Quran Elmləri

Nasix və mənsux

Nasix və mənsux

 

Quran elmləri sahəsində əsas və önəmli mövzulardan biri də “nəsx” mövzusudur. “Nəsx” mövzusunun müqəddəs Quran ayələrinin təfsirində mühüm rolu olduğundan onun haqqında lazımi qədər məlumat əldə etmək hər bir Quran və təfsir alimi üçün zəruri sayılır. İslam Peyğəmbəri (s) bu mövzuyla bağlı belə buyurmuşdur:

“(Dini mövzularda) müqayisələrə (qiyas) əməl edən şəxs özü həlak olmuş və başqalarını da həlak etmişdir. Nasix, mənsux, möhkəm (aydın mənalı) və mütəşabih (oxşar mənalı) ayələri tanımadan və elmsiz halda xalq üçün fətva verən şəxs (də) həm həlak olmuş, həm də başqalarını həlak etmişdir”. ("Əl-Üsul minəl- kafi”, Şeyx Kuleyni, 1/43/9)

“Nəsx” - ərəb sözü olub, lüğətdə “bir şeyi yoxa çıxarmaq”, “aradan qaldırmaq”, “dəyişdirmək” və “məhv etmək” mənalarına malikdir.

“Nəsx” sözü Quran elmləri terminologiyasında vaxtı sona çatmış hökmün yeni bir hökm vasitəsilə aradan qaldırılmasına deyilir. Belə olan halda qüvvəyə minmiş yeni hökm “nasix”, qüvvədən düşmüş hökm isə “mənsux” adlanacaqdır. Əllamə Mərifət bu barədə belə yazır: “Nəsx” zahiri baxımdan davam etməsi lazım olan keçmiş bir hökmün aradan qaldırılmasına deyilir. Belə ki, onların bir yerdə cəm olması (uyğunlaşması) mümkün olmasın...”

“Nəsx”in növləri

Quran elmləri kitablarında “nəsx”in bir sıra növləri sadalansa da onlardan əksiriyyəti digər alimlərin dedikləri və yazdıqlarından təqlid əsasında müxtəlif kitablarda qeyd olunmuşdur. Burada “nəsx” üçün təsəvvür edilən növlərlə tanış oluruq:

1- Həm ayə, həm də hökmün “nəsx” edilməsi; “Nəsx”in bu növündə məqsəd, Qurani-Kərimdə mövcud olan ayənin həm zahiri oxunuşu, həm də onun malik olduğu hökmün müəyyən məsləhətlərə əsasən aradan qaldırılmasından ibarətdir.

2- Tilavətin (ayənin) “nəsx” edilməsi, hökmün isə qalması; “Nəsx”in bu növündə məqsəd, Quranda mövcud olan ayənin zahiri oxunuşunun “nəsx” olub aradan getməsi, onun malik olduğu hökmün isə qalmasından ibarətdir.

3- Tilavətin (ayənin) deyil, yalnız hökmün “nəsx” edilməsi; "Nəsx"in bu növündə məqsəd, Quranda mövcud olan ayənin özü (tilavəti) deyil, onun hökmünün aradan getməsindən ibarətdir. Bunun da bəzən çöxsaylı hədislər, bəzən isə Quran ayəsi ilə həyata keçməsi ehtimalları irəli sürülür. Lakin Qurani-Kərimin müqəddəs bir kitab olaraq hikmət sahibi olan Allah-Təala tərəfindən nazil edildiyini düşündükdə, bu kimi proseslərin Quranda baş vermədiyini təsdiqləmək zərurətindəyik. Necə ola bilər ki, müəyyən ilahi hökmün əsaslandığı ayə aradan getsin, lakin onun hökmü qüvvədə qalsın?! Belə olduqda bu, Qurani-Kərimin təhrifi mənasında deyilmi? Qurani-Kərim ayələri barədə “nəsx”in yuxarıda sadalanmış növləri, xüsusilə də oxunuşu qalaraq hökmünün qüvvədən düşmüş növünü qəbul etmək ilk növbədə Qurani-Kərimdə müəyyən ixtilaf və ziddiyyətlərin mövcud olması nəzərini dəstəkləyir. Hansı ki, Allah-Təala Quranda belə bir nəzəri təkzib edərək buyurur:

أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللَّهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا 

"Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allahdan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar." (“Nisa” surəsi, ayə– 82)

Qurani-Kərimdə tamamilə nəsx olunmuş və həmişəlik olaraq qüvvədən düşmüş ayələrin oxunuşundan başqa əsaslı bir faydası olmayacaqdır. Elə bu səbəbdən Quran ayələrinin bir-birini kamil surətdə “nəsx” edib, həmişəlik olaraq qüvvədən salması nəzərini qəbul etmək olmaz. Odur ki, “nəsx”in sadalanmış növləri ilk növbədə Quran baxımından məqbul sayıla bilməz. Quran ayəsinin hədis və rəvayətlər vasitəsilə "nəsx" edilməsi və qüvvədən düşməsi fikri isə tamamilə əsassız və məntiqsizdir. Çünki hədis və rəvayətlər sayca çox olsa belə hər bir şeyin fövqündə dayanmış Qurani-Kərimi qüvvədən sala bilməz. Əslində hədis və rəvayətlər yalnız Quran çərçivəsində məqbul sayılaraq onun ümumi söz, ifadə və hökmlərini izah etməyə qadirdir.

 4-"Şərti-nəsx". "Nəsx"in bu növündə məqsəd isə Qurani-Kərimdə mövcud olan müxtəlif ayələrin oxunuşu deyil, onların malik olduqları göstəriş və hökmlərin müəyyən hallar və vəziyyətlərdə qüvvəyə minib, müəyyən hallar və vəziyyətlərdə isə qüvvədən düşməsindən ibarətdir.

Müqəddəs Quranda mövcud olan "nəsx" növləri də əsasən bu qəbildəndir. Bu növ "nəsx"ə əsasən, "nəsx" olunmuş (qüvvədən düşmüş) ayələrin etibardan düşməsi mütləq şəkildə yox, əksinə müəyyən hallar və şərtlər əsasındadır. Müqəddəs Quranın bütün zamanlar və məkanlara aid olması nəzərinə əsasən, Qurani-Kərimin müəyyən ayələrinin də əsasən "şərti-nəsx" əsasında müvəqqəti olaraq qüvvədən düşməsi mümkündür.

Qeyd etmək lazımdır ki, bu nəzər görkəmli alim, əziz ustadımız Əllamə Şeyx Məhəmməd Hadi Mərifət cənabları tərəfindən irəli sürülmüş əsaslı və elmi bir nəzərdən ibarətdir. Bizim "nəsx" barədə qəbul etdiyimiz nəzər də əsasən belədir. "Şərti-nəsx" barədə aşağıdakı misalı qeyd etmək olar:

Allah-taala Qurani-Kərimdə buyurur:

 قُلْ لِلَّذِينَ آمَنُوا يَغْفِرُوا لِلَّذِينَ لَا يَرْجُونَ أَيَّامَ اللَّهِ لِيَجْزِيَ قَوْمًا بِمَا

 كَانُوا يَكْسِبُونَ

"(Ya Peyğəmbər!) İman gətirənlərə de ki, Allah etdiyi əməllərə görə hər hansı bir qövmün cəzasını (özü) versin deyə, Allahın günlərinə ümid bəsləməyənləri bağışlasınlar!" (“Casiyə” surəsi, ayə-14)

Həmçinin, digər ayədə buyurur:

وَدَّ كَثِيرٌ مِنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُمْ مِنْ بَعْدِ إِيمَانِكُمْ كُفَّارًا حَسَدًا مِنْ عِنْدِ أَنْفُسِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُوا وَاصْفَحُوا حَتَّى يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

 "(Ey möminlər!) Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər. Allah əmrini gətirənə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın (onlardan üz çevirməyin). Şübhəsiz ki, Allah hər şeyə qadirdir!" ("Bəqərə" surəsi, ayə-109)

Lakin Quranın digər bir ayəsində belə buyurur:

 

أُذِنَ لِلَّذِينَ يُقَاتَلُونَ بِأَنَّهُمْ ظُلِمُوا وَإِنَّ اللَّهَ عَلَى نَصْرِهِمْ لَقَدِيرٌ 

 

"Həqiqətən də, zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Şübhəsiz, Allah onlara kömək etməyə, əlbəttə, qadirdir!" (“Həcc”  surəsi, ayə-39)  

Bir çox alimlər qeyd olunmuş son iki ayəni müşrik və kafirlərə qarşı güzəşt barədə olan ayələri tam mənada "nəsx" edən ayələr kimi qələmə versələr də, bu ayələrin tam və mütləq şəkildə "nəsx" edilməsini iddia etmək olmaz. Çünki İslam düşmənləri və müxalifləri ilə mehriban rəftar edib, onların nalayiq və amansız zülmlərinə göz yummaq müsəlmanların zəif halına, onlarla mübarizə xüsusiyyəti isə müsəlmanların iqtidar və güc sahibi olduqları zamanlara aiddir. Bu isə hər bir zaman və hər bir yerdə cərəyanda olan ümumi bir göstərişdir. Bu izahlara əsasən, "nəsx" barədə mövcud olan hədis və rəvayətlərin müəyyən bir qisminin "şərti-nəsx"ə, onların digər bir qisminin isə "təqyidul- ümumat" və "təxsisul-mütləqat"a (yəni, ümumi və mütləq şəkildə deyilmiş göstəriş və sözlərin haqqında müəyyən qeyd və açıqlamaların buyurulmasına) aid olduğu aydınlaşır.

 

"ət-Təmhid fi ulumil-Quran", Əllamə Mərifət,

“Lisanul-ərəb", İbn Mənzur, 11/78-79.

"Əl-Xisal", Şeyx Səduq, 2/358/43.

"Səhihi-Müslim", 372/1783, "Sünənut-Tirmizi", 5/194/2943

"Əl-İtqan fi ulumil-Quran", Cəlaləddin Süyuti, 1/100

"Ət-Təmhid fi ulumil-Quran", Əllamə Mərifət

 

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 5985, 

Dostların veb səhifələri

14399792
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4200
4599
27529
14222443
108516
183089
14399792

sizin IP ünvanınız: 18.217.203.172
2024-04-19 18:56

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!