Ailə həyatını xoşbəxt etməyə imkan verən qızıl qaydalar
(Qadınlar üçün)
- Öcəşmək lazım deyil.
- Ərinizin xasiyyətini dəyişməyə çalışmayın.
- Tənqid etməyin.
- Bir-birinizə səmimi minnətdarlığınızı bildirin.
- Bir-birinizə kiçik (cüzi) diqqət yetirin.
- Xoşrəftar olun.
1. Öcəşmək lazım deyil.
Ailə xoşbəxtliyinə qəbir qazmağın təcili yolu qısqanclıqdır. Qısqanclıq qadınları didir və şübhələr onları əldən salır. Hətta bu üzdən ərlərinin əmrlərinə tabe olmurlar. Əgər bir qadının qısqanması hələ yersiz deyilsə, ərini tənqid etməyə başlayır. Beləliklə, ardı-arası kəsilməyən mübahisələr başlayır və arvadından qaba rəftar görən ər, sözsüz ki, onu gözləyən xanımın yanına yollanacaq. Artıq əvvəlki münasibəti bərpa etmək mümkün deyil, nə etmək lazım idisə, bura qədər olmalıydı. Belə qadınlar qısqanclıq və öcəzkənliyikləri ilə yalnız öz başlarına bəla açırlar. Məhəbbəti məhv etməyin başlıca səbəbi qadınların öcəşkənliyidir. Yaxud «Boston Post» qəzetinin yazdığı kimi, «Bir çox qadınlar özlərinin ailə xoşbəxtliyinin qəbrini qazmış, bu qəbri yavaş-yavaş dərinləşdirmişlər».
Beləliklə, ailə həyatınızı xoşbəxt saxlamaq istəyirsinizsə, birinci qaydaya əməl edin. Öcəşmək lazım deyil!
2. Ərinizin xasiyyətini dəyişməyə çalışmayın.
Qadının istəyi ilə xasiyyətini dəyişməyə məcbur qalan kişiyə çox nadir hallarda rast gəlmək olar. O sizə elə gəlir, əslində isə nəinki xasiyyətini dəyişmir, hətta bunu etməyi belə düşünmür. Bu kişilərə zidd xüsusiyyətdir. Heç bir qadın deməsin ki, mən ərimin xasiyyətini dəyişdim. Xasiyyətini dəyişməli olan biri varsa da, o qadın olmalıdır və ərinin istədiyi kimi olmalıdır. Odur ki, ərinizin xasiyyətini dəyişməyə çalışmayın! Əks halda, vəziyyəti daha da pisləşdirəcəksiniz. Amma onun səhvlərinə gəlincə isə bunu mülayim yolla da həll etmək olar. Hər halda yumşaqlıq xüsusiyyəti qadınlar üçün deyilib, kişilər üçün yox. Onlar sərt rəftarda ola bilərlər. Buna görə narahat olmaya dəyməz.
3. Tənqid etməyin
Tənqid insanı ruhdan salan bir xüsusiyyətdir. Kişilər isə tərifi daha çox sevirlər, nəinki qadın tərəfdən tənqid olunmağı. Heç bir qadının ərini tənqid etməyə haqqı yoxdur.Ailə həyatını xoşbəxt saxlamağın bir yolu da tənqiddən uzaq olmaqdır. Bir çox boşanma hadisələri də elə bu səbəbdəndir. Çünki tez-tez davam edən tənqid, öcəşmə artıq vərdiş halı alır ki, bunun da sonu yaxşı nəticələnmir.
4. Bir-birinizə səmimi minnətdarlığınızı bildirin.
Minnətdarlıq və səmimi bağlılıq həqiqi ailə xoşbəxtliyinin əsasıdır.Xüsusilə, qadınlar həyat yoldaşlarından həmişə səmimi minnətdarlıq və əldə etdikləri hər hansı bir nailiyyətə görə onlardan alqış gözləyirlər. Amma müsbət münasibət görmədikdə çox məyus olur və onların uğuruna düzgün qiymət verənlərə üz tuturlar.Əslində qadının hər nə qədər üstün cəhətləri olsa belə, onu həyat yoldaşının yanında dilə gətirməməlidir. Çünki kişilər öz xanımlarının üstünlüyünü həzm edə bilmirlər. Zahirən onlara minnətdarlıq bildirsələr də, yenə qəlblərində bəzi kölgə yaranır və bunu yalnız qadın aradan apara bilər. Təbii ki, ərinin yanında özünü bacarıqsız nümayiş etdirməklə və onun üstün cəhətlərini gözəl sözlərlə iqrar etməklə yanaşı. Qadın nə qədər bacarıqlı, güclü olsa da, yaranış baxımından özünü güclü hesab edən kişidən heç vaxt üstün sayılmaz. Həmçinin “güclü qadın” ifadəsi qadının möhkəm iradəsi mənasında işıənib.
Minnətdarlıq, təşəkkür etmək elə xüsusiyyətlərdəndir ki, hətta məhəbbətin zəifləndiyi bir ailəni dağılmaqdan saxlayır. Xoşbəxtliyi hər iki tərəfin minnətdarlığında tapmaq da ailə səadətindəndir. Lakin bəzən tam surətdə iki nəfər arasındakı anlaşma müvafiqliyi qeyri-mümkün olur. Bu məsələ o qədər aydın və məlumdur ki, filosoflardan bəziləri bu barədə«Hər bir kəs özünə bağlıdır», yəni mahiyyət nəzərindən başqası ilə fərqi vardır söyləmişlər. Elmi ifadə ilə desək, insan özünə həsr olunmuş bir növdür. Yəni hər bir insanın vücud və varlığı başqası ilə fərqlidir. Buna görə də qadın və kişinin xasiyyət sarıdan tam müvafiq olaraq sırf müsbət bir nəticəyə yetişməsini gözləmək lazım deyil. Ruhiyələrin müxtəlifliyinə görə evin isti ocağının soyuq və ruhsuz olmaması ilə yanaşı, yaşayışa ürək sıxıntısı və qəmginlik yol tapmasın deyə müxtəlif təqdirəlayiq tədbirlər fikirləşmək lazımdır. Bu məsuliyyət daha çox qadının çiyinlərinə düşür. Bundan əlavə, qadın ailəylə bağlı hər hansı bir məlumat əldə etmək istəsə, gərək diqqətli olsun. Çünki bu sahənin bəzi mütəxəssisləri, psixoloqları belə, həqiqətlə uyğunlaşmayan bir sıra nəzərləri cəmiyyətə çatdırırlar. Məsələn, Los-Anjeles Ailə Münasibətləri İnstitutunun direktoru Pol Popenoy belə bir fikri irəli sürüb deyir: «Kişilərin əksəriyyəti arvad seçərkən ev sahibəsi yox, cazibədar, şöhrət düşkünlüyünə aludə olan və kişilərdən üstünlüklərini hiss etdirən qadın axtarır». Bu kimi məlumatlara bir şox kitablarda rast gəlmək olar. İnsan əqli isə məntiqlə düşünəndə bu nəticəyə gəlir ki, əgər bir qadında yuxarıda qeyd olunan üç xüsusiyyətdən hamısı deyil, hələ biri olsa həmin ailə həyatı çox uzun sürməz.
Bəzi digər ölkələrdə ailə dağılmasının əsas səbəbi qadının özünü ərindən üstün bilməsidir. Həmçinin belə halda istəyir əri daim ona təşəkkür etsin. Dahi, tanınmış Azərbaycan xanımların həyatına nəzər salsaq görərik ki, onların ailə həyatında səmimi minnətdarlıq ən çox özləri tərəfindən olub. Qadının ictimaiyyətdə əldə etdiyi müvəffəqiyyət onun isti ailə ocağını soyutmamalıdır və bilməlidir ki, qazandığı şöhrətə, uğura görə ən başlıcası öz ərinə borcludur, ona minnətdar olmalıdır. Çünki «Qadını qalib edən cəmiyyətdə iştirak etməsinə evdən icazə verən kişidir». Buna görə də ailə həyatını xoşbəxt saxlamaq istəyən hər bir qadın bu nöqtələrə diqqət yetirməlidir.
5. Bir-birinizə kiçik (cüzi) diqqət yetirin.
Bu qadın üçün çox şey deməkdir. Gül qədim zamanlardan bəri məhəbbət rəmzi hesab olunur. Xüsusilə, mövsümündə qiyməti ucuzdur. Çox vaxt yollarda, küçələrin tinində rast gəlmək olar. Amma kişilərin sarı nərgiz gülünü evə nə qədər nadir hallarda gətirdiklərini nəzərə alsaq, ehtimal vermək olar ki, guya həmin gül səhləb kimi bahalı və gec tapılandır. Gül təqdim etmək üçün mütləq xanımın xəstəxanada yatması gərəkdirmi və ya nəsə əlamətdar bir gün olmalıdır? Bu üsul bütün qadınların ürəyincədir. Çünki elə bir qadın yoxdur ki, çiçəkləri sevməsin, onun dəyəri fərq etməz, gül elə güldür, istər dükandan alınsın, istərsə də düzənlikdən lalə dərib qadına təqdim edilsin. Burada əsas məqsəd qadına kiçik diqqət göstərməkdir.
Qadın qəlbi incə və kövrək olduğu üçün incəlik tələb edər. Qadınların həyat yoldaşlarına kiçik diqqət göstərmələrinə gəlincə isə bu onlar üçün bir qədər çətin olur. Beləki əksər xanımlar diqqət göstərməkdən çox özlərinə qarşı diqqət gözləyirlər, amma bu hal qarşılıqlı olmalıdır.
Əslində kişinin diqqətsizliyi bəzən bir sıra səbəblərdən ola bilər, işin çoxluğu, yorğunluq, ailə məsuliyyəti və s. Bu heç də o demək deyil ki, o xanımına qarşı diqqətsizdir. Əksər kişilər qəlblərindən keçəni açıb deməyi bacarmırlar, bu ya onların qürurlarından irəli gəlir və ya daim hədd saxlamalarından, hər qəlbindən keçəni açıb deyən çox vaxt qadındır.
Qırx min ər-arvadın mübahisələrini nəzərdən keçirmiş və iki min ər-arvadı barışdırmış Çikaqolu hakim Cozef Sabbat deyir:
“Əksər hallarda arvad ixtilafının əsasını xırda şeylər təşkil edir. Ər səhər işə gedərkən ona əl etmək adəti kimi sadə şey çoxlu boşanmanın qarşısını alırdı”.
Ər öz məhəbbətini kiçik hədiyyələr və diqqət əlamətləri ilə möhkəmləndirməyə vaxt əsirgəməmişsə, bu onun ailə qayğısına zidd deyil.Əgər həqiqətən ailəni qoruyub saxlamaq istəyiriksə, xeyirxahlıq və fədakarlıq göstərməliyik.Hər necə olursa-olsun, kiçik problemlər, diqqətsizliklər ailədə böyüdülməməli və sonu yaxşılıqla nəticələnən bir tərzdə həllini tapmalıdır.
6. Xoşrəftar olun.
Çox qəribə olsa da danılmaz faktdır ki, əslində xoşagəlməz, təhqiramiz hərəkətlər edib, qəlbə toxunan sözlər ifadə edən insanlar ailə üzvləridir. Bəzən cəmiyyətdə gözəl rəftarla tanınan şəxs ailədə bunun əksinədir.Eyni zamanda ər-arvadın şəxsi ailə səadəti üçün rahatlığı cəmiyyətdəki işgüzar münasibətlərdən daha vacib və əhəmiyyətlidir.
Nəzakət – bu adamda elə yüksək keyfiyyətdir ki, burda artıq insan nəzakət göstərənin özündən çox deyəcəyi sözə diqqət edir. Nigahda nəzakətli münasibət quru torpağa su qədər vacibdir.
İlahiyyatçı, islamşünas: Sara Zahidqızı
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir