Məkki və Mədəni surələr
Müqəddəs Qurana böyük inayəti olan müsəlmanlar hətta ayələrin nazil olduğu zamanı və məkanları da qeyd edirdilər. Surələrin məkki və ya mədəni olmasını bilməyin ayələri tanımaqda çox böyük rolu var.
Hicrətdən əvvəl, Məkkədə Peyğəmbərə (s) nazil olan ayələr məkki, hicrətdən sonra Mədinədə nazil olmuş ayələr isə mədəni ayələr hesab olunur.
Məkki ayə və surələri tanımağın yolları
Məkki surələrini mədəni surələrdən ayıra bilməyin bir sıra yolları var:
- Ayənin və ya surənin qısa olması;
- Əqidə və üsula dəvət;
- Müşriklərlə mübarizə və onların əqidələrinin tənqidi;
- Yaxşılıqlara və əxlaqi fəzilətlərə dəvət;
- Andların çoxluğu. Belə ki, məkki surələrdə 30-a yaxın and olduğu halda, mədəni surələrdə iki and var – “Nisa” surəsi, ayə 65, “Təğabun” surəsi, ayə 7;
- Səcdə ayəsi olan surələr;
- Peyğəmbərlər və keçmiş ümmətlər haqqında danışan surələr (“Bəqərə”dən başqa);
- Adəm və Həvvadan danışan surələr (“Bəqərə”dən başqa);
- Müqəttəə hərfləri olan surələr (“Bəqərə” və “Ali-İmran”dan başqa);
- “كلا” kəlməsi olan surələr;
- Məkki surə və ayələrdə kəskin tonla, şiddətlə xitab olunur;
Mədəni ayə və surələri tanımağın yolları:
- Surənin böyük olması;
- Fərdi və ictimai hüquqlardan, əhkamdan danışan surələr;
- Cihad və onun hökümlərindən danışan surələr;
- Münafiqlərə xitab olunan surələr;
- Əhli kitab və yəhudilərə xitab olunan surələr;
- Mədinə əhlinə müraciət olunan surələr. Çünki Mədinə əhlinə olan xitab Məkkə əhlinə olan xitabdan fərqlənir. Belə ki, Mədinəlilər İslam dinini və həqiqətlərini qəbul etməyə daha çox hazır idilər. Buna görə də Mütəal Allah onlarla mülayim danışır, münafiqləri isə cəmiyyətə çox aşkar şəkildə tanıtdırdı.
Məkki surələri mədənidən ayıra bilməyin faydaları
- Təfsirçi üçün surələrin məkki və ya mədəni olduğunu bilmək mühüm əhəmiyyət kəsb edir. Buna görə də müfəssirlər ayələri və surələri nazilolma zamanına və şəraitinə görə təfsir edirlər.
- Müsəlmanların Qurana olan etimadını artırır. Çünki müsəlmanlar keçmişdə surə və ayələrin hissələrə ayrılıb, hətta ayələrin nazil olduğu zaman və məkanlarının yazılıb saxlanıldığını bilsələr, bu səmavi kitaba etimadları daha da artar.
- Düzgün rəvayətləri saxta rəvayətlərdən seçə bilmək imkanı. Belə ki, bəzi ayələrin şəni nüzulunda elə hadisələr rəvayət edirlər ki, Məkkənin və ya Mədinənin mühiti ilə uyğun gəlmir.
- Quranın dəvətinin mühit ilə həmahəngliyi məkki və mədəni surələri tanımağın faydalarından biridir. Belə ki, Quran hər ümməti öz mühitinə uyğun bir şəkildə İslama dəvət edir.
- Həmçinin, şəri hökümlərin tarixini bilməkdə bu məsələnin əhəmiyyəti var. Məsələn, namaz və ya oruc harada, nə zaman vacib olub.
Quranda olan 114 surədən 86-sı məkki, 28-i isə mədənidir. 6236 ayədən 4468-i məkki, 1768-i isə mədənidir. 77807 kəlmədən 45653-ü məkki, 32154-ü isə mədənidir.
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir