi ilə nazil edilmişdir.

11- Allahla Peyğəmbər (s) arasında sirr - Müqəddə hərfləri müəyyən mənalara malik olsa da, onun əsl mənası yalnız Allahla Peyğəmbəri (s) arasında olan sirr və rəmzdən ibarətdir. Və əziz Peyğəmbərimiz (s) isə bu mənaları elmdə hər kəsdən qüvvətli sayılan məsum Əhli-beytinə (ə) öyrətmişdir.

Müqəttəə hərfləri ilə bağlı alimlərin nəzəri

Feyz Kaşani deyir: “Həqiqətən də müqəttəə hərfləri Allahla Peyğəmbəri (s) arasında olan sirli sözlərdir. Peyğəmbər (s) və onun Əhli-beytindən (ə) başqa heç kəs onun əsl mənasını dərk edə bilməz. Həmçinin deyir: “Tək hərflərlə danışmaq məhəbbətdə qayda sayılır. Və bu hərflər də bir-birilərinə sonsuz məhəbbəti olan aşiqlərin söhbətidir və bu söhbətdən kənar şəxslər xəbərsiz olmalıdırlar”.

İslam maarifinin şah zirvəsi sayılan “Əl-Mizan” təfsirinin müəllifi Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbai bu barədə deyir: “Bu hərflər Allahla Peyğəmbəri (s) arasında sirdir, gizli rəmzi işarədir. Biz isə adi dərkimizlə yalnız bu hərflərlə həmin surələrin məzmunu arasındakı rabitəni başa düşürük. Daha yaxşısını və bundan artığını Allah bilir”.

Əllamə Mərifəti: “Bizim bu hərflər barədə nəzər birliyimiz budur ki, onlar gizli işarələr sayılır. Və onun mənasını yalnız vəhydə inanılmış şəxslər bilir. Əgər bu hərflərin mənası hamıya aydın olsaydı, əvvəlcədən rəmz formasında deyilməzdi. Əlbətdə, bu hərflərə bir sıra faydaların şamil olması da mümkündür. Lakin, bununla belə bu hərflər Quranın maraqlı ayələrindən sayılır. Və həmişəlik olaraq böyük sirlərə malik olacaqdır”.

Döğrudur, müqəttəə hərfləri ilə bağlı mütəfəkkirlər qəti bir fikir bildirə bilməmişlər. Fəqət bu barədə irəli sürülmüş bir sıra nəzərlər bir neçə səbəb bə dəlillərə əsaslanmışdır:

1- İslam Peyğəmbəri (s) və Onun məsum Əhli-beytindən (ə) bu hərflər barədə aydın, şəffaf mənalı hədis və rəvayətlərin olmaması

2- Səhabələrin ümumiyyətlə bu barədə İslam Peyğəmbərindən (s) sual etməməsi     3- Bu hərflərin ərəb ədəbiyyatında ilk dəfə olaraq bu formada işlənməsi

Müqəttəə hərfləri hədislərdə

Hədis və təfsirlərdə də müqəttəə hərfləri barədə müəyyən məlumatlar əldə olunur: 1- Əmirəl-möminin İmam Əli (ə) buyurmuşdur: “Hər bir səmavi kitabın xalis və seçilmiş bir məqamı vardır. Quranın xalis və seçilmiş yeri “müqəttəə” hərflərindən ibarətdir”.

2- İmam Baqir (ə) buyurur: “Həqiqətən də, mənim müqəttəə hərfləri haqqında çox elmim, məlumatım var”.

3- İmam Sadiq (ə): “Əlif-Lam-Mim hərfləri Quranda Allah-taalanın ən böyük adının bir-birindən ayrılmış hərflərindəndir. Onu olduğu kimi yalnız Peyğəmbər (ə) və onun məsum imamları toplaya bilər. Onunla dua edildikdə qəbul olunar”.

Digər bir rəvayətdə deyilir ki, İmam Sadiqdən “Əlif-Lam-Mim” hərfləri barədə sual olunduqda buyurdu: “Bu hərflərdən təkcə Əlif hərfində Allah-taalanın sifətlərindən altısı mövcuddur”.

Digər rəvayətlərdə həmin sifətlər bəyan olunmuşdur:

Bəqərə – الم – “Mən hər şeyə malik olan Allaham”       

Ali-İmran –الم  – “Mən əta edən Allaham”       

Əraf – المص – “Mən iqtidarlı və doğruçu Allaham”

Hud – الر – “Mən mehriban Allaham”

Rəd – المر – “Mən dirildən, öldürən və ruzi verən Allaham”                                                                                                                                  

Məryəm – كهيعص – “Mən kifayət edən, doğru yola yönəldən, vəli, alim, vədində doğruçu olan Allaham”

Taha – طه – hərfləri Həzrət Peyğəmbərin (s) adlarından birinə işarədir. Mənası, “Ey haqqı tələb edən və bəşəri Allaha tərəf yönəldən”

Nəml – طس – “Mən tələb edən və eşidən Allaham”

Şüəra – طسم – “Mən tələb edən, eşidən, başlayan və geri qaytaran Allaham”

   “ حم ” Quranın yeddi surəsi (ha-mim) lə başlayır və bu surələrə “həvamim” surələri deyilir: Ğafir, Şura, Fussilət, Zuxruf, Duxan, Casiyə, Əhqaf – “Ha-Mim” hərfləri Allahın sifətlərindən sayılır; Həmid və Məcid. Peyğəmbər (s) və Məsum imamlardan (ə) gələn hədislərə əsasən “Ha-Mim” ilə başlayan surələr üçün çoxlu fəzilətlər qeyd edilmişdir.

Peyğəmbər (s): “Ha-Mim yeddilik surələri Quranın tacıdır”.

Həzrət Əli (ə): “Hər bir şeyin məğzi vardır, Quranın məğzi də “Ha-Mim surələridir”.

İmam Sadiq (ə): “Ha-Mim surələri Quranın gülləridir, onları oxuduqda Allaha həmd edin. Bu surələri əzbərləməklə və tilavət etməklə Ona şükrlər edin. Hər kim yuxudan oyandıqda “Ha-Mim” surələrini oxusa, (Qiyamətdə) ağzından müşk və ənbərdən daha ətirli qoxu gələcək, Allah bu surələri oxuyan kəsə rəhm edəcək. Öz rəhmətini onun qonşularına, dostlarına, tanışlarına, həmçinin bütün yaxın və uzaq dostlarına şamil edəcək. Qiyamətdə isə ərş, kürsü və Allahın müqərrəb mələkləri onun üçün bağışlanma diləyəcəklər.

Peyğəmbər (s): “Ha-Mim surələri yeddi surədir, Cəhənnəm qapıları da yeddidir. “Ha-Mim” surələrinin hər biri gəlib bu qapıların birinin qarşısında dayanaraq deyəcək: “İlahi, mənə iman gətirmiş və məni oxumuş kəsi bu qapıdan daxil etmə!”

“Sad” hərfi ərşin altından axan və Peyğəmbərin (s) dəstnamaz aldığı bulağın adıdır. “Qaf” hərfi yer kürəsini əhatəyə almış dağlardan birinin adıdır. “Nun” isə Cənnətdə olan bir arxın adıdır.

Bütün bu məlumatlardan nəticə etibarı ilə demək olar ki, müqəttəə hərfləri Qurani-Kərimin daha çox əhəmiyyət daşıyan hissəsi sayılır. Quranda mövcud olan bu hərflərin elmi sirri ilk növbədə İslam Peyğəmbərinə (s), daha sonra isə onun məsum Əhli-beytinə məxsusdur. Müqəttəə hərflərinin hər biri müəyyən mənalara malikdir. Hədis və rəvayətlər müqəttəə hərflərinin yalnız bu sadalanmış mənalara malik olmasına dəlalət etmir, əslində bu mənalar onun müəyyən bir hissəsi və nümunələri sayılır. Və bu hədislərdə onlardan bəzilərinə işarə olunmuşdur.

Müqəttəə hərfləri haqqında böyük fəzilətlərlə tanış olduqdan sonra istər-istəməz insan onu əldə etmək istəyir. Əlbətdə bu fəzilətləri əldə etməyin həmin surələrin məzmunu ilə bağlılığı vardır.

Əgər bu məzmun insan həyatında etiqad və əməl cəhətdən mövcud olsa, şübhəsiz, bu əzəmətli fəzilətlərə layiq olar.

Və hədislərdə surələrin tilavətindən danışılırsa, deməli bu tilavət nəzərdə tutulacaq iman və əməl üçün bir müqqədimə sayılır. Çünki Peyğəmbər (s) hədisdə deyir ki, “kim ha-mim surələrini oxusa və ona imanı olsa” və bu söz əsasən iman prinsipini sağlayan ifadədir.

Bəqərə, Ali-İmran, Əraf, Yunis, Hud, Yusif, Rəd, İbrahim, Həcc, Məryəm, Taha, Şüəra, Nəml, Qəsəs, Ənkəbut, Rum, Loqman, Səcdə, Yasin, Sad, Mumin, Fussilət, Şura, Zuxruf, Duxan, Casiyə, Əhqaf, Qaf, Qələm.

İlahiyyatçı; Sara Əmirzadə

 

Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 133, 

Dostların veb səhifələri

15650110
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
5936
8065
45657
15456216
125249
160067
15650110

sizin IP ünvanınız: 3.144.106.130
2024-12-21 18:53

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!