Müqəddəs Məkanlar

Bəqi qəbirstanlığı Möhsün Qiraətinin kəlamında

 
(0 votes)

Bəqi qəbirstanlığı

Allah evinin ziyarətçilərinin müstəhəb əməllərindən biri də Peyğəmbəri (s) ziyarət etdikdən sonra ilahi övliyaları və Əimmeyi-ətharı (ə) ziyarət etmək üçün Bəqi qəbristanlığına getməkdir. Burada Bəni-Haşim küçələri dağıdılmış və onun ətrafındakı evlərin üstü açıq saxlanılmışdır (1364-cü ildə). Bu qəbristan Rəsuli-Əkrəmin (s) mütəhhər qəbri müqabilində qərar tutur. Peyğəmbərin (s) səhabələrindən yüzlərlə adam bu qəbirstanlıqda dəfn olunmuşdur.[1]

Şəhid məsum imamlarımızdan (ə) dördü, imam Həsən Müctəba (ə), imam Zeynəlabidin (ə), imam Baqir (ə) və imam Sadiq (ə) burada dəfn olunmuşdur. Peyğəmbərin (s) Əhli-beyti (ə) və vəfalı dostları da buradadırlar. Qiyamət gününün şəfaətçiləri, Allahın yavərləri, Allah elminin xəzinədarları, yer üzünün sütunları, dayaqları, elmdə sabit və möhkəm olanlar, seçilmiş elm sahibləri, Allah Rəsulunun (s) varisləri və adları əzəmətlə zikr olunanlar, bütün bu böyük şəxsiyyətlərin hamısı buradadırlar.[2]

Lakin təəssüflər olsun ki, onların qəbri adsız və nişansızdır. Hətta qəbrlərin daşı belə yoxdur, bu əlamətsiz məzarları seyr etmək insanın qəlbini yandırıb-yaxır. Bu qəbristanlıqda çıraqdan əsər-əlamət yoxdur. İlahi övliyaların məzarları üstünə əlamət olaraq daş qoymağı şirk hesab edirlər, amma camaatın milyardlarla pulunu dollarla Amerikanın banklarında saxlamağı Tovhidə nisbət verirlər!

Bəli, bu cəza məsum rəhbərsiz İslamın sorağına gedən kəslər üçündür. Azğınlığın və qəflətin bu növü süquta uğramaqdan başqa bir şey deyil (Allaha pənah aparıram).

Məsum imamları (ə) ziyarət edənlər eşq dolu göz yaşlarını saxlaya bilmirlər. Bu ali məqam şəxsiyyətlərin məzlumiyyətinə fəryad edib elə ağlayırlar ki, bəzən heç ziyarətnaməni oxumağa taqətləri qalmır. Çünki şiənin tarixi eşq, şəhidlər qanı və işgəncələrlə müttəfiqdir. Həmçinin məsum imamları (ə) ziyarət edənlər də zülmün acığını və tarixin səhifələrində silinməz izlər qoyan qəmli hadisələri öz qəlblərində hiss etməli, ziyarətin əsl təəsüratını yaşamalıdırlar. Necə ki, birinci imam həzrət Əli (ə) bu qəmli səhnələrin şahidi olmuşdur və buyurur:

«İyirmi beş il evimdə səbr etdim, elə bir halda idim ki, sanki boğazımda sümük qalmış və gözümə daş qırıntısı düşmüşdü».

Eləcə, sonuncu imam həzrət Məhdi (ə.f.) də bütün bu zülmlərə, ədalətsizliyə, azğınlığa, şirkə və cəhalətə şahiddir və səbr edir. Bu ona bənzəyir ki, sanki Allah istəyir, bizə qəm-qüssə üz verdikdə, arzularımız gözləmədiyimiz anda aciya çevrilərkən, gözlərimiz həsrət və intizar çəkərkən ruhumuz nigaran olarsa bütün bunlara səbr etməyi bacaraq.

Lakin gözdən tökülən hər bir eşq damlası yaydan atılan bir oxdur, zülmə qarşı üsyan və haqqın tələbidir, yaranmış ağır vəziyyətin və şəraitin əleyhinə hərəkət etməkdir. Bizim eşqimiz haqqın xəbəridir, azadlığı elan etməkdir. Bizim eşqimiz ilahi lütfün rəmzidir. Bizim eşqimiz məzlumiyyətin əsl ruhunu bizə tanıtdırır və bizi zalımlara baş əyməməyə səsləyir. Bütün bu məzlumiyyətləri görmək bizə bu dərsi verir ki, haqq yolunu gedənlər ilahi qüdrət və əzəmətdən məbada ayrı düşüb dünyanın sorağında olsunlar. Məsum imamların (ə) qəbirlərinin torpaqları bizə bunu öyrətdi ki, həqiqət günbəzləri və minarələri qızıldan olan saraylar deyil.

Biz qəlbimizdə imamlarımıza (ə) qarşı sonsuz məhəbbət bəsləyirik, istər onların məzarı qızıl sərtabə və saraydan ibarət olsun və istərsə də sadə torpaqdan, heç biri bu eşqi bizdən ala bilməz. Məqbərəsi olmayan pak məsumların torpağı bizə deyir:

«Həqiqətlər heç vaxt itmir və yaddaşlardan silinmir. Ürəklər Allahın əlindədir. Bizim vəfadarlığımızın dünyanın bər-bəzəyi və zivəri ilə heç bir əlaqəsi yoxdur. Dünya həqiqi yer deyil, qoy bizim məzlumiyyətimiz, kin-küdurət və qəhrimiz sitəmkarlara qarşı daha da çox olsun. Haqq-hesab günü hamımız Yaradanın hüzurunda görüşəcəyik».

Ziyarətnamədə oxuyuruq: Ey imam Həsən (ə) sən həmin şəxssən ki, Peyğəmbəri-Əkrəm (s) sənə «seyyid» ləqəbini verdi[3] və sənin barəndə buyurdu:

«Həsən məndəndir».[4] Yenə də buyurur: «Hər kim Həsənə (ə) əziyyət etsə, mənə əziyyət etmişdir».[5]

Ey imam (ə), sən şəhadətə çatdığın gündə hətta düşmənlərin və Mərvanlar da ağladılar.[6]

Ey məsum imam (ə) «Təthir» ayəsinin mənasına əsasən sən hər bir pislikdən uzaq, pak və münəzzəhsən.

Ey məzlum imam, münafiqlər sənin pak evinə nüfuz etməkləri ilə elə bir zəhərli ilanı orada sakin etdilər ki, sonda səni şəhid etdi.

Ey imam! Ey iyirmi beş dəfə Həccə piyada gedən şəxs və üç dəfə bütün malını Allah yolunda infaq edən mücahid.[7]

Ey o kəs ki, Allah Rəsulu (s) həmişə səni öpərdi və səni çiyinləri üzərinə götürüb sənin barəndə buyurardı: «Həsən (ə) və Hüseyn (ə) mənim iki reyhanəmdir».[8]

Ey imam Müctəba (ə), ey əziz olan şəxs, sən uşaq ikən Peyğəmbər (s) minbərdə söhbət edirdi və sən yerə yıxıldın, həzrət (s) səni görəndə öz minbərindən aşağı düşdü və xütbəni kəsdi.

Ey imam Müctəba (s) Peyğəmbər (s) səni minbərə apardı və öz mübarək dizi üstündə otuzdurdu.[9]

Ey imam (ə) sən həmin şəxssən ki, Allahın Rəsulu (s) Fatiməyə (s.ə.) buyurdu: «Həsəni mənim yanıma gətir ki, onun ətrini alım».[10]

Ey o kəs ki, Peyğəmbərə (s) daha çox bənzərin vardı.[11]

Rəsuli-Əkrəm (s) sənin barəndə buyurmuşdu:

«Hər kim səni sevərsə, məni sevmişdir və hər kim məni sevərsə, Allahı sevmişdir».[12]

Ey o kəs ki, Peyğəmbər (s) sənin və qardaşının (ə) barəsində buyurmuşdur: «Həsən (ə) və Hüseyn (ə) Behişt əhlinin imamlarındandır».[13]

Ey imam Həsən (ə) sənin ali məqam atan (ə) öz hakimiyyəti dövründə İraqda həzrət Hudun (ə), Salehin (ə) və Yunisin (ə) məqbərələrini söküb dağıtmadı. Çünki o, ilahi övliyaların məqbərələrini ilahi şüarlardan hesab edirdi.

Lakin hakimiyyətə ləyaqəti çatmayan şəxslər haqqı qəsb etdikdən sonra sənə məhəbbət bəsləyən ürəklərdən qorxdular və şirki bəhanə edərək sənin pak qəbrini dağıtdılar. Sanki, sənin mübarək məzarını sökməklə onlar özlərini sənin babandan daha çox Allaha pərəstiş edən zənn edirlər.

Ey məzlum imam, elə bir yerdə dəfn olunmusan ki, səninlə ziddiyət aparanlar insanı heyrətə gətirir. Onlar deyirlər: «Rəsuli-Əkrəm (s) anasının qəbri üstündə ağladı».[14]

Lakin sənin qəbrin üstündə ağlamağı bizə qadağan ediblər. Bununla belə onlar Aişənin nəqlinə də etinasız yanaşırlar. Aişə buyurur: «Peyğəmbər (s) xanımlara qəbirləri ziyarət etmək üçün icazə vermişdir».[15] Amma xanımların sizin qəbrinizin ziyarətində iştirak etməsini pis əməl hesab edirlər. Bu cür cavablar xüsusunda çoxlu rəvayətlər nəql olunmuşdur:

«Peyğəmbəri-Əkrəm (s) gecələr Bəqi qəbristanlığına gələrdi və əmvatına salam deyərdi».[16] Lakin diri insanların Bərzəx aləmindəkiləri (onlarla söhbət etdiyimiz zaman) salamlamasını şirk adlandirirlar.

Ey imam Müctəba (ə), bu camaat[17] Peyğəmbərin (s) zəhmətlərini belə dəyərləndirir?! Onun (s) övladlarının qəbirlərini belə hala salmaqlamı həzrətə təşəkkür bildirirlər?!

Ey əziz imam, bu camaat öz söhbətlərində, minbərdəki xütbələrində səhabələrin adını əziz tutaraq hörmətlə yad edirlər, lakin əməldə ən yaxşı səhabələrin qəbrini söküb dağıdıblar.

Ey imam Müctəba (ə) bu adamlar Peyğəmbərin (s) qəbrinə təbərrük etməyi şirk bilirlər, məgər iki xəlifəni Peyğəmbərin (s) qəbrinin yanında dəfn etmək təbərrük üçün deyilmi?

Rəvayətlərdən nəql olunmuşdur ki, Peyğəmbər (s) buyurur: «Elə bir kəs yoxdur ki, mənə salam versin və mən onun salamının cavabını almayım».[18]

Lakin bu hədisə baxmayaraq, həzrətlə (s) söhbət etməyimizə qarşı çıxırlar.

Ey məsum imam (ə) bu adamlar müsafirliyi doğru hesab etmirlər və Məscidul-həram, Məscidu-nəbi və Məscidul-əqsadan başqa yerlərə səfər etməyi qadağan edirlər və deyirlər: «Ziyarət üçün səfər etmək doğru deyil! Bir halda ki, Qurani-Kərim Ərəfat, Məhşər, cihad, zəkat götürmək, elm və təhsil almaq və dahi insanların əsərləri ilə tanış olmaq üçün səfər etməyin zəruriliyini açıq-aydın bəyan etmişdir».[19]

Ey imam Müctəba (ə) bu insanlar İbrahimin (ə), İsmailin (ə) və Hacərin qədəm qoyduğu yerə dəyər verirlər (Səfa və Mərva, hansı ki, Hacər onların arasında səy etmişdi) və o məkanı müqəddəs hesab edirlər, lakin Kərbəla çölünü isə (imam Hüseynin (ə) həyəcan və səy içində olduğu məkanı) dəyərsiz bilirlər.

Ey imam Müctəba (ə), bunlar dünyadan köçmüş və ya şəhid olmuş ilahi övliyaları cansız, ruhsuz, təsirsiz hesab edirlər. Amma öz rəvayətlərində qeyd edirlər ki, Mədinədə və Peyğəmbərin (s) qonşuluğunda yaşamaq ağıl və təfəkkürə uyğundur.

Ey imam Müctəba (ə) bu adamlar «Muhəmməd» kəlməsini «Allah» kəlməsinin yanında şirk hesab edirlər, amma sultan və şah kəlmələrini Allahın şərif adı ətrafında Tohiddən hesab edirlər!

Ey məsum imam (ə) onlar siz Əhli-beytin kəlamlarını silib inkar etməklə, öz məzhəb başçılarının buyurduqlarını da unudurlar. Tarixdə oxuyuruq:

Malik[20] Mənsur Dəvaneqeynə dedi: «Peyğəmbərin (s) qəbri üstündə dua edən zaman üzünü Həzrətin (s) məzarının pak torpağı üzərinə qoy. Çünki, Peyğəmbəri-Əkrəm (s) sənin və atan həzrəti Adəmin (ə) nicat tapmasında vəsilədir».[21]

Lakin hal-hazırki zamanda Peyğəmbərin (s) şərif qəbrinə üz qoymağı dinin əleyhinə olan bir iş kimi qələmə alıblar.

Onların əsassız iradlarına göz yumub qəbul etmək olmaz. Hətta həzrəti İys (ə)-in hərəminin o qədər dəyəri var idi ki, Peyğəmbər (s) Məaric gecəsi ora getmiş və namaz qılmışdır.[22] Bəs nə üçün Allahın ən gözəl xəlq etdiyi insanın qətlgahı məhəbbətsiz və dəyərsiz olmalıdır?!

Ey imam Müctəba (ə) bunlar özlərindən bir hədis gətirib deyirlər ki, məzarların üstündə çıraq yandırmaq olmaz, çünki israfdır.[23] Sanki Hicazda büdcədən istifadə olunan xərclər sırf ilahi qanunlara görə ehtiyaclıların xidmətinə sərf olunur? O xərclər israf deyil? Amma dörd məsum imamın (ə) məzarı üstə bir şam yandırmaq israfdır?!

Ey məsum imamlar (ə), onlar bizim Bəqiyə təvəssül etməyimizi İslamın ziddinə olan bir iş bilirlər. Bir halda ki, Rəsuli-Əkrəm (s) şəxsən özü həmin qəbristanlıqda özündən əvvəlki peyğəmbərlərə təvəssül etmişdir və bu hadisə həzrəti Əlinin (ə) anası Fatimə binti Əsədin dəfn mərasimində baş vermişdi. Rəsuli-Əkrəm (s) dəfndən əvvəl onun qəbrinə daxil olub buyurmuşdur: «Pərvərdigara! Bu qəbri (üzərimdə analıq haqqı olan bu imanlı xanım üçün) genişləndir». Sonra duanın qəbul olması üçün dedi:

  بِحَقِّ نَبیک وَالانبیاء الذین من قبلی[24]

«İlahi, mənim və məndən əvvəlki peyğəmbərlərin haqqına xatir bu duanı müstəcəb et».

Müşahidə etdiniz ki, şəxsən Peyğəmbərin (s) özü həmin Bəqi qəbristanlığında duasının qəbul olması üçün öz risalət məqamına və özündən əvvəlki ilahi peyğəmbərlərə (ə) təvəssül etmişdir.

İkinci xəlifə qıtlıq ilində dedi: «İlahi, biz Rəsulallahın (s) zamanında ona təvəssül edirdik və göydən rəhmət yağışı yağırdı. Bu gün isə həzrət aramızda yoxdur və onun əmisi Abbasa təvəssül edirik ki, rəhmət yağışını yerə endirəsən»

وَ اَنا مُتَوَسَّلٌ اِلَیکَ بِعَمِّ نَبِیِّنا[25]

Bir nəfər yoxdurmu bu məsələdə sual verə ki, nə üçün xəlifənin təvəssülü icazəlidir, lakin bizim təvəssülümüz şirkdir?

Ey məsum imamlar! Sizin şərəf və ləyaqətiniz Peyğəmbərin (s) əmisi Abbasdan daha çoxdur. Hər halda o kəlamlar ki, Peyğəmbər (s) sizin barənizdə buyurub, əmisi haqqında buyurmamışdır. Necə ki, iman, yaxşı əməl və təqva Allaha yaxınlaşmaqda vasitədir, eləcə də ilahi övliyaların şərəf və ləyaqəti Ona yaxınlaşmaqda vasitədir. Quran bizə buyurmuşdur:

«يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَابْتَغُوا إِلَيْهِ الْوَسِيلَةَ وَجَاهِدُوا فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ » 

Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.[26]

Ey məsum imamlar (ə) sizə təzim və ehtiram bildirmək həqiqətən Peyğəmbərin (s) ehtiramı kimidir.

Qurani-Kərim buyurur:

الَّذِينَ يَتَّبِعُونَ الرَّسُولَ النَّبِيَّ الْأُمِّيَّ الَّذِي يَجِدُونَهُ مَكْتُوبًا عِنْدَهُمْ فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ يَأْمُرُهُمْ بِالْمَعْرُوفِ وَيَنْهَاهُمْ عَنِ الْمُنْكَرِ وَيُحِلُّ لَهُمُ الطَّيِّبَاتِ وَيُحَرِّمُ عَلَيْهِمُ الْخَبَائِثَ وَيَضَعُ عَنْهُمْ إِصْرَهُمْ وَالْأَغْلَالَ الَّتِي كَانَتْ عَلَيْهِمْ فَالَّذِينَ آمَنُوا بِهِ وَعَزَّرُوهُ وَنَصَرُوهُ وَاتَّبَعُوا النُّورَ الَّذِي أُنْزِلَ مَعَهُ أُولَئِكَ هُمُ الْمُفْلِحُونَ

«O kəslər ki, dərs oxumayıb yazı yazmamış bu elçi və Peyğəmbərə – (adını və peyğəmbərlik nişanələrini) əllərindəki Tövrat və İncildə yazılmış gördükləri şəxsə tabe olurlar. (Həmin o Peyğəmbərə ki,) onları hər bir yaxşı işə əmr edir və hər bir pis işdən çəkindirir, onlara (maddi və mənəvi) pakları halal və (maddi və mənəvi) çirkin və murdarları haram edir və boyunlarında olan ağır yükü və zəncirləri (cahiliyyət adətləri və keçmiş şəriətlərin çətin hökmlərini) onların çiynindən götürür. Beləliklə ona iman gətirən, ehtiram göstərən, kömək edən və onunla nazil olan nura (onun kitabına) tabe olanlar həmin nicat tapanlardır!»[27]

 (ardı nöbəti buraxılışda)

[1] «Miratul-hərəmeyn», «Həcdən əvvəl oxuyun» kitabından nəql olunmuşdur.

[2] «Usuli-Kafi», «Həcc» kitabı

[3]«Fəzail-əlxamsə», cild-3, səh.-236, Səhih Buxarinin «Əs-sülh» bölməsindən nəql olunmuşdur.

[4]«Fəzail-əlxamsə», cild-3, səh.-236

[5]«Fəzail-əlxamsə», cild-3, səh.-240, imam Həmbəlinin «Müsnəd»indən (cild-3,səh.-122) nəql olunmuşdur

[6]«Fəzail-əlxamsə», cild-3, səh.-249

[7]«Fəzail-əlxamsə», cild-3, səh.-252

[8]«Fəzail-əlxamsə», cild-3, səh.-248, Sünəni Biyhəqi və Mustədrakus-səhihdən rəvayət olunmuşdur.

[9] «Sünəni-ibni Macə», cild-2, səh.-1190

[10] «Səhih Tirmizi», cild-2, səh.-306, Fəzail-əlxamsənin nəqlinə əsasən

[11] «Fəzail-əlxamsə», cild-3, səh.-202 və Səhih Buxari cild-1, səh.-184

[12] «Fəzail-əlxamsə», cild-3, səh.-306

[13] «Fəzail-əlxamsə», cild-3, səh.-212

[14] «Sünəni ibni Macə», cild-1, səh.-501. «Kitabul-cənaiz» və «Səhih Müslüm», cild-2, səh.-671

[15] «Sünəni ibni Macə», cild-1, səh.-500. Aişənin nəqlinə görə qadınların qəbirləri ziyarət etməsi icazəlidir

[16] «Səhih Müslüm», cild-2, səh.-669 (qəbrlərə yaxınlaşmaq babı)

[17] «Vəhabilər»

[18]«Sünəni ibni Davud», cild-2, səh.-218. Həcc bablarından olan axırıncı bölmə. Ət-tac, cild-2, səh.-189

[19] Rəvayət olunur ki, Allahın Rəsulunun (s) yalnız üç məscidə səfər etməyə icazə verməsi düzgün fərzdir, lakin məsciddən başqa ali hədəflər üçün səfər etmək barəsində nəql olunan hədisləri (bəhslərdən) çıxarmışlar. Bir çox rəvayətlərdə elm, təcrübə toplamaq, cihad və s. üçün olunan səfərlər barəsində əsasən Quranın altı dəfə buyurduğu سِيرُوا فِي الْأَرْضِ ayədən şərh olunmuşdur.

[20] Malik, Maliki məzhəbinin başçısı

[21] «Vəfaul-vəfa», cild-4, səh-1376. Bu mətləbdə həzrəti Adəmin tövbəsinə işarə olunur. Allah-təala Muhəmmədin (s) məqamına və Əhli-beytin (ə) ehtiramına and içmiş və onun tövbəsini qəbul etmişdir. Rəvayətlərdə həzrəti Adəmin (ə) tanınması yolu Muhəmmədin (s) və məsum imamların (ə) adı ilə olmuşdur.

[22] «Vəhabiyyət ayini», səh.-75, «Xəsaisul-kubra» kitabından olan nəql. Siyuti

[23] “Sünani Nisai», cild-2, cüz-4, səh.-95, Cəlaləddin Siyutinin şərhi.

[24] «Vəfaul-vəfa», cild-3, səh.-899

[25]«Səhih-Buxari», cild-1, səh.-128, «Babul saləti əl-istişqai»

[26] «Maidə» surəsi, 35-ci ayə

[27] «Əraf» surəsi, 157-ci ayə

Bu ayədə qeyd olunan «iman və qələbə əldə etmək üçün nur arxasınca gedin» ifadəsi təkcə Peyğəmbərin (s) yaşadığı zamana aid deyil, həmçinin ( عَزَّرُوه ) ehtiram mənasında gələn bu kəlmə Həzrətin (s) vəfatından sonra məxsusi şəxslərə də şamil olur və lazımdır ki, camaat onun arxasınca getsin.

Bəqi qəbirstanlığı Möhsün Qiraətinin kəlamında

Möhsin Qiraətinin qələmə aldığı "Həccin fəlsəfəsi" kitabının tərcüməsi, Sara Əmirzadə

Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 129, 

Dostların veb səhifələri

15653742
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
2146
7422
49289
15456216
128881
160067
15653742

sizin IP ünvanınız: 3.139.86.74
2024-12-22 07:00

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!