İtaətin Nurunda

İlahi məğfirətə nail olmağın yolları

İlahi məğfirətə nail olmağın yolları

İlahi məğfirətə nail olmağın yolları

 

İlahi məğfirətə nail olmaq üçün bir neçə yol vardır. İnsan o yolların vasitəsi ilə öz ruhunu paklasa, Allahın razılığını qazanar və Onun məğfirətə nail olar. Onlar aşağıdakılardır:

 

1. İslam dinini qəbul etmək.

 

قُلْ لِلَّذِينَ كَفَرُوا إِنْ يَنْتَهُوا يُغْفَرْ لَهُمْ مَا قَدْ سَلَفَ وَإِنْ يَعُودُوا فَقَدْ مَضَتْ سُنَّتُ الْأَوَّلِينَ

“Kafirlərə de: “Əgər (küfrdən) əl çəksələr (və İslamı qəbul etsələr) keçənlər (günahlarına görə çəkməli olduqları cəzalar, əməllərinin qəzası, kəffarələr, Allaha olan borcları və axirət əzabları) onlara bağışlanar. (Amma) əgər (küfrə və haqq ilə mübarizəyə) qayıtsalar, şübhəsiz, (Bizim) əvvəlkilərin (barəsindəki) yolu(muz, Bizim itaətsiz azğınları həlak və məhv etmək barəsindəki ənənəvi qanunumuz) keçmişdir (və bunlarla da elə rəftar edərik)” (“Ənfal” surəsi, ayə 38).

Bu ayədən aydın olur ki, İslamı qəbul edən insanın bütün keçmiş günahları bağışlanır. Bu bütün İslami rəvayətlərdə ümumi bir qanun kimi gəlmişdir və hədislərdə “İslam özündən əvvəlkiləri örtər” ifadəsi ilə qeyd edilmişdir. Amma ayənin ardınca buyurulur: “Əgər əvvəlki əməllərinə qayıtsalar, Allahın əvvəlkilər haqqındakı sünnəti onlara da aid olar”.

2. Tövhid və inam.

 

يَا قَوْمَنَا أَجِيبُوا دَاعِيَ اللَّهِ وَآمِنُوا بِهِ يَغْفِرْ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُجِرْكُمْ مِنْ عَذَابٍ أَلِيمٍ 

“Ey bizim qövmümüz! Allahın dəvətçisini (İslam Peyğəmbərini) qəbul edin və ona iman gətirin ki, Allah bəzi günahlarınızı (İslamdan qabaq Allahın qanunlarına qarşı çıxmağınızı) bağışlasın və (axirətdə) sizə ağrılı əzabdan sığınacaq versin” (“Əhqaf” surəsi, ayə 31).

 

İnsan ən çox öz günahlarından və Qiyamətin ağır əzabından qorxur. Buna görə də ayə bu iki məsələyə arxayınlıq verir ki, hər şeydən əvvəl diqqəti cəlb etsin.

إِنَّا آمَنَّا بِرَبِّنَا لِيَغْفِرَ لَنَا خَطَايَانَا وَمَا أَكْرَهْتَنَا عَلَيْهِ مِنَ السِّحْرِ وَاللَّهُ خَيْرٌ وَأَبْقَى

“Həqiqətən, biz Öz Rəbbimizə iman gətirdik ki, günahlarımızı (şirk etiqadımızı və əməldəki günahlarımızı) və sənin bizi vadar etdiyin sehri bağışlasın. Allah daha yaxşı və əbədidir” (“Ta-ha” surəsi, ayə 73).

3. Allah qarşısında xof və təvazö

 

إِنَّ الَّذِينَ يَخْشَوْنَ رَبَّهُمْ بِالْغَيْبِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ

“Əlbəttə, öz Rəbbindən gizlində (camaat onu görmədiyi halda belə) qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır” (“Mülk” surəsi, ayə 12).

 

Əgər insan gizli günah etməsə, aşkar günahda etməz. Bu kəlmə həmçinin, günahlardan çəkinməkdə və İlahi əmrləri yerinə yetirməkdə ixlaslı (pak niyyətli) olmaq mənasını da verir. Çünki gizli əməldə riya olmaz. Ayədə qeyd olunan məğfirət və mükafat o qədər böyükdür ki, hamı üçün gizlidir.

4. Həqiqi tövbə

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَى رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ

“Ey iman gətirənlər, Allaha – xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün və sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə və bağlara daxil etsin” (“Təhrim” surəsi, ayə 8).

Bu ayə Cəhənnəm atəşindən xilas olmağın yolunu göstərərək buyurur: “Ey iman gətirənlər, Allaha xalis tövbə edin!”

Həqiqi tövbənin 2 xüsusiyyəti var:  sidq ürəklə tövbə etmək və tövbədə möhkəm olmaq.

Tövbənin 5 əsası var: günahı tərk etmək, peşmançılıq, onu həmişəlik tərk etmək qərarına gəlmək, keçmişlərin əvəzini ödəmək və istiğfar.

Tövbənin 5 faydası var:

1) Günahların və pisliklərin bağışlanması;

2) İlahi nemətlərin bol olduğu Cənnətə daxil olmaq;

3) Qiyamət gününün rüsvayçılığından amanda qalmaq;

4) Onların iman və əməl nuru behiştə gedən yollarını işıqlandırar;

5) Allaha diqqətləri daha da artar, çünki Allah dərgahına üz tutublar.

 

Tövbə – Allahın rəhmətinə doğru açılan qapı

 

İnsan çox zaman, xüsusilə də Allaha doğru gedən  yolda bir sıra xətalara yol verir. Əgər geri qayıtmağa yol olmasaydı, məyus olar və həmişəlik yoldan qalardı.

İslam günahkarları tərbiyə sistemində fövqəladə əhəmiyyətə malik olan tövbəyə doğru çağırır.

Rəvayətlərdə tövbə etməyə o qədər təkid olunur ki, imam Baqirdən (ə) gəlmiş bir hədisdə buyurulur: “Allah-təala bəndəsinin tövbəsindən, zülmət gecədə biyabanda öz yükünü itirib, sonradan tapan şəxsdən də çox sevinir”.

Tövbə yalnız dilin tərpənişi və “əstəğfirullah” demək deyil. Tövbə edərkən tövbənin şərtlərinə kamil əməl etmək lazımdır ki, tövbə suyu günahın bütün pis nəticələrini insanın can və ruhundan yuyub apara bilsin.

5. Allah Rəsuluna (s) tabe olmaq

 

إِنَّ اللَّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ 

“Həqiqətən, Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi” (“Ali-İmran” surəsi, ayə 33).

Peyğəmbərə (s) həqiqi məhəbbətin göstəricisi onun göstərişlərinə əməli olaraq tabe olmaqdır.

Allahı sevdiyini iddia edən şəxsin ilk əlaməti Onun elçisinə (s) tabe olmaqdır. Həqiqi məhəbbət mütləq əməldə özünü büruzə verər və aşiq daim məşuqunun istəkləri uğurunda çalışar.

6. İlahi təqva

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيَغْفِرْ لَكُمْ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ

“Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir” (“Ənfal” surəsi, ayə 29).

 

İman və təfəkkür – bu qısa və məna dolu kəlmə insanın taleyini müəyyənləşdirən ən mühüm məsələyə aydınlıq gətirir.

İnsanı qələbəyə doğru aparan yol daim enişli-yoxuşlu olub. İnsan o yolu yaxşı görməsə, tanımasa və ehtiyat etməsə elə süqut edər ki, ondan əsər-əlamət qalmaz. Bu yolda ən əhəmiyyətli məsələ haqqında batili, yaxşı ilə pisi, dostla düşməni, fayda ilə zərəri, səadət və bədbəxtlik amillərini tanımaqdır. Əgər insan bu həqiqətləri yaxşı tanısa məqsədə çatmaq onun üçün asan olar. Çünki çox zaman insan səhv edib batili haqq olaraq qəbul edir. Bu zaman güclü təfəkkür, uzaqgörənlik və nuraniyyət insanın köməyinə gəlir.

Həmin ayədə buyurulur ki, bu təfəkkür və baxış təqva ağacının meyvəsidir. Amma təqva və pərhizkarlıq insana necə iti düşüncə və aydın baxış verə bilər?

Əvvəla, insanın ağılı həqiqətləri kifayət qədər dərk edə bilir. Amma qəzəb, həsəd, tamah, şəhvət, dünyaya ifrat bağlılıq ağılı dumanlandırır. Bu halda insan haqla batili seçə bilmir. Təqva isə bu dumanı aradan aparıb haqqın çöhrəsini işıqlandırır.

İkincisi, bilirik ki, bütün kamallar haqqın kamalının süalarıdır. İnsan Allaha yaxınlaşdıqca mütləq kamalın daha güclü şüaları onun vücudunda əks olunur. Buna əsasən, deyə bilərik ki, bütün elm və biliklər Onun elmindən qaynaqlanır. İnsan təqva, nəfsin həva-həvəslərindən çəkinməklə Allah-təala yaxınlaşır və beləliklə o, elm və bilikdən daha çox faydalanmış olur:

وَاتَّقُوا اللَّهَ وَيُعَلِّمُكُمُ اللَّهُ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ 

“Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir” (“Bəqərə” surəsi, ayə 282).

Üçüncüsü, əqli təhlillər də göstərir ki, təqva ilə həqiqətləri dərk etmək arasında əlaqə var. Çünki bir cəmiyyətdə ki, onun mehvəri həvayi-həvəsdir və təbliğat vasitələri fəsad, azğınlıq, əxlaqsızlığı yayır, televizor telekanalları həva-həvəsə xidmət edir, belə bir cəmiyyətdə haqla batili, yaxşı ilə pisi ayırmaq çoxları üçün çətin bir məsələdir.

Təqva dedikdə, yalnız əməli təqva deyil, eyni zamanda fikri və əqli təqva da nəzərdə tutulur.

Fikri təqva – yəni düzgün və əhəmiyyətli məsələlər haqqında düşünmək, təhqiq etmədən heç bir məsələyə etiqad etməmək. Fikri təqvaya yiyələnmədən insan asanlıqla düzgün nəticəyə gələ bilməz.

Dördüncüsü, pərhizkarlığın başqa faydası haqqında Qurani-kərimdə belə buyurulur:

“Allah sizin günahlarınızı örtər və onların təsirini vücudunuzdan təmizləyər”.

“Allahdan başqa heç kimin bilmədiyi başqa mükafatlar da sizi gözləyir. Çünki Allah-təala böyük ehsan (fəzl) sahibidir”.

“Ey iman gətirənlər, Allahdan qorxun, doğru və möhkəm söz danışın! Əgər (belə etsəniz) Allah sizin əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun Rəsuluna itaət etsə, həqiqətən, böyük bir səadətə nail olar” (“Əhzab” surəsi, ayə 70-71).

Təqva dilin – ilahi sözün sərçeşməsinin islahına səbəb olur. Haqq söz danışmaq insanın əməllərini islah edər, saleh əməl isə günahların bağışlanmasına səbəb olar:

 إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ذَلِكَ ذِكْرَى لِلذَّاكِرِينَ

“Yaxşılıqlar günahları aradan aparar” (“Hud” surəsi, ayə 114).

 

Əxlaq alimlərinin nəzərincə: “Dil bədənin ən bərəkətli üzvüdür və itaət, hidayət və islah üçün ən təsirli vasitədir, eyni halda da bədənin ən təhlükəli və ən çox günah edən üzvüdür. Belə ki, təxminən böyük günahlardan otuzu bu üzv vasitəsilə yerinə yetirilir”.

Peyğəmbər (s) buyurur: “Allah bəndələrindən heç birinin imanı kamil olmaz, qəlbi düz olmasa. Qəlbi düz olmaz, dili düz olmayınca”.

Bundan da üstün qələbə və hidayət ola bilməz ki, insanın əməlləri pak, günahları bağışlanmış olsun və Allah qarşısında üzüağ olsun.

7. Ləyaqətli əməl

إِلَّا الَّذِينَ صَبَرُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَئِكَ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ 

“Səbr edib yaxşı işlər görənlər müstəsnadır. Bağışlanma və böyük mükafat məhz onlar üçündür” (“Hud” surəsi, ayə 11).

 

Yaxşı əməlin iki təsiri var: biri günahların yuyulması, digəri böyük mükafatlar.

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ 

“Allah iman gətirib yaxşı işlər görən kəslər üçün bağışlanma və böyük mükafat olacağını vəd etmişdir” (“Maidə” surəsi, ayə 9).

8. Sədəqə vermək

إِنْ تُبْدُوا الصَّدَقَاتِ فَنِعِمَّا هِيَ وَإِنْ تُخْفُوهَا وَتُؤْتُوهَا الْفُقَرَاءَ فَهُوَ خَيْرٌ لَكُمْ وَيُكَفِّرُ عَنْكُمْ مِنْ سَيِّئَاتِكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

“Əgər sədəqələri aşkar etsəniz o, yaxşı bir işdir və əgər onu yoxsullara gizli şəkildə versəniz bu, sizin üçün daha yaxşıdır və (Allah) günahlarınızdan təmizləyər. Allah əməllərinizdən xəbərdardır” (“Bəqərə” surəsi, ayə 271).

 

Şübhəsiz ki, Allah yolunda aşkar və gizli sədəqə verməyin faydaları var.

Aydın olur ki, Allah yolunda sədəqə vermək insanın günahlarının bağışlanmasında dərin təsir qoyur. Bu sədəqənin miqdarına və ixlasa bağlıdır. Əhli-beytdən (ə) olan bir hədisdə buyurulur: “Gizli sədəqə vermək Allahın qəzəbini söndürür və su odu söndürdüyü kimi insanın günahlarını aradan aparır”.

9. İstiğfar

وَمَنْ يَعْمَلْ سُوءًا أَوْ يَظْلِمْ نَفْسَهُ ثُمَّ يَسْتَغْفِرِ اللَّهَ يَجِدِ اللَّهَ غَفُورًا رَحِيمً

“Hər kimi pis iş görsə, yaxud özünə zülm etsə, sonra Allahdan bağışlanma diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər” (“Nisa” surəsi, ayə 110).

 

İstiğfar – həqiqi tövbənin elə bir təsiri var ki, insan onu öz varlığının dərinliklərində hiss edir. Digər tərəfdən günahın pis nəticələri Allahın bağışlanması ilə aradan gedir, insan Allaha yaxınlaşdırır.

Bir şəxs imam Sadiqin (ə) yanında “əstəğfirullah” dedi. İmam (ə) buyurdu: “Bilirsənmi istiğfarın mənası nədir? İstiğfar uca məqamlı şəxslərin dərəcəsidir və onun 6 mənası var:

1. Keçmiş günahlardan peşman olmaq;

2. Günahı təkrar etməmək qərarına gəlmək;

3. Camaatın haqqını qaytarmaq;

4. Zay olmuş bütün vacibatları yerinə yetirmək;

5. Bədənində haramdan bitmiş ətləri qəm-qüssə ilə əritmək;

6. Günahın şirinliyini daddığın kimi itaətin əziyyətini də dadmaq – bundan sonra “əstəğfirullah” de”.

 

10. Allah yolunda cihad

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا هَلْ أَدُلُّكُمْ عَلَى تِجَارَةٍ تُنْجِيكُمْ مِنْ عَذَابٍ أَلِيمٍ

تُؤْمِنُونَ بِاللَّهِ وَرَسُولِهِ وَتُجَاهِدُونَ فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ ذَلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ 

“Ey iman gətirənlər, sizə elə bir ticarət (yolu) göstərimmi ki, sizi ağrılı əzabdan qurtarsın”.

“Allah və Onun Rəsuluna iman gətirin və Allah yolunda mallarınızla və canlarınızla cihad edin. Əgər bilsəniz, sizin üçün daha xeyirlidir” (“Səff” surəsi, ayə 10-11).

İman və cihad misilsiz, mənfəətli bir ticarətdir. Şübhəsiz ki, Allahın bu faydalı ticarətə ehtiyacı yoxdur. Onun bütün mənfəətləri möminlərə aiddir. Ayədən başa düşülür ki, Peyğəmbərə (s) tabe olmaq Allaha tabe olmaqla bərabərdir.

Həmçinin, cihad iki növü zikr olunur:

1. Mallarınızla; 

2. Canlarınızla.

Bu iki növ cihad daim birlikdə və bərabər tutulmalıdır. Mal ilə olan cihadın canla olan cihaddan əvvəl gəlməsi onun üstünlüyünü göstərmir. Bu ona görədir ki, malla olan cihad canla olan cihadın müqəddiməsidir. Odur ki, əvvəl gəlib.

Bütün döyüşlərin maddi bazaya ehtiyacı var. Bəzilərinin həm mal, həm də canla cihad etməyə imkanı var. Bəzilərinin isə yalnız canı var və canlarını qurban verməyə hazırdır. Axirət nemətləri haqqında danışarkən ilk növbədə insan günahlarının bağışlanması barədə düşünür. Çünki insanın əsas narahatlığı günahlarındandır. Əgər günahlar bağışlansa insan qurtulmuş olar. Buna görə də bu ifadə göstərir ki, şəhidlərə ilk hədiyyə onların bütün günahlarının bağışlanmasıdır.

11. İnsanlara qarşı güzəşt və mehribanlıq

وَلَا يَأْتَلِ أُولُو الْفَضْلِ مِنْكُمْ وَالسَّعَةِ أَنْ يُؤْتُوا أُولِي الْقُرْبَى وَالْمَسَاكِينَ وَالْمُهَاجِرِينَ فِي سَبِيلِ اللَّهِ وَلْيَعْفُوا وَلْيَصْفَحُوا أَلَا تُحِبُّونَ أَنْ يَغْفِرَ اللَّهُ لَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ

“Sizin maddi baxımdan üstün və dolanışıqda rifah içində olanlarınız qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə bəxşişi tərk etməyə and içməsinlər. Gərək (onların acıdil və kobud olmalarını) əfv etsinlər və (təqsirlərindən) keçsinlər. Məgər Allahın sizi bağışlamasını istəmirsiniz? Allah çox bağışlayan və mehribandır” (“Nur” surəsi, ayə 22).

Ayədə buyurulur: necə ki, öz günahlarınızın bağışlanmasını istəyirsiniz özünüz də başqalarına qarşı güzəşt və əfvi unutmayın.

Bu ayə bu günün, sabahın və gələcəyin müsəlmanları üçün böyük bir dərsdir. Əgər bəziləri günah və xətaya yol verirlərsə, onları həddən artıq ağır cəza ilə cəzalandırmaq olmaz. Onlar İslam cəmiyyətindən uzaqlaşdırılsalar düşmənin ağuşuna düşər (qapısını döyər) və onlardan birinə çevrilərlər.

12. Böyük günahlardan çəkinmək

إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا

“Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik (Günahların böyük və kiçik adlandırılmaları onların fərdi və ya ictimai fəsadlarına görədir. Amma əslində Allaha itaətsizlik olması baxımından götürüldükdə bütün günahlar böyükdür)” (“Nisa” surəsi, ayə 31).

Böyük günahlar haqqında Əhli-beytdən (ə) gəlmiş hədislərdə belə buyurulur: “Böyük günahlar Allahın onlar üçün Cəhənnəm atəşi vəd etdiyi günahlardır”.

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

2009 / 02 (006)


 172, 

Dostların veb səhifələri

1946629
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3978
7337
11315
1793244
97035
151094
1946629

sizin IP ünvanınız: 54.224.11.137
2018-08-20 19:21

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!