Nur Silsiləsi

Hud (ə)

Hud (ə)

Hud (ə)

 

İlahi hikmət və iradənin hökmü ilə Adəm oğullarının səmavi xilafəti yer üzündə davam etməli idi. Ona görə də Nuh (ə) qövmünün həlak edilməsindən sonra yeni bir nəsil meydana gəldi. Belə ki, Quranda buyurulur:

 

فَأَهْلَكْنَاهُمْ بِذُنُوبِهِمْ وَأَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ

“Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil yaratdıq” (“Ənam” surəsi, ayə 6).

 

Allah yeni nəsillərin hidayəti üçün peyğəmbərlər göndərdi. “Yunus” surəsinin 74-cü ayəsində deyilir:

 

ثُمَّ بَعَثْنَا مِنْ بَعْدِهِ رُسُلا إِلَى قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ ...

“Sonra (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Onlar öz ümmətlərinə açıq-aydın möcüzələrlə gəlmişdilər” (“Yunus” surəsi, ayə 74).

 

Qurani-kərim Nuhdan (ə) sonra Ad qövmünün hidayəti üçün seçilmiş həzrəti Hudun (ə) adını çəkir:

وَإِلَى عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَهٍ غَيْرُهُ أَفَلا تَتَّقُونَ

وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ…

“Ad tayfasına da qardaşları Hudu (peyğəmbər) göndərdik. O dedi: “Ey camaat! Allaha ibadət edin... Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun yerinə gətirdi” (“Əraf” surəsi, ayə 65-69).

 

Ad qövmü barədə əvvəlki səmavi kitablarda söhbət açılmır. Bu barədə yeganə möhkəm mənbə kimi yalnız Quran məlumat verir və onların yaşadıqları torpaqları “Əhqaf” adlandırır:

وَاذْكُرْ أَخَا عَادٍ إِذْ أَنْذَرَ قَوْمَهُ بِالأحْقَافِ وَقَدْ خَلَتِ النُّذُرُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ أَلا تَعْبُدُوا إِلا اللَّهَ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

 “Və Ad qövmünün qəbilə qardaşını (Hudu və onun hekayətini) yada sal. O zaman (ı) ki, o, (Yəməndəki) qumluqda öz qövmünü qorxutdu. Əlbəttə (həmin bölgədə) ondan əvvəl də, sonra da qorxudanlar (olub) keçmişdilər. (O dedi) Allahdan başqa heç kəsə ibadət etməyin. Çünki mən sizin üçün böyük günün əzabından qorxuram” (“Əhqaf” surəsi, ayə 21).

 

Bu məntəqə Həzrəmutun şimalında və şərqində yerləşir. Hazırda bu yerlər qumsallıqdır və heç bir həyat nişanəsi yoxdur. Əgər arxeoloqlar buralarda kəşfiyyat araşdırma işləri aparsalar öz dövründə az bənzəri olan bir mədəniyyəti üzə çıxara bilərlər.

“Ad” kəlməsi Quranda 23 dəfə, “Hud” adı isə 7 dəfə təkrarlanmışdı.

 

Ad qövmünün xüsusiyyəti

 

Bu qövmün insanları fiziki cəhətdən qüvvətli olub uzun boya malik idilər:

أَوَعَجِبْتُمْ أَنْ جَاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلَى رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ

وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةً فَاذْكُرُوا آلاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin diliylə sizi (Allahın əzabı ilə) qorxutmaq üçün bir zikrin gəlməsinə (peyğəmbərlik yaxud möcüzənin aşkar edilməsi və ya Nuhun kitab və şəriətinin çatdırılmasına) təəccüb etdiniz? Yada salın o zaman(ı) ki, sizi (yer üzündə) Nuhun qövmündən sonra canişinlər etdi və cismin və bədən qüvvələrinin yaradılmasında sizə üstünlük əta etdi. Buna görə də Allahın nemətlərini xatırlayın, bəlkə nicat tapdınız” (“Əraf” surəsi, ayə 69).

 

Quran onları həlak olandan sonra yıxılmış xurma ağaclarına bənzədir ki, bu da onların uzun qamətli olmalarına işarədir. Ad qövmü özünəməxsus evtikmə üslubu ilə seçilirdilər. Belə ki, hələ o vaxtadək heç kəsin tikmədiyi uca sütunlu qəsrlərə malik idilər:

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ

إِرَمَ ذَاتِ الْعِمَادِ

الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلادِ

“Məgər qəlb gözü ilə görmədin və bilmədin ki, sənin Rəbbin (Hudun) Ad (qövmü) ilə necə rəftar etdi?”

“Elə bir şəhər ki, onun bənzəri şəhərlər arasında (bəşər əli ilə) yaradılmamışdır” (“Fəcr” surəsi, ayə 6-8).

 

Onlar bol nemətlər içində, yaşıl bağlar və bulaqlarla zəngin olan şəfalı yerdə yaşayırdılar:

 أَمَدَّكُمْ بِأَنْعَامٍ وَبَنِينَ

وَجَنَّاتٍ وَعُيُونٍ

“Sizə heyvanlar və oğullar (əta etməklə) kömək etdi”.

“Həmçinin bağlar və bulaqlarla (kömək etdi)” (“Şuəra” surəsi, ayə 133-134).

 

Birinə cəza verərkən çox sərt olub zülm edirdilər:

وَإِذَا بَطَشْتُمْ بَطَشْتُمْ جَبَّارِينَ

“Və (birini) yaxaladıqda (ona) zülmkarcasına cəza verirsiniz” (“Şuəra” surəsi, ayə 130).

 

Dünya nemətlərinin bolluğundan məst olmuş bu qövm bütün bunları onlara bəxş etmiş uca Allaha şürk etmək əvəzinə öz güc və qüvvələri ilə qürrələnərək Hudun (ə) dəvətini qəbul etmədilər və onunla mücadiləyə qalxdılar. Onlar qəflətə qapılıb özlərini hamıdan güclü hesab edirdilər. Lakin unutmuşdular ki, onları yaradan Allah daha güclü olub onların mövcudutiyyətinə son qoya bilər:

فَأَمَّا عَادٌ فَاسْتَكْبَرُوا فِي الأرْضِ بِغَيْرِ الْحَقِّ وَقَالُوا مَنْ أَشَدُّ مِنَّا قُوَّةً أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ الَّذِي خَلَقَهُمْ هُوَ أَشَدُّ مِنْهُمْ قُوَّةً وَكَانُوا بِآيَاتِنَا يَجْحَدُونَ

 “Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: “Bizdən daha qüvvətli kim ola bilər?!” Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər...” (“Fussilət” surəsi, ayə 15)

 

Həzrət Hudun (ə) təbliğ üslubu

 

Bütün İlahi peyğəmbərlərin dəvətinin əsasını yeganə Allaha iman, ibadət və pərəstiş təşkil edir. Hud (ə) da öz qövmünə xitab edərək bu məsələni vurğulayır:

وَإِلَى عَادٍ أَخَاهُمْ هُودًا قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَهٍ غَيْرُهُ إِنْ أَنْتُمْ إِلا مُفْتَرُونَ

“Ey camaatım! Allaha ibadət edin. Sizin ondan başqa heç bir tanrınız yoxdur. Siz isə (Allaha şərik qoşmaqla) yalnız iftiraçısınız!” (“Hud” surəsi, ayə 50)

 

İkinci mühüm məsələ kimi Qiyamət günü İlahi əzabdan xəbər verir:

إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍ

“Mən böyük günün (Qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!” (“Şuəra” surəsi, ayə 135)

 

Təbliğ üslubuna gəlincə ilk öncə Hud (ə) özünü Allahın əmin, etibar olunası bir peyğəmbəri kimi tanıtdırır və bildirir ki, dəvəti müqabilində insanlardan heç bir mükafat gözləmir. Onun mükafatı onu yaradan Allaha aiddir:

يَا قَوْمِ لا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِنْ أَجْرِيَ إِلا عَلَى الَّذِي فَطَرَنِي أَفَلا تَعْقِلُونَ

“Ey mənim qövmüm, sizdən (boynumda olan vəzifənin çatdırılması müqabilində) bir muzd istəmirəm, mənim mükafatım yalnız məni yaradanın öhdəsindədir, heç düşünmürsünüz?!” (“Hud” surəsi, ayə 51)

 

Hud (ə) onlara müjdə verərək şirkdən üz döndərib Allaha yönəldikləri təqdirdə rəhmət qapılarının onların üzünə açılacağını vəd edir:

وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَى قُوَّتِكُمْ وَلا تَتَوَلَّوْا مُجْرِمِينَ

“Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin” (“Hud” surəsi, ayə 52).

 

 Onlara bəxş olunmuş İlahi nemətləri xatırladaraq bütün bunların müqabilində şükr etmələrini və əvvəlki ümmətlərin başına gələn İlahi əzablardan ibrət almalarını istəyir:

أَوَعَجِبْتُمْ أَنْ جَاءَكُمْ ذِكْرٌ مِنْ رَبِّكُمْ عَلَى رَجُلٍ مِنْكُمْ لِيُنْذِرَكُمْ وَاذْكُرُوا إِذْ جَعَلَكُمْ خُلَفَاءَ مِنْ بَعْدِ قَوْمِ نُوحٍ

وَزَادَكُمْ فِي الْخَلْقِ بَسْطَةً فَاذْكُرُوا آلاءَ اللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“Yoxsa Rəbbiniz tərəfindən sizə özünüzdən olan bir kişinin diliylə sizi (Allahın əzabı ilə) qorxutmaq üçün bir zikrin gəlməsinə (peyğəmbərlik yaxud möcüzənin aşkar edilməsi və ya Nuhun kitab və şəriətinin çatdırılmasına) təəccüb etdiniz? Yada salın o zaman(ı) ki, sizi (yer üzündə) Nuhun qövmündən sonra canişinlər etdi və cismin və bədən qüvvələrinin yaradılmasında sizə üstünlük əta etdi. Buna görə də Allahın nemətlərini xatırlayın, bəlkə nicat tapdınız” (“Əraf” surəsi, ayə 69).

 

 

Bütün peyğəmbərlər kimi Hud (ə) da öz qövmü tərəfindən ittihamlara məruz qalır. Qövmü onu səfehlik, yalançılıq və dəlilikdə ittiham ediblər. Bunun özü onun nə qədər pak bir insan olmasını sübut edir. Çünki onun əxlaqi və ictimai cəhətdən hər hansı bir nöqsanı olsaydı mütləq onu qabardardılar. Lakin nə qədər çalışsalar da bu üç əsassız töhmətdən başqa bir şey ortaya qoya bilmirlər.

Hud (ə) qövmünü hidayət etmək üçün əlindən gələni əsirgəmir və müxtəlif yollardan istifadə edir. Lakin onlar İlahi dəvətə müsbət cavab vermək əvəzinə insanlıqdan o qədər uzaqlaşmışdılar ki, İlahi əzabın gəlməsini tələb edirdilər.

Dedilər: “Sən bizim yanımıza gəlmisən ki, biz yalnız Allaha ibadət edək və atalarımızın ibadət etdiklərini tərk edək? Onda əgər doğruçulardansansa, vəd etdiyini (İlahi əzabı) gətir”.

Doğrudan da, belə bir qövm Allahın yer üzündə canişini olub xilqət hədəfi ola bilməz. Ona görə də yer üzü bu cür ünsürlərdən təmizlənməli və onların yerini pak insanlar tutmalı idi. Hud (ə) dua edərək qövmünün inadkarlığı və təkzibi müqabilində Allahdan kömək istəyir:

قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ

“Ey Rəbbim, onların təkzibləri müqabilində Mənə kömək et!” (“Muminun” surəsi, ayə 39)

Xitab gəldi ki, “az bir zamandan sonra mütləq peşman olacaqlar”.

 

İlahi əzab

Qurana nəzər saldıqda Allaha qarşı üsyan edən qövmlərin müxtəlif əzablarla cəzalandırılıb məhv olduğunu görürük. Ola bilsin ki, günahla əzab növü arasında bizə məlum olmayan bir rabitə mövcuddur. Quran Ad qövmünün külək vasitəsilə məhv olduğunu bildirir:

“Amma Ad qövmü şiddətli əsən, soyuq, uğultulu və gurultulu bir küləklə məhv oldular. (Elə bir külək ki, Allah) onu nəhs olan yeddi gecə və səkkiz gün ərzində ardı-arası kəsilmədən onların üstünə əsdirdi və (əgər orada olsaydın) o qövmü hamılıqla yerə sərilmiş görərdin, elə bil ki, içi boş və yerindən qoparılmış xurma kökləri idilər. İndi sən onlardan heç qalanını görürsənmi?!” (“Haqqə” surəsi, ayə 6-8)

 

Günahkarlar öz cəzalarına çatdılar. Hud (ə) və ona inananlar isə İlahi ədalətin hökmü ilə nicat tapdılar. “Əraf” surəsinin 72-ci ayəsində buyurulur:

فَأَنْجَيْنَاهُ وَالَّذِينَ مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَقَطَعْنَا دَابِرَ الَّذِينَ كَذَّبُوا بِآيَاتِنَا وَمَا كَانُوا مُؤْمِنِينَ

“Beləliklə, ona və onunla birgə olanlara öz rəhmətimizlə nicat verdik və Bizim ayələrimizi təkzib edən və mömin olmayanların kökünü və nəslini kəsdik”.

Ad qövmünün başına gələnlərdən belə bir nəticəyə gəlmək olar ki, onların tüğyan etmələrinin səbəblərindən biri nemət bolluğu olmuşdur. Sərvət İlahi nemətlərdən biri olmaqla yanaşı imansız insanların əlinə keçdikdə azğınlığa və təkəbbürə səbəb olur.

Təkəbbür isə əql və düzgün düşüncənin önündə duran ən böyük səddir.

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 267, 

Dostların veb səhifələri

1934009
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
683
3608
29654
1757782
84415
151094
1934009

sizin IP ünvanınız: 54.92.182.0
2018-08-18 08:01

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!