Print this page

Yazar Qələmlər

Qəlbi tapmaq və qəlbi əldən vermək

 
(1 Vote)

 

Qəlbi tapmaq və qəlbi əldən vermək

 

... وَاعْلَمُوا أَنَّ اللَّهَ يَحُولُ بَيْنَ الْمَرْءِ وَقَلْبِهِ...

“Allah insan ilə onun qəlbi arasındadır”. (Ənfal surəsi, ayə- 24)

 

 Haqq yolunun yolçuları iki dəstədirlər:   Alimlər və ariflər.

Alimlər o kəslərdilər ki, qəlblərini tapıblar. Allahın öz kəlamında buyurduğu kimi:

“Şübhəsiz, bunda qəlbi (diri) olanlar üçün öyüd-nəsihət var”. (Qaf surəsi, ayə - 37)

 Ariflər isə qəlblərini sındıranlardır. Allahın buyurduğu kimi:

 “Bilin ki, Allah insan ilə onun qəlbi arasındadır”.

Qəlb sanki bir yoldur, dost isə vətən. Vətənə çatdıqdan sonra yol getmək nəyə gərəkdir? Yəni qəlbin vasitəsiylə biz həqiqi dostumuz və yarımız olan Allaha çatırıq. Allah bizim üçün vətən kimidir. Biz yolu bu vətənə çatmaq üçün qət edirik və yol bizə yalnız vətənə çatmaq üçün lazımdır. Yəni, qəlb bizə Allaha çatmaq üçün lazımdır. Elə ki, Allaha çatdıq artıq qəlbdən də keçməliyik. Nəinki qəlbi, Allaha çatan şəxs Ondan başqa hər şeyi kənara qoyur. Onun camalını görən şəxsin gözü heç bir şeyi görməz.

Vətənə doğru olan yolda qəlbə çox möhtacıq, amma elə ki, vətəni tapdıq həmin möhtac olduğumuz qəlb artıq bizimçün bir pərdəyə, maniəyə çevrilir.

Deyirlər ki, qəlb sahibləri dörd cür olur:

  1. Zahiddirlər. Onların qəlbi İlahi şövq ilə dərdlənmişdir.
  2. Qorxanlar. Onların qəlbi göz yaşları ilə yuyulmuşdur.
  3. Müridlər  (şagirdlər). Onların qəlbi xidmət göstərməyə hazırdır.
  4. Aşiqlər. Onların qəlbi Allaha bağlıdır.

 

Qəlbin pərdələri

 

... أَفَمَنْ شَرَحَ اللَّهُ صَدْرَهُ لِلإسْلامِ

“...məgər  Allahın sinəsini İslam (ı qəbul etmək) üçün açdığı, ... kəs (qəlbi zülmətdə olan kəs kimidirmi) ?” (Zumər surəsi, ayə - 22)

İnsan qəlbinin dörd dərəcəsi var:

*Birinci dərəcə “sinədir”. İslam dininin söykənəcəyi  məkan. Allah buyurub: “Allahın sinəsini İslam üçün açdığı kəs” .

*İkinci dərəcə “qəlbdir”, iman nurunun  məkanı. Allah buyurub: “Allah onların qəlbində imanı sabit etmişdir”. (Mücadilə, 22)         

*Üçüncü dərəcə “fuaddır” (yəni, qəlbin özü). İlahi müşahidələrin sarayı. Ayədə buyurulduğu kimi:

“Qəlb nə gördü, yalan görmədi” .  (Nəcm, 11)

*Dördüncü dərəcə “şəğafdır”, yəni, qəlbin sevdasıdır, eşqin endiyi yer. Quranın buyurduğu kimi:

“O qadın öz qulundan  kam almaq istəyir. Onun məhəbbəti ürəyinin pərdəsindən qəlbinin dərinliklərinə sirayət edir”. (Yusif, 30) 

Bu dörd dərəcənin hər birinin bir xasiyyəti var və Allah onların hər birinə özünəməxsus nəzər edər.

Aləmlərin Rəbbi birini öz lütf kərəmi ilə yoluna çəkmək istədikdə, əvvəlcə onun sinəsinə nəzər salar ki, onun sinəsini bidətlərdən, nəfsani istəklərdən təmizləyər. Onun qədəmlərini düzgün şəriət yolunda möhkəmləndirər. Sonra onun qəlbinə nəzər salar, onu dünya çirkinliklərindən; həsəd, təkəbbür,  hərislik, düşmənçilik, riya kimi pis əxlaqlardan təmizləyər, və təqva yoluna istiqamətləndirər.

Sonra onun fuvadına (qəlbinin işıqlı nahiyyəsinə) nəzər salar. Onu meyllərdən, bağlılıqlardan ayırar. Elm və hikmət çeşməsini onun qəlbində açar, hidayət nurunu ona töhfə edər.  Necə ki, buyurur: “Rəbbi tərəfindən bir nura əsaslanan kəs...”.  (Zumər, 22)

Sonra Allah onun şəğafına (qəlb sevdasına) nəzər salar. Bu zaman Allahla söhbət kölgə kimi onun ayrılmaz bir hissəsinə çevrilər. Bu nəzər qəlbin sevdasına yetişdikdə onu fənalıq çöllərinə aparar. Qəlb bu mərhələdə Allahdan başqa bir şey görməz, Onun nurunda qərq olar, özünü unudar və yalnız Onun razılığını düşünər.

Üç şey üç şeydə yox olar: Axtarmaq tapılmışda, tanımaq tanınmışda, dostluq dostda.

Toplayıb hazırlayan: Fəlsəfəçi Aynur Əzimova 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 4638,