Print this page

Özünə İnan və Çalış

Əgər özünü tanısan

(1 Vote)

Əgər özünü tanısan...

Yaradılmışlar içində insan ən sirli varlıqlardan biridir. O, bütün dini, elmi, fəlsəfi məktəb və cərəyanların ən əsas mövzusudur. Bütün bu sahələr insanın mahiyyətinin nədən ibarət olduğunu araşdırmağa çalışır, onu tanımağa cəhd göstərirlər. Belə ki, insanın ehtiyacları, malik olduğu bacarıq və imkanları, hansı dərəcələrə çata biləcəyi tam bilindiyi təqdirdə onun səadətindən söhbət gedə bilər. İnsanla bağlı olan bütün elm sahələri ictimai və ya fərdi səadətin axtarışındadır.
İslam maarifində də insanı tanımanın xüsusi yeri və əhəmiyyəti vardır. Allahşünaslığın İslamın əsas mövzusu olduğunu nəzərə almaqla demək olar ki, Allahı tanımağın ən yaxşı yolu da insanı tanımaqdır. Qurani-kərim buyurur:

وَفِي أَنْفُسِكُمْ أَفَلا تُبْصِرُونَ وَفِي الأرْضِ آيَاتٌ لِلْمُوقِنِينَ

"Yer üzündə yəqini olanlar üçün nişanələr vardır. Həmçinin sizin öz vicudunuzda da. Məgər görmürsünüzmü?!" ("Zariyat" surəsi, ayə 20-21)

Məhşur bir hədisdə Peyğəmbər (s) buyurur:

من عرف نفسه فقد عرف ربه

"Hər kəs özünü tanısa, Rəbbini tanıyar".

Buna əsasən yaradılmış bir şey nə qədər kamil və mürəkkəb olsa, bir o qədər onu yaradanın qüdrət, əzəmət və diqqətini bəyan etmiş olur. Biz dağı, ulduzları, yeri, göyü tanımaqla da Allahı tanıya bilərik. Lakin bunların heç biri insan qədər Allahın qüdrət və əzəmətini bəyan edə bilməz. 
Quran baxımından insan vücudu quruluşuna görə iki sonsuzluq, yəni mənfi və müsbət sonsuzluq arasında yerləşib hər iki tərəfə doğru cəzb olunmaqdadır. Quran bu mövzunu çox saylı ayələrdə bəyan edir. Bir ayədə ümumi şəkildə buyurur:

لَقَدْ خَلَقْنَا الإنْسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ ثُمَّ رَدَدْنَاهُ أَسْفَلَ سَافِلِين

"Həqiqətən, Biz insanı (cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq. Sonra isə onu rəzillərin ən aşağı dərəcəsinə qaytardıq" ("Tin" surəsi, ayə 4-5).

"Əhsəni təqvim" ("Ən gözəl bir biçim") müsbət sonsuzluğu, "Əsfələ səfilin" ("Rəzillərin ən aşağı dərəcəsi") isə mənfi sonsuzluğu bildirir. Quran bu iki sonsuzluğa doğru cəzb olunmanı insanın quruluşu ilə əlaqələndirir: 

مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ

"(Allahı) onu nədən yaratmışdır?" ("Əbəsə" surəsi, ayə 18)

Başqa bir ayədə buyurur:

خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ

"O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır. O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır" ("Tariq" surəsi, ayə 6-7).

Həmçinin insan xilqətinin digər bir cəhətini bəyan edərək deyir:

فَإِذَا سَوَّيْتُهُ وَنَفَخْتُ فِيهِ مِنْ رُوحِي فَقَعُوا لَهُ سَاجِدِينَ

"Elə ki, onu düzəltdim və ona Öz ruhumdan (mübarək və Özümə layiq ruhdan) üfürdüm, hamılıqla ona (təzim üçün) səcdə halında üzü üstə düşün" ("Hicr" surəsi, ayə 29).

Başqa bir ayədə daha əhatəli şəkildə buyurur: 

وَلَقَدْ خَلَقْنَا الإنْسَانَ مِنْ سُلالَةٍ مِنْ طِينٍ ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ

"Şübhəsiz, Biz insanı gilin cövhərindən yaratdıq. Sonra onu(n nəslini) nütfə şəklinə möhkəm bir yerə (ana bətninə) qoyduq. Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni müzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra müzğəni sümüklər etdik. Beləliklə, sümüklərə ət (libası) geyindirdik. Sonra onu başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah çox xeyir-bərəkətlidir" ("Muminun" surəsi, ayə 12-14).

Allah quru palçıq, dəyərsiz su və qandan belə bir varlığı - insanı yaratdığı üçün özünə təbrik deyir. Beləliklə, aydın olur ki, bir xilqət möcüzəsi olan insan həm kamalın zirvələrinə doğru yüksəlib mələkdən də üstün, həm də ən aşağı səviyyələrə doğru yuvarlanıb heyvandan da alçaq ola bilər. 
Müqəddəs İslam dininin əsas hədəflərindən biri də insanı məhz müsbət sonsuzluğa doğru yönəldib "liqaullah"a ("ən yüksək irfani məqam"a) çatdırmaqdır. O, insan önündə geniş üfüqlər açaraq bu hədəf üçün lazım olan bütün nəzəri və təcrübi vasitələrlə onu təmin edir. İslamın təqdim etdiyi nəzəri proqram İlahi kəlam olan Qurani-kərimdə öz əksini taparaq həyatverici xüsusiyyətiləri ilə səciyyələnir. Bu nəzəriyyə insanın bütün xüsusiyyətlərini nəzərə alaraq, inkişafı üçün ən optimal variantları və hədəfə çatması üçün ən qısa yolları onun ixtiyarında qoyur. Kamil insan yetişdirib, ədalətli cəmiyyətin qurulmasına nail olmaq İslamın əsas hədəflərindən olub, həyata keçməsinin mümkünlüyü baxımından digər elmi-fəlsəfi məktəblərin təqdim etdiyi nəzəriyyələrdən fərqlənir. Belə ki, bu İlahi məktəbin yetişdirdiyi kamil insan nümunələri onun təkcə sözdə deyil, əməl müstəvisində də nələrə qadir olmasının bariz nümunəsidir. İslam Peyğəmbəri (s) qısa bir müddət ərzində məhz İslamın prinsipləri əsasında Əli (ə), Fatimə (s.ə) və onun övladları kimi kamil şəxsiyyətləri, Səlman Farsi, Əbu Zər Ğəffari və yüzlərlə digər nümunəvi insanları yetişdirib, bəşəriyyətə hədiyyə etmişdir.

Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.


 5467,