Kəbə tövhid əhli üçün tikilən ilk evdir
إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ
"Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkilər (Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir" ("Ali İmran" surəsi, ayə 96).
Əhli-beyt imamlarından (ə) gələn rəvayətlərdə deyilir ki, bu ev Adəmin (ə) vasitəsilə tikilmişdir. Sonra Nuhun (ə) tufanı nəticəsində dağılmış və İbrahim (ə) Allahın göstərişi ilə onu yenidən bərpa etmişdir. Belə ki, İbrahim (ə) Allahın fərmanı ilə həyat yoldaşı Hacəri və oğlu İsmayılı Məkkəyə tərəf aparıb Allahın evinin yerləşdiyi yerdə qoyur. Elə bir yerdə ki, nə suyu var idi, nə də ki otu. Lakin nə etməli fərman İlahi bir fərman, məqam da imtahan məqamı idi. İbrahim (ə) öz əziz övladı və həyat yoldaşı Hacəri o biyabanda qoyub geri dönür. Bu zaman bu qocaman ata geri dönüb kövrək baxışlara öz ailəsini seyr edir. Böyük bir iman və Allaha təvəkkül ilə üzünü səmaya tərəf tutub əllərini göyə qaldırır və belə dua edir.
وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا بَلَدًا آمِنًا وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللَّهِ وَالْيَوْمِ الآخِرِ قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلا ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ وَبِئْسَ الْمَصِيرُ
"...İbrahim dedi: "Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə - Allaha və axirət gününə iman gətirənlərə - hər növ meyvə və məhsullardan ruzi ver..." ("Bəqərə" surəsi, ayə 126)
İbrahim (ə) geri dönür. Çox keçmir ki, susuzluq onlara güc gəlir. Hacər İsmayılı aclıq və susuzluğun əzabından xilas etmək üçün yeddi dəfə Səfa və Mərvə dağları arasında su ümidi ilə pərişan halda qaçır və sonunda ümidsiz halda geri dönür. Allahın lütfü ilə İsmayılın ayağı altından saf və şəffaf bir bulaq qaynamağa başlayır. Ana ilə övladı o sudan içib sirab oldular. Yaxınlıqda "Curhəm" qəbiləsi yaşayırdı. Onlar Hacər ilə İsmayıla öz aralarında yer verdilər və beləliklə, İsmayıl cavanlıq yaşına çatdı. Bu zaman Allah İbrahimə əmr etdi ki, Məkkəyə qayıtsın, orada övladının köməyi ilə Allah evini (Kəbəni) yenidən tiksin. Quran bu barədə belə buyurur:
وَإِذْ بَوَّأْنَا لإبْرَاهِيمَ مَكَانَ الْبَيْتِ أَنْ لا تُشْرِكْ بِي شَيْئًا وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ
"Və, (yada sal) o zaman(ı) ki, İbrahim üçün (Kəbənin sütunlarını Adəmin qoyduğu təməl üzərində qaldırsın deyə) Kəbə evinin yerini hazırladıq (və ona dedik) ki: "(Bu evin həcc mərasimində) heç nəyi Mənə şərik qoşma və mənim evimi təvaf edənlər, (ibadətə) duranlar və ruku və səcdə edənlər üçün təmizlə!" ("Həcc" surəsi, ayə 26)
وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ
"Və (yada sal) o zaman(ı) ki, İbrahim və İsmail evin (Kəbənin) təməlini ucaldırdılar( və deyirdilər): "Ey Rəbbimiz, (bu əməli) bizdən qəbul et ki, həqiqətən, eşidən və bilən Sənsən!" ("Bəqərə" surəsi, ayə 127)
İbrahim (ə) İsmayıl (ə) ilə birlikdə Kəbəni tikərkən Allah ilə bu məzmunda razu-niyaz edir:
... رَبَّنَا وَاجْعَلْنَا مُسْلِمَيْنِ لَكَ وَمِنْ ذُرِّيَّتِنَا أُمَّةً مُسْلِمَةً لَكَ
"Ey Rəbbimiz, bizi Özünə (əmrlərinə) təslim et, övladlarımızdan da Sənə təslim olan ümmət (yarat), ..."
رَبَّنَا وَابْعَثْ فِيهِمْ رَسُولا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِكَ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَيُزَكِّيهِمْ إِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ
"Ey Rəbbimiz onların arasına oxuyan, kitab və hikmət öyrədən və onları paklaşdıran bir Peyğəmbər seçib göndər. Çünki yenilməz qüdrət və hikmət sahibi Sənsən!" ("Bəqərə" surəsi, ayə 128-129)
Beləliklə, Kəbə evi İbrahimin (ə) əli ilə ziyarət məkanına çevrilir. Bu müqəddəs bina tovhid nidasını ucaltmaq üçün bərpa olunmasına baxmayaraq, zaman keçdikcə din təhrifə uğrayır, və bütpərəstlik əqidəsi bu məkana da yol tapır. Buna baxmayaraq, Kəbə yarandığı gündən hər zaman öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir. Ora hətta bütpərəstlərin də ibadət və and yerinə çevrilmişdir. Onlar öz böyük və güclü sandıqları bütlərini Kəbə evinin içində qoruyub saxlayırdılar.
Məkkə tarixinə nəzər saldıqda əziz Peyğəmbərimiz Muhəmmədin (s) müvəhhid (Allahın təkliyinə inanan) babalarının əvəzsiz xidmətləri nəzərə çarpır. Bu mərd insanlar cəmiyyəti bürüyən nadanlıq, fəsad, bütpərəstlik və qeyri-insani əxlaqın çirkinliklərinə bulaşmamış, İbrahimdən (ə) Muhəmmədə (s) qədər öz paklıqlarını qoruyub saxlamışlar. Onlar sanki Həzrəti İbrahimin (ə) əlindəki tovhid bayrağını bir-birilərinə ötürərək yer üzünün sonuncu Peyğəmbərinin əlinə vermişlər. Onlardan məsələn, Qusey - Peyğəmbərin (s) dördüncü babası öz istedadı ilə qısa bir müddət ərzində ali vəzifələri və Məkkənin hakimiyyətini əldə etmiş Kəbənin açarlarını saxlamaq şərəfinə nail olmuşdur. O, camaatı Kəbənin kənarında evlər tikməyə təşviq edirdi. Ölümündən sonra Kəbənin himayəsi və "Darun-nudvənin" rəisliyi oğlu Əbdud-darın övladlarının, hacıları su ilə təmin edib qonaqları qarşılamaq isə Əbdulmənafın övladlarının öhdəsində olur. Bu bölgü İslamın zühurunadək dəyişməz qalır.
Fil hadisəsi
Miladın 570-ci ilində Kəbənin tarixində böyük bir hadisə baş verir. Bu hadisənin əzəmətinə görə ərəblər tarixlərini həmin ildən hesablamağa başlayırlar. Qeyd olunmalıdır ki, İslam Peyğəmbərinin (s) təvəllüdü də həmin ilə təsadüf edir. Bu ili ərəblər fil ili adlandırımışlar. Səbəbi isə onunla əlaqədadır ki, Yəmən hakimi həmin il Kəbəni dağıtmaq qəsdi ilə döyüş fillərinin olduğu böyük bir ordunu Məkkə üzərinə yeridir. Ərəb qəbilələrinin başçıları vəziyyəti təhlükəli görüb ərəb millətinin şəxsiyyət və istiqlalını süqutun astanasında zənn etdilər. Əbrəhənin yolu üzərində yerləşən qəbilələr ona qarşı qəhramanlıqla mübarizə aparsalar da nəticədə məğlub oldular. Ordu Məkkə yaxınlığında dayanaraq orada düşərgə salır. Əbrəhə göstəriş verir ki, Təhamənin dəvələri və mal-qarasını qarət etsinlər. Qarət olunan dəvələrin içində Peyğəmbərin (s) babası Əbdül Muttəlibin də iki yüzdəvəsi var idi.
Əbrəhə Məkkə əhlinə belə bir xəbər göndərir ki, məqsədimiz Kəbəni dağıtmaqdır. Əgər siz müqavimət göstərməsəniz, amanda qalacaqsınız. Əbdül Muttəlib bildirir ki, müdafiəyə qalxmayacaqlar... Kəbəyə gəlincə isə, o, Allahın evidir. Allah nəyi məsləhət bilsə onu da edəcək.
Əbrəhənin nümayəndəsinin dəvətilə Əbdül Muttəlib oğulları ilə birlikdə Əbrəhə iləgörüşür. Onun əzəməti, vüqar və mətanəti Əbrəhədə elə dərin təəssürat yaradır ki, ixtiyarsız olaraq taxtından qalxıb onun əlindən tutur və yanında əyləşdirir. Tərcüməçi vasitəsilə ehtiramla ondan hansı məqsədlə gəldiyini soruşur. Əbdül-Muttəlib Təhamənin və özünün qəsb olunmuş 200 dəvəsinin geri qaytarmasını xahiş edir.
Əbrəhə gözləyirdi ki, Əbdül Muttəlib ondan Kəbəyə toxunmamağı xahiş edəcək. Ona görə də bu sözləri eşitdikdə çox təəccüblənərək iradını bildirir. Əbdül Muttəlib deyir: "Mən dəvələrin sahibiyəm, evin də öz sahibi var. Onu hər cür təcavüzdən qoruyar".
Bu sözləri eşidən Əbrəhə məğrur tərzdə onu hədəfindən yayındıra biləcək bir qüvvənin olmadığını bilidirir. Sonra qarət olunmuş malları sahibilərinə qaytarmaq göstərişini verir.
Məkkə əhalisi hücumdan amanda qalmaq üçün dərələrə və dağlara çəkilir. Gecə ikən Əbdül Muttəlib Qureyşdən bir neçə nəfərlə birlikdə özünü Kəbəyə çatdırır. Kəbənin həlqəsindən tutaraq bir neçə beyt ilə Rəbbi ilə söhbət edir:
"İlahi! Onların şərrindən qorunmaq üçün Səndən başqasına ümid yoxdur! Ey Yaradan! Onları öz evindən uzaqlaşdır. Kəbənin düşməni Sənə düşmən olan kəsdir. Pərvərdigara! Sənin bəndən öz evini müdafiə edir, Sən də öz evini müdafiə et".
Sonra O, dağa çəkilərək hadisələrin necə cərəyan edəcəyini müşahidə etməyə başladı.
Səhər Əbrəhənin qoşunu Məkkəyə tərəf hərəkət etməyə hazırlaşarkən gözlənilmədən dəstələrlə quş göründü. Hər biri dimdik və caynaqlarında kiçik daşlar daşıyırdı. Quşların kölgəsi qoşunun səmasını qaranlığa qərq etdi. Onlar öz kiçik silahları ilə Allah evini viran etmək istəyən qoşunu daş-qalaq etdilər. O daşlardan biri də Əbrəhənin başını yaralayır. Vəziyyətin ağır olduğunu görən Əbrəhə geri çəkilməyə məcbur olur və yolda aldığı yaranın təsirindən həlak olur. Beləliklə, Allah öz evini düşmən şərrindən xilas edir.
Kəbənin təmiri
Kəbə tarixində mühüm hadisələrdən biri də onun təmiridir. Bu hadisə İslamın zühurundan əvvəl baş vermişdir. Belə ki, ərəb qəbilələri yığışıb Kəbəni təmir etmək qərarına gəlirlər. Bu mühüm və dəyərlı işi onlar böyük müvəffəqqiyyətlə başa çatdırırlar. Qara daşı Kəbə divarlarına yerləşdirmə şərəfinə isə Muhəmməd (s) nail olur. O, ümumun razılığı ilə qara daşı Kəbə divarına yerləşdirir.
Kəbənin övladı
Kəbənin tarixində baş verən qeyri-adi hadisələrdən biri də Əlinin (ə) onun içində dünyaya gəlməsi idi. Bu hadisə belə olmuşdur:
Əbu-Talibin həyat yoldaşı Fatimə bintu Əsəd doğum əlamətlərini hiss etdiyi zaman Allah evinə üz tutur. Orada Allaha dua edərək bu doğumu onun üçün asan etməsini diləyir. Elə bu zaman Kəbənin divarları yarılır və xanım içəri daxil olduqdan sonra yenidən bağlanılır. Bu hadisənin şahidi olanlar böyük həyəcanla Kəbənin qapısının önündə toplaşıb onu açmağa çalışırlar. Lakin nə qədər cəhd etsələr də, qapı açılmır. Sonunda bu hadisənin İlahi bir hikmətlə bağlı olduğunu anlayıb səbr etmək qərarına gəlirlər. Beləcə üç gün keçir. Nəhayət, üçüncü gün Kəbə divarı yenidən həmin yerdən açılır və qucağında gözəl bir körpəni tutmuş Fatimə çölə çıxır. Allah evində dünyaya gələn bu körpə İslamı öz güclü qolları, elmi və imanı ilə yaşadan Həzrət Əli (ə) idi. O, Allah evində dünyaya gəldi, Allah evində yaşadı və Allah evində də dünyadan getdi (Kufə məscidində).
Kəbənin qiblə təyin olunması
Peyğəmbər (s) on üç il Məkkədə Beytul-Müqəddəsə doğru namaz qılır. Mədinəyə hicrət etdikdən sonra da bu məsələ olduğu kimi qalır. İlahi göstəriş belə idi ki, müsəlmanlar da yəhudilərin namaz qıldığı qibləyə doğru namaz qılmalıdırlar. Bu iş biri qədim, digəri isə yeni olan iki dinin bir-birinə yaxınlaşması və həmkar olması məqsədini daşıyırdı. Lakin müsəlmanların günü-gündən çoxalıb tərəqqi etməsi yəhudi dairələrində təşvişə səbəb olur. Çünki bu irəliləyiş İslam ayininin qısa bir müddətdə bütün Ərəbistan yarımadasına yayılıb yəhudi ayinini və qüdrətini ortadan qaldıracağının əlaməti idi. Ona görə də yəhudilər əhdi pozub Peyğəmbərə (s) və müsəlmanlara əziyyət verməyə başladılar. Onlar müsəlmanlara irad tutaraq müstəqil qibləyə malik olmadıqlarını tənə ilə vurğulayırdılar. Bu xəbər Peyğəmbərə (s) ağır gəlirdi. Gecələr evindən çıxaraq asimana baxar və bu barədə göstərişin, vəhyin nazil olmasını gözləyərdi. Aşağıdakı ayə həmin bu mətləbə işarə edir:
خَتَمَ اللَّهُ عَلَى قُلُوبِهِمْ وَعَلَى سَمْعِهِمْ وَعَلَى أَبْصَارِهِمْ غِشَاوَةٌ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
"Şübhəsiz, Biz sənin üzünün (bir işin baş verməsini gözləyən adam kimi) göydə o tərəf bu tərəfə çevrilməsini görürük və indi səni razı qalacağın bir qibləyə tərəf döndəririk" ("Bəqərə" surəsi, ayə 144).
Quran ayələrindən belə aydın olur ki, qiblənin dəyişilməsinin digər bir səbəbi də möminlik iddiası edənlərin öz iddialarında nə qədər səmimi olduğunu üzə çıxarmaq idi. Belə ki, yeni göstərişə əsasən namaz halında Məscidul-Hərama tərəf yönəlmək yeni dinə olan imanın və ixlasın, əmri icra etməkdən boyun qaçırmaq isə ikiüzlülük və nifaqın rəmzi hesab olunurdu.
Bu barədə Quranda belə deyilir:
وَقَالُوا لَنْ يَدْخُلَ الْجَنَّةَ إِلا مَنْ كَانَ هُودًا أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْصَادِقِينَ
"Biz sənin əvvələr üz tutduğun qibləni (Beytül-Müqəddəsi) Peyğəmbərə tabe olan şəxsə görə dönən (və keçmiş qiblədə qalan) şəxsdən ayırd etməkdən (əzəlı elmimizi xaricdə gerçəkləşdirməkdən) başqa bir şey üçün təyin etməmişdik" ("Bəqərə" surəsi, ayə 143).
Əlbəttə, İslam tarixini mütaliə edib yaradanın vəziyyətini araşdırdıqda başqa səbəbləri də görmək mümkündür.
Belə ki, tovhid qəhrəmanı həzrət İbrahimin (ə) təmir etdiyi Kəbə bütün ərəb cəmiyyətinin təzim mərkəzi idi. Belə bir yerin qiblə olması bütün ərəblərin razılığını cəlb edib onları İslam dinini qəbul etməyə rəğbətləndirəcəkdi. Bundan əlavə tez-tez əhdlərini pozan və hidayətlərinə ümid olmayan yəhudilərdən uzaqlaşmaq lüzumu yaranmışdı. Qiblənin dəyişdirilməsi bu uzaqlaşmanın təzahürlərindən biri idi. Necə ki, Aşura günü tutulan orucun da nəsx olunması (aradan qaldırılması) bu səbəblə əlaqədardır. Belə ki, yəhudilər İslamdan əvvəl Aşura günü oruc tutardılar. Peyğəmbər (s) və müsəlmanlara da həmin gün oruc tutmaq vacib idi. Sonra aşura orucu ləğv olunaraq Ramazan ayının orucu vacib edildi. Bu hadisənin maraqlı cəhətlərindən biri də qiblənin namaz əsnasında dəyişilməsi idi. Peyğəmbər (s) günorta namazının iki rükətini qılmişdi ki, vəhy mələyi nazil olub ona Məscidul-Hərama doğru yönəlmək göstərişini verir. Bəzi rəvayətlərdə də deyilir ki, Cəbrail (ə) Peyğəmbərin (s) əlindən tutub Məscidul-Hərama doğru yönəldir. Məsciddə olanlar da bu işi təkrarlayırlar. O gündən Kəbə müsəlmanların müstəqil qibləsi olur!
Kəbədən ucalan azan
Hicrətin 8-ci ili uzun illərin ayrılıq və mübarizəsindən sonra vaxtı ilə Məkkəni az saylı müsəlmanlarla tərk etməyə məcbur olan Peyğəmbər (s) on minlik əzəmətli bir ordu ilə göz bəbəyi Kəbə olan bu müqəddəs şəhəri müharibəsiz fəth edir. Uzun illər şirk və bütpərəstliyin əsiri olan bu diyar tovhidin yenilməz ordusu və müsəlmanların təkbir sədası ilə azad olur.
Peyğəmbər (s) onun üçün qurulan xeymədə bir az istirahət etdikdən sonra dəvəsinə süvar olunmuş halda Allah evini ziyarət və təvaf etmək üçün Məscidul-Hərama tərəf hərəkət edir. Mühacir və ənsardan ibarət əzəmətli bir dəstə onu dövrəyə almışdı. Peyğəmbər (s) məsləhətə görə dəvəsindən enmədən Məscidul-Hərama daxil olur. "Həcərul-əsvəd"in qarşısında dayanaraq ona işarə edib təkbir deyir. Ətrafında dayanmış müsəlmanlar da uca səslə təkbir deyirdilər. Məsciddə çox qəribə bir əhval-ruhiyyə və səs-küy yaranır. Peyğəmbər (s) camaatın sakitləşməsi üçün işarə edir. Az keçmir ki, məsciddə tam sakitlik yaranır. Peyğəmbər (s) təvafa başlayır. Birinci dövrədə Kəbənin yuxarısına bərkidilmiş "Hubəl", "Əsaf" və "Nailə" adlı bütləri görən O Həzrət əlindəki nizə ilə onlara möhkəm bir zərbə endirir və yerə salır. Sonra bu ayəni oxuyur:
وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا
Və de: "Haqq gəldi və batil məhv oldu, həqiqətən, batil həmişə məhvə məhkumdur" ("İsra" surəsi, ayə 81).
Onun göstərişi ilə "Hubəl" illərlə ona pərəstiş edən müşriklərin gözlərinin önündə sındırılır. Təvafı sona çatdıran Peyğəmbər (s) bir az əyləşdikdən sonra Kəbənin qapılarının açılmasının əmr edir. O, Kəbəyə daxil olur. Kəbənin daxili peyğəmbərlərin təsvirləri ilə dolu idi. Onun göstərişi ilə Kəbənin divarları Zəm-zəm suyu ilə yuyulub təsvirlərdən təmizlənir.
Tarixçilər və mühəddislər qeyd edirlər ki, Kəbənin daxilində və xaricində olan bütlərin bir qismi Əlinin (ə) vasitəsilə yerlə yeksan edilmişdir. Belə ki, Peyğəmbər (s) Əlinin (ə) çiyinləri üstünə çıxıb bütləri dağıtmaq istəyəndə hiss etdi ki, Əli (ə) onun ağırlığına tab gətirmir. Göstəriş verir ki, Əli (ə) onun çiynləri üstünə çıxıb bütləri dağıtsın (Mənbələr üçün bax: "Əl-ğədir", c.7, səh.10-13).
Peyğəmbər (s) ümumi əfv elan etdi. Zöhr namazının vaxtı çatdıqda isə İslamın rəsmi müəzzini Bilal Kəbənin damına çıxıb uca səslə azan verərək tovhid və risalətin nidası ilə qəlbləri riqqətə gətirdi.
Hər gün dünyanın bütün nöqtələrindən milyonlarla müsəlmanlar Allaha pərəstiş məqsədilə yer üzündə tikilən ilk evə - tovhid, ixlas, fədakarlıq, saflıq, əmin-amanlıq və azadlıq rəmzi olan əzəmətli Kəbəyə tərəf üz tutur, öz dua və munacatlarını bu müqəddəs nöqtədən mələkut aləminə ucaldırlar.
Dəhvul ərz
Dəhvul ərz yer kürəsinin Kəbə evinin altından genişlənməsi günüdür və o gün Zilqədə ayının 25-nə təsadüf edir. Bu gün il ərzində olan ən fəzilətli günlərindən biridir. O günün orucu çox fəzilətli və məqbul sayılır. Rəvayətlərdə buyurulur ki, Dəhvul ərz gününün orucu yetmiş ilin orucuna bərabərdir. Başqa bir hədisdə isə o günün orucunun yetmiş ilin kəffarə orucuna bərabər olması vurğulanır. Hər kəs o günü orucu tutub, gecəsini ibadətlə keçirsə, onun üçün yüz ilin ibadəti yazılar və bu günü oruc tutan şəxs üçün göylər və yer arasında olan hər bir şey istiğfar edər. O gün elə bir gündür ki, Allahın rəhməti hər yeri bürüyür(Mənşure Cavid).
Müəlliflik hüququ "Əbədi nur" jurnalına məxsusdur.