Xoşagəlməz ləqəblər
Qurani-Kərimdə insanların bir-birini ələ salmasını, ayıblamasını, qınamasını və bir-birinə xoşagəlməz ləqəblər qoşmasını yasaqlamaqla yanaşı, insanların arasında lazım olan davranış ədəbini nizamlayan əhəmiyyətli göstərişlər var.
Ləqəb insanlar arasında tərifləmə və ya pisləmə məqsədi ilə qoyulan əlavə addır. İnsanların yaxşı məziyyətlərinə uyğun tərif və hörmət məqsədi daşıyan gözəl ləqəblərdən istifadə etmək isə yasaq deyil. Lakin pis xüsusiyyəti ifadə edən ləqəblər isə çirkin ləqəblər sayılır. İstehza nədir? Bu da kimisə zarafatla məsxərəyə qoymaq, şərəf və qürurunu alçaltmağa çalışmaqdır. Burada ağlımıza “Allah-Təalaya istehza etmək yaraşarmı?” sualı gələ bilər.
Bildiyimiz kimi, əslində istehza qarşıdakının şərəf və qürurunu tapdalayıb ayaq altına atmaq, onun qüsurlarını dilə gətirib ona üstüörtülü həqarət etmək və bundan ləzzət almaqdır. Bu isə yolverilməzdir.
Sabit ibn Qeys adlı bir kişinin qulaqları ağır eşidirdi. Məscidə gələn zaman ona yuxarı başda Peyğəmbərin (s) yanında yer verərdilər ki, o həzrətin (s) sözlərini yaxşı eşidə bilsin.
Bir gün o kişi sübh namazına gələndə camaat artıq namazı bitirib yerlərində əyləşmişdi. O, “Yol verin, yol verin” – deyə-deyə camaatı itələyərək önə keçdi. Bu zaman müsəlmanlardan biri mehribancasına Sabitə dedi: “Elə buradaca əyləş, çox irəli getmə”. O, əsəbi halda yerdə oturdu və hava işıqlanandan sonra Qeys dedi: “Sən kimsən?” Həmin müsəlman öz adını söylədi. Sabit dedi: “Filan qadının oğlusan?” Sabit onun anasını xoşagəlməz ləqəblə təqdim etdi. Müsəlman kişi xəcalətindən başını aşağı saldı.
Bu zaman belə bir ayə nazil oldu:
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَى أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَى أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ وَمَنْ لَمْ يَتُبْ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ
“Ey iman gətirənlər! Heç bir qövm digərini məsxərəyə qoymasın. Ola bilsin ki, onlar (məsxərəyə qoyulanlar) o birilərdən (məsxərəyə qoyanlardan Allah yanında) daha xeyirli (üstün) olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərdən (rişxənd edənlərdən) daha yaxşıdır. Bir-birinizə tənə etməyin (ayıb tutmayın) və bir-birinizə pis ləqəblər qoymayın. İman gətirdikdən sonra fasiq damğasını qazanmaq necə pisdir. Məhz tövbə etməyənlər əsl zalimlərdir!” (Hucurat, 49/11)
Beləliklə, Quran öz davamçılarını xoşagəlməz ləqəblərdən, istehza və məsxərələrdən çəkindirdi.
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir