Ehsan və zəkatın sirri
Ariflərdən biri buyurub: «Malın ehsan və zəkatının sirri bəndənin sınağıdır və onda üç sirr var:
- Şəhadəteyni deyən hər bir kəs, Məbudun təkliyini iqrar edir və tövhidi lazım bilir. Əgər öz dediyinə və şəhadətinə kamil şəkildə vəfa etmək istəyirsə, Allahdan başqa heç bir Məbudu qəbul etməməlidir. Çünki məhəbbətdə şəriklik mümkün deyil. Tövhidi dillə demək faydasızdır. Məhəbbətin dərəcəsini yalnız istədiyi şeyləri ayırmaqla ölçmək olar. Mal-dövlət də insanın sevdiyi şeylərdəndir. Çünki onunla dünyadan faydalanır. İnsan mal-dövlət vasitəsilə bu dünya ilə ünsiyyət qurur. Mal-dövlət insanı Məhbubu ilə görüşməyinə vasitə olan ölümdən ayırır. Buna görə də insan onun vasitəsilə imtahan olunur, necə ki, Allah-təala buyurub: «Allah möminlərin canını və malını onlardan alıb ki, əvəzində onlara behişt versin».
- Bəşəriyyəti həlak edən paxıllıq kimi rəzil sifətlərdən insanların paklanması.
Peyğəmbər (s) buyurub: «Üç şey insanın həlak olmasına səbəb olar: insanın itaət etdiyi paxıllıq, həvayi-nəfsi və insana qələbə çalan təkəbbür və qürur».
Qurani-Kərimdə buyurulur: «Paxıllıqdan amanda qalanlar düz danışanlardır». Paxıllıq sifəti yalnız o zaman aradan gedər ki, insan öz malından bəxş etməyə adət etsin.
Təbii ki, sevdiyimiz şeylərdən ayrılmaq çətindir. Yalnız özümüzü bu işə məcbur etməliyik ki, adət şəklini alsın.
Bu elə bir işdir ki, əvvəldə olduqca çətin olur, çox təkrar etməklə isə nəfsin adətinə çevrilir və insanın sevinc və şadlığına səbəb olur. Bu yolla ehsan öz sahibini xoşagəlməz sifətlərdən paklayır. Əlbəttə diqqət etmək lazımdır ki, hər bir kəsin paxıllıq sifətindən paklanması Allah yolunda etdiyi yaxşılıq miqdarında olur.
- Allah nemətlərinin şükrünü yerinə yetirməkdir, çünki Allah-təala hər bir bəndəyə həm canını, həm də malını nemət verib. Canın şükrü bədənin ibadətilə, malın şükrü onun Allah yolunda xərclənməsi ilədir. Bir kəs üçün bu çox böyük bir rəzillikdir ki, ona ehtiyacı olan və ruzisi olmayan fəqiri görə, amma İlahi nemətin şükrünü yerinə yetirməkdə və o fəqiri başqalarından ehtiyacsız etməkdə nəfsi ona mane ola.
Yaxşılıq etmək istəyən bir şəxs qəlbində xeyirxahlıq hissi qaynayan zaman fürsəti qənimət bilib ehsan etməlidir. Bu zamanməbadə şeytan ona vəsvəsə edib onu xeyir işindən saxlaya. İnsan gərək fəqirisorğu-sual etmədən ehsan etməlidir. Çünki hədislərdə gəlib ki, sorğu-sualdan sonra olunan ehsanın heç bir dəyəri yoxdur.Çünki o yaxşılıq heç də əvəzsiz verilmiş hesab edilmir. Onun əvəzində sailin abrı aradan gedir. Yaxşılıq etmək üçün şərəfli ayları və vaxtları məs: Ramazan ayı, Zilhiccə ayı, Qədir Xum bayramı və Məkkə, Mədinə kimi şərəfli yerləri seçmək lazımdır.
Müstəhəb ehsan elə verilməlidir ki, sağ əlin verdiyindən, sol əlinin xəbəri olmasın.
İmam Sadiq (ə) buyurub: «And olsun Allaha, gizlində verilən sədəqə aşkarda verilən sədəqədən yaxşıdır».
İmam Sadiq (ə) İşa namazından sonra gecənin bir yarısı kisəni çörək, pul və ətlə doldurub çiyninə alar və Mədinə fəqirlərinin yaşadığı yerə tərəf yollanardı.Apardıqlarını fəqirlərin arasında elə paylayardı ki,heç kəs onu tanımasın. Yalnız o həzrət (ə) dünyadan köçdükdən sonra fəqirlər onun kim olduğunu bildilər.
Peyğəmbər (s) buyurub: «Gizlində verilən sədəqə Allahın qəzəbini söndürər».
İmam Sadiq (ə) buyurub: «Allahın vacib buyurduğunu aşkarda icra etmək gizlində etməkdən daha yaxşıdır. Allahın müstəhəb buyurduğunu isə gizlində etmək aşkarda etməkdən daha yaxşıdır».
Peyğəmbərdən (s) soruşdular: Hansı sədəqə daha yaxşıdır? Cavabında buyurdu: «O sədəqə ki, onu verən zamansağlam olasan, yaşamaq arzun ola və fəqirlikdən qorxasan və daha gözləməyəsən ki, canın hülqumuna çata (yəni ölümün yaxınlaşa) və deyəsən ki, filan şeyi filankəsə verin».
Yaxşılıq edənin vəzifələri
Yaxşılıq edən şəxs öz yaxşılığını az hesab etsə, Allah yanında böyük hesab olunar. Yaxşılıq sahibibu işdə Allahın lütfünü və savabını yadına salmalıdır.
İmam Sadiq (ə) buyurub: «Üç xüsusiyyət olmasa, etdiyin yaxşılıq qəbul olunmaz: onu kiçik hesab etmək, gizlində vermək və verərkən tələsmək (yəni yaxşılıq etməyi təxirə salmamaq). Əgər yaxşılığı kiçik saysan, onu Allah yanında böyük etmisən, əgər onu gizlin etsən, kamala çatdırarsan və verəndə tələssən, onu dadlı etmisən. Əgər belə etməsən, ehsan bərəkətsiz və batil olar».
Yaxşı olar ki, ən yaxşı, ən çox sevdiyin və şəkk-şübhədən uzaq olan bir şeydən ehsan edəsən. Qurani-Kərim bu barədə buyurur: «İstədiyiniz şeylərdən ehsan etməsəniz, yaxşıların məqamına çata bilməzsiniz».
Başqa bir yerdə buyurub: «Təmiz yolla ələ gətirdiklərinizdən ehsan edin».
Hədislərdə buyurulur ki, sədəqə dilənçinin əlinə keçməzdən əvvəl Allah-təala onu öz əlinə alar. Bəli, sədəqələri alan Allahdır. Buna görədir ki, Quran ayələrində gəlib: Allaha qərzul-həsənə – yəni gözəl borc verən kimdir? Ehsan edən şəxs sədəqə verdiyi şəxsdən onun üçün dua etməsini istəməlidir. Çünki hədislərdə dilənçinin, ehtiyac sahibinin duasının müstəcəb olması qeyd olunmuşdur. Əgər hər hansı bir səbəbüzündən dilənçini özündən uzaqlaşdırmaq istəyən şəxs bu işi yalnız məhəbbətlə etməlidir. Çünki hədislərdə belə gəlmişdir: "Dilənçiyə az da olsa bir şey verməklə ehtiram et, yaxud onu mehribanlıqla uzaqlaşdır."
Hədislərdə buyurulub ki, "insan gərək az bir şey bağışlamaqdan utanmasın. Çünki bir şəxsi naümid etmək hər şeydən daha kiçikdir."
Həmçinin, minnət qoymaqdan və əziyyət etməkdən çəkinsin ki, Qurani-Kərim bu barədə buyurub: «Öz sədəqələrinizi minnət qoymaqla batil etməyin».
Sədəqə istəyənin vəzifələri
Yaxşıdır ki, dilənçi ona edilən yaxşılığı Allahın əmriolduğunu bilməlidir və yalnız ehtiyacı olan mühüm işlər üçünbaşqalarından bir şey istəməlidir. Dilənçinin gərək ibadət üçün qəlbi və fikri asudə olsun.O, Allaha şükr etməli, ona hədiyyə edənlərə təşəkkür və onlar üçün dua etməlidir. O həmçinin bütün nemətlərin Allah tərəfindən olduğunu bilməli və Ona sitayiş etməlidir.
Peyğəmbər (s) buyurub: «İnsanlara təşəkkür etməyən Allaha da şükr etməz».
Möminlər üçünən yaxşısı budur ki, bacardıqca başqalarından bir şey istəməsinlər. Çünki başqalarından bir şey istəmək öz ardınca xarlıq, fəqirlik və Qiyamət gününün uzun-uzadı hesabını gətirir.
Bir gün Peyğəmbər (s) öz səhabələrinə dedi: «Mənimlə beyət etmirsiniz?»
Dedilər: «Ya Rəsuləllah, səninlə beyət etmişik axı».
Peyğəmbər (s) dedi: «Bu dəfə beyət edin ki, camaatdan bir şey istəməyəcəksiniz».
Bundan sonra bəzən elə olurdu ki, onlardan birinin əlindən əsa düşdükdə, özü əyilib onu qaldırırdı və heç kəsə demirdi ki, onu versin.
Rəsuli-Əkrəm (s) buyurub: «Əgər sizlərdən biriniz bir kəndir götürüb onunla bir quru ağacı kürəyinə alıb çəkə və sata, bununla da abrını qoruya, bu dilənçilik etməkdən daha yaxşıdır».
Həmçinin buyurub: «Hər kəs bizdən bir şey istəsə, verərik, hər kəs öz ehtiyacını izhar etməsə, Allah onu ehtiyacsız edər».
İmam Sadiq (ə) buyurub: «O kəs bizim şiəmizdir ki, acından ölsə də heç kəsdən bir şey istəməsin».
Yenə buyurub: «Əgər dilənçi bilsə ki, bu işi görməklə necə ağır bir işi öz çiyininə götürüb, heç kəsdən bir şey istəməz. Və əgər ehsan edən bilsə ki, öz paxıllığı ilə necə bir günah edib, heç vaxt dilənçini əliboş qaytarmaz».
Həmçinin buyurub: «Hər kəs ehtiyacı olmadan dilənçilik edərsə, Cəhənnəm atəşini yeyən kəs kimidir».
İlahiyyatçı,Ülviyyə Ağayeva
İstifadə olunan mənbə: Seyyid Abdullah Şübbərin «Əxlaq» əsəri
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir