Allahla Peyğəmbərin (s) rabitəsi
1- Allahın Peyğəmbərlərlər (s)-lə söhbətinin növü və necəliyi
İlahi peyğəmbərlərə göndərilən vəhyin növünə “Nübuvi vəhy” deyilir. Bu vəhy bütün növlərdən daha üstündür və o peyğəmbərlərə olan vəhydir. Quranda bu xüsusiyyət 70 dəfəyə yaxın peyğəmbərlər üçün işlənmişdir. Həmçinin, bu asimani söhbəti yalnız İlahi iradəyə sahib şəxlər dərk edə bilər və həmin möhkəm iradə, ağıl, şüur sahibləri peyğəmbərlər olub.
Peyğəmbərlərlə Allah arasında olan söhbət əsasən üç cürdür;
1 Müstəqim yolla (birbaşa, qəlbə ilham, yuxu)
Müstəqim vəhyin necəliyi
"Müstəqim" vəhy - Birbaşa (vasitəsiz) olan vəhy. Bura həm Allahın Peyğəmbərin batininə hər hansı bir şeyi birbaşa və vasitəsiz ötürməyi və ilham etməyi, həm də sidq (doğru) yuxular daxildir. Birbaşa və vasitəsiz olan vəhy hz. Peyğəmbər (s) üçün vəhyin ən ağır növü idi. Çünki heç bir vasitə olmadan peyğəmbər Allahın qarşısında rabitəyə bağlanır və buna dözmək çətindir. Bu vəhy baş verən zaman peyğəmbərin (s) halı dəyişirdi, hərarəti çoxalır və vücudunda titrəmə yaranırdı. Üzünün rəngi dəyişər, bəzən qızarar və bəzən isə tutqunlaşardı. Sanki, həzrətin iztirabı üzünün rənginin dəyişməsi ilə özünü biruzə verirdi. Hətta vəhyin təsirindən özündən getdiyi hallar da olurdu. Bir sözlə ağrılardan Peyğəmbərin (s) bütün vücudunda halsızlıq yaranırdı.
Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik. Muzəmmil -5
Təbərsidən gələn rəvayətdə qeyd olunur. Haris ibn Hişam peyğəmbərdən soruşur: Vəhy sizə necə nazil olur? Buyurur: “Bəzən zəng səsi gəlir və bu şiddətli surətdə məni əzgin və xəstə edir. Bu halda bütün deyilənləri əzbərləyirəm və bəzən də kişi surətində mələk mənlə irtibata keçir. O nə desə, mən əzbərliyirəm.
Yaxud da həzrətdən soruşulduqda ki, vəhyi necə hiss edirsiniz? Buyurdular: ̶̶ Bir zəng səsi eşidirəm və həmin an tamamilə sakit oluram. Vəhy bitənə qədər bədənimdə qeyri-adi bir hissi yaşayıram.
Bu hal müstəqim vəhyin əlaməti idi və həzrət üçün çox çətin olurdu. Bəzi rəvayətlərdə vəhyə “Burahai vəhy” də deyilib, yəni şiddətli, hərarətli vəhy və bu mənanı müstəqim vəhyə yozublar.
1) Zəng cingiltisi və ya iki dəmiri bir-birinə vurarkən eşidilən səs
2) Peyğəmbərin vücudunu həyəcan, təşviş bürüyər və hərarətdən qızarardı. Təskinlik tapması üçün sərin su ilə yuyunar və üstünü örtərdi.
3) İstiliyi o qədər şiddətli olurdu ki, hətta soyuq bir gündə üzündən və başından tər axırdı.
4) Bəzən çöhrəsində qırmızılıq və bəzən də göylük zahir olardı.
5) Bəzən özündən gedər və qəşş edərdi.
6) Əzabların şiddətinə dözməyi bacarırdı.
7) Bəzən o qədər ağır olurdu ki, hətta yatağından qalxa bilmirdi.
8) Bəzən də güclü baş ağrılarına düçar olurdu.
Zürarə İmam Sadiqə (ə) belə ərz edir: Sənə fəda olum, hz. Peyğəmbərdə (s) vəhy nazil olarkən baş verən özündən getmə və huşsuz olma necə idi? İmam Sadiq (ə) buyurudu: "Bu vəhyin həmin qismində idi ki, O həzrətlə Allah arasında heç bir vasitə olmurdu. Allah-təala o həzrət üçün təcəlla edirdi." Sonra İmam xuşu halında buyurdu: "Ey Zürarə, bu həmin nübuvvətdir."
- Pərdə arxasından olan vəhy (həzrəti Musanin (ə) Allahla söhbəti)
Vəhyin bu növündə Allah-təala səs yaradır və Peyğəmbər həmin səsi eşidir. Ancaq danışanın kim olduğunu görmür. Bu səbəbdən vəhyin bu növünü pərdə arxasından olan danışığa oxşadıblar. Allahla söhbət, yəni, Allahla məxluq arasında heç bir vasitə olmadan söhbət. Həzrət Musanın (ə) Tur ağacı arxasından eşitdiyi Allahın sözü idi. Lakin Musa (ə) o nidanı yalnız həmin nahiyədə eşitdi.
Hz. Musaya Tur dağında olan vəhy vəhyin bu növündəndir.
"Musa odun yaxınlığına gəldikdə o vadinin sağ tərəfindən, o bərəkətli (mübarək) torpaq sahəsindən, (oradakı) ağacdan nida gəldi ki; «Ya Musa, şübhəsiz, aləmlərin Rəbbi olan yeganə Allah Mənəm».
3. "Qeyri-müstəqim" - Mələk vasitəsi ilə (mələyin gözə görünməsi, müxtəlif səslər eşitməklə)
Mələk vasitəsilə Allahla söhbət;
“(Ya Rəsulum! Əvvəlki peyğəmbərlərə vəhy nazil etdiyimiz kimi) sənə də beləcə əmrimizdən olan bir ruh vəhy (möminlərə mənəvi həyat verən Quran) göndərdik”. (Şüəra surəsi, ayə-52)
Bu ayədən məlum olur ki, "ruh" kəlməsi ayədə olan həmin "ruhul-əmin"dir. Buna əsasən, Quran və onun hissələri Allah tərəfindən vəhy mələyinin vasitəsilə (Cəbrayıl və ruhul-əmin) göndərilmişdir
"Qeyri-müstəqim" vəhy - Peyğəmbərə (s) Cəbrailin (ə) vasitəsilə gələn vəhydir və bu növ çətin deyildi. Mələk (Cəbrail) vasitəsi ilə olan vəhy bəzən mələk Allah-Təalanın kəlamlarını Peyğəmbərlərə çatdırır və Peyğəmbər də bəzən onu görür, bəzən isə onu görməyərək dediklərini eşidirdi.
İlahi vəhyin daşıyıcısı olan Cəbrail (ə) ayələri mələklərin dəstəsi və xüsusi mühafizəsi ilə nazil edərmiş. Qeyri-müstəqim vəhydə Cəbrail (ə) bəzən insan simasında Peyğəmbərin (s) qarşısında mücəssəm olurdu.
Qeyri-müstəqim vəhydən ələ gələn məlumatlardan belə məlum olur ki, onu qəbul etmək Peyğəmbər (s) üçün çox ağır olmayıb.
Çünki, İmam Sadiq (ə): “Cəbrayıl gələndə bəndələr kimi Peyğəmbərin hüzurunda oturardı və icazəsiz daxil olmazdı və bu Peyğəmbərin əzəmətinə işarədir”.
الأمِين نَزَلَ بِهِ الرُّوحُ Onu Cəbrail (Ruhul-Əmin) endirdi:
عَلَى قَلْبِكَ لِتَكُونَ مِنَ الْمُنْذِرِين (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi)” Şuəra 192-194
2- Peyğəmbərlərin ilahi söhbəti tanımaları
Bütün peyğəmbərlər vəhyi tanımış və onu diğər ilhamlardan ayırd edə biliblər. Cəbrail vasitəsi ilə olan vəhyi və Allah kəlamını aydın bilirdilər. Peyğəmbərlərə ilk vəhy gəldikdə onu tanıyır və bilirdilər. İslam Peyğəmbəri ona vəhy nazil olanda tanıyıb və bilib ki, o vəhydir. Həm mələyi görürdü və həm də qəlbinə aramlıq, sükunət gəlirdi.
Zürarə deyir: İmam Sadiqə (ə) ərz etdim ki, necə Peyğəmbər (s) Allah-təala tərəfindən ona vəhy gəldiyi zaman qorxmurdu ki, bu xəbər İblis tərəfindən olar və bunu şeytan onun qəlbinə daxil edər. İmam Sadiq (ə) buyurdu: "Allah-Təala hər hansı bir bəndəni özünə rəsul seçdikdə onun qəlbinə sükunət və vüqar nazil edir. Sonra Allahın xəbər gətirəni onun yanına gəlir. Peyğəmbər digər şəxsləri gözü ilə gördüyü kimi onu da gözü ilə görür."
Lakin tarixi rəvayətlərdə bu məsələ ilə bağlı bəzi əsassız məlumatlar mövcuddur və onlardan biri də Peyğəmbərin mələyi və ya Allahın sözünü tanıması barədədir. Və bu rəvayət Vərəqat ibni Nofəldən gəlib (əhli-sünnə).
O demişdir ki, Peyğəmbərə vəhy gələndə o qorxar, pis olardı. Bir dəfə bir neçə gün Həra mağarasında qaldı. Xədicə onu çox axtardı. Sonra evə qayıdanda peyğəmbərin halının pis olduğunu görüb səbəbini soruşdu. Daha sonra rəsulallah hadisəni “Xədicəyə danışdı (mağarada vəhyi qəbul etməsini). Sonra peyğəmbər sanki məsələnin həqiqətini bilmək üçün Xədicəyə danışdı və Xədicə də həmin an ona deyir ki, sən peyğəmbərsən. Sonra xanım Xədicə bu hadisəni əmisi Nofələ danışır, o çox təəccüblənib deyir, bu həmin vəhydir ki, Musaya da gəlmişdir”. Bu rəvayətdən üç şübhə meydana gəlir.
1. Necə ola bilər ki, Allah öz peyğəmbərini təyin edir, amma ona peyğəmbər olduğunu bildirmir. Xanım Xədicə ona deyir ki, sən peyğəmbərsən.
2. Peyğəmbər mələklə görüşdüyünü Xədicəyə deyəndə o da guya belə cavab verir; bu ya mələkdir ya da şeytan. Sonra peyğəmbərə o tərəf-bu tərəfə dönməsini xahiş edir və görür ki, sağlamdır. Yalnız o vaxt deyir ki, sənin görüşdüyün adam mələkdir və Allah tərəfindən göndərilib. Məgər Allah mələyi peyğəmbərə tanıtdırmamışdımı? Başqası bunu necə ayırd edə bilər? Belə məlum olur ki, peyğəmbər bunları bilmirdi?
3. Vəraqat ibni Nofəlin özünün təfəkküründə anlaşılmayan məqamlar var. Deyilənə görə o, əvvəllər xristyan olub (əhli-sünnənin alimlərinin nəzərinə əsasən) və İslamdan əvvəlki kitablardan xəbəri vardı. Deyilənə görə o, Hənif dinində idi (İbrahimin dini). Xanım Xədicənin əmisi olduğu üçün həmişə Peyğəmbərin yanında məqam, mövqe tutmaq həvəsində olub və təbii ki, belə hədislər nəql etməklə özünü Peyğəmbərə yaxın qohum kimi qələmə vermək istəyib.
Bundan başqa heç bir peyğəmbər vəhydən qorxmayıb. Həzrət Musa (ə) Allahla danışardı. Bundan əlavə, Peyğəmbər vəhyi və mələyi tanımıyandan sonra necə ola bilər ki, Xədicə və Nofəl onu daha yaxşı tanıyırlar və peyğəmbərə tanıtdırırlar, bir halda ki, Quranda buyurulur: “Bu söhbət heç bir bəşər övladına müəssər olmayıb”. Yəni, bu ilahi rabitənin cəhətlərini, növlərini, xüsusiyyətlərini və həmçinin onları çatdıran mələyi özlərindən başqa heç kəs tanıya bilməz. Bu fikirlər belə bir böyük şəxsin elminə, peyğəmbərliyinə necə nisbət verilə bilər?! Tarixdə bunun kimi əfsanəvi, saxta hədislər çoxdur.
3- Peyğəmbərlərlə bəşər arasında fərq
Peyğəmbərlərə tutulan iradlardan biri də budur ki, deyirlər; “Allah onlarla insanlar arasında fərq qoymur və onlar da adi bəşərdilər”.
Düzdür onlar yaradılış baxımından bəşərdirlər. Lakin onlar qeybin qanunlarından agah şəxslər olub. Və onlar buna Allahın vəhyi və təlimi vasitəsilə nail olublar. Və heç vaxt çaşqınlıqda olmayıblar ki, görəsən bu xəbər hardan gəldi. (amma insanın zərfiyyəti kiçik olduğundan qeybi məsələlər onlar hazır deyillər, heç elə iradələri də yoxdur)
Ağıl da bunu deyir ki, bu üstün məqama yalnız peyğəmbərlər çata bilər. Allah-Təala bu mətləbə Quranda işarə edir:
“Beləliklə, onun qövmünün küfr etmiş böyükləri dedilər: “Bu (kişi) yalnız sizin kimi bir bəşərdir ki, sizə üstün olmaq istəyir. Əgər Allah istəsəydi, mələklər endirərdi. (Həzrət Nuhun hekayəsidir)”. Muminun-24
Və bu əmri düşünərək qəbul etmək onlar üçün çox çətin idi, elə bu səbəbdən peyğəmbərlərə divanəliyi nisbət verirdilər.
“O yalnız dəli bir kişidir. Buna görə də bir müddətə kimi gözləyin (bəlkə sağaldı, yaxud öldü). Mumin-25 başqa yerdə deyilir:
“Onlar deyirdilər: “Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək” Təğabun-6
Yəni, bilirdilər haqq olan peyğəmbərlər Allahın seçilmiş bəndələridir, qəbul etmək istəmirdilər. Çünki, ardından şəriəti də qəbul etmək vardı, ilahi qanunları icra etmək gəlir və bu ağır gəlirdi onlara. Quran: “Biz peyğəmbərləri açıq-aydın dəlillərlə göndərdik və onlarla birlikdə haqqı-batildən ayıran kitab və mizan (şəriət) nazil etdik ki, insanlar arasında ədalətlə hökm olunsun”. Hədid-25
Və ilahi qanunları icra etmək bir növ ədalət prinsipini sağladığından onu qəbul etmirdilər. Deyirdilər, bu sözləri deyən elə bizim kimi adi insandır, onun bizdən nə üstünlüyü ola bilər ki?
Düzdür, peyğəmbərlər hamılıqla bəşərdilər və yaradılış baxımından eyni vücuda malikdirlər. Bu cəhətdən onlarla adi insanlar arasında ayri-seçkilik qoyulmur. Yalnız
fərq vəhyi qəbul etmək cəhətinə görədir, çünki, ilahi vəhy peyğəmbərlərə verilib.
"Quran elmləri ilə tanışlıq", ilahiyyatçı; Sara Əmirzadə
Müəlliflik hüqüqu Əbədi Nur müəssisəsinə məxsusdur