Yazar Qələmlər

Kərbəlada qadınların rolu

Kərbəlada qadınların rolu

 

Kərbəlada qadınların rolu

 

Qadın yaradılış cəhətindən çox zərif və lətif məxluqdur. Lakin buna baxmayaraq, Allah onu başqa məxluqlarına bəxş etmədiyi istedad və keyfiyyətlərlə zənginləşdirmişdir. Ona bu qabiliyyət bəşəri tərbiyə etmək, onu inkişaf mərhələsinə çatdırmaq üçün bəxş olunmuşdur. İnsan şəxsiyyətinin formalaşmasında ən güclü amil təlim-tərbiyədir və bu işin ən mühüm aparıcısı qadın olub və olmaqdadır. Hər bir ilahi rəhbər, Allah peyğəmbəri ana qucağından besətə doğru ucalmışdır. İnsan ömrünün təməli sayılan uşaqlıq və yeniyetməlik dövrünü hər bir şəxs bir qadının himayə və nəzarəti altında keçirməkdədir.

Hələ İslamdan əvvəlki tarixə nəzər salsaq orada böyük şəxsiyyətlərin həyatında qadınların misilsiz rolunun olduğunu görə bilərik. Onlardan hansını misal çəkək?! Bəşər nəslinin ilk anası hesab olunan Həvvanımı?! İbrahimə (ə) yoldaş olub onun amalı yolunda fədakarlıqla çalışan Saranımı?! Yoxsa Allah evinin tikilməsinə, Zəm-zəm çeşməsinin qaynamasına və Məkkə şəhərinin tikilməsinə səbəb olan Hacərimi?! Tarix bu gövhərlərlə doludur.

Burada Musanı misal çəkmək olar. Musa (ə) Allahın peyğəmbəri kimi Onun risalətini layiqincə təbliğ etməli idi. Lakin bu işdə çox səy ilə çalışan seçkin qadınlar özünü göstərməkdə idi.

Bir ana oğlan uşaqlarınının vəhşicəsinə öldürüldüyü bir zamanda gizlin şəkildə bir Allah peyğəmbərini dünyaya gətirir. Onun təhlükəsizliyini təmin etmək üçün, Allahın ilham etməsi ilə uşağı axar suya tapşırır. Bir mərhəmətli bacı onun taleyini bilmək üçün axar çay boyu körpəni təqib edir və nəhayət, səlahiyyət sahibi olan bir qadın ona pənah verərək himayəsinə alır. Beləliklə, Allah Rəsullarından (ə) hər biri şərəfli qadınların əlləri ilə bəşər tarixinə qədəm qoyur.

İslam tarixinə nəzər salsaq orada qadınların misilsiz rolunu görə bilərik. Əziz Peyğəmbərimizin (s) həyat yoldaşı olan Xədicə onların ən üstünüdür. Xədicə İslam yolunda, Peyğəmbərin (s) risaləti naminə nəinki var-dövlətindən keçmiş, hətta bu yolda öz canını belə qurban etmişdir.

Bütün bu qəhrəman, fədakar qadınlar içində Kərbəlanın qanlı qiyamında fəal iştirak edən xanımları qeyd etməmək mümkün deyil. Bütün dünyəvi imkanları, arxa və köməkləri əlindən alınmış, mənəvi və maddi cəhətdən ən ağır şəraitdə olan bu qadınlar İslam dünyası üçün mühüm olan bir inqilabı dirildərək onun səsini haqsevərlərin qulağına çatdırdılar. Bununla da zalım Əməvi səltənətinin təməlini titrədərək məhv etdilər.

Zahirdə qəm-qüssəli, çarəsiz, ah-naləli olan bu inqilab əslində, mərdlik, insaniyyət və şücaətin ən bariz nümunəsidir. Bu qiyamda iştirak edən şərəfli, seçilmiş qadınlar öz göz yaşları ilə həqiqəti layiqincə çatdıra bildilər. Əslində axıdılan göz yaşı deyil, həqiqətin nidası idi. Elə bir nida ki, səssiz qəlblərə, insan ruhunun dərinliklərinə nüfuz edirdi. Bu qiyama bir qədər yaxından baxaq.

Peyğəmbər (s) nəvəsi, dövrün imamı, Allahın yer üzərində olan hidayət çırağı, bütün İslam dünyasının ilahi rəhbəri olan Hüseyn ibn Əli (ə) İslam dinini təhlükədə görür. Haqq təhrif olunur, batil isə haqq donunda cilvələnməkdədir. İslami, insani dəyərlər tapdalanmaqda, mərdlik, şəhadət məktəbi süqut etməkdədir. Elə bu arada həqiqətin canlı obrazı olan imam Hüseyndən (ə) gördüyü bu haqsızlıqla barışmaq, yəni beyət etmək tələb olunur. O, özünü iki yol arasında görür – ya batillə barışıb zillət dolu bir həyatı seçməli, ya da qanlı bir qiyam ilə özünün, yaxınlarının qanı bahasına küfr ilə barışmayıb əsrlər boyu nümunə olacaq şəhadət məktəbini diriltməlidir. Əlbəttə, həzrət Əli (ə) və Peyğəmbər qızı olan həzrət Fatimə (s.ə) kimi ilahi şəxslərin tərbiyəsini görən bir şəxs, heç zaman zillət ilə dolu olan bir həyatı seçməzdi. Odur ki, imam Hüseyn (ə) şəhadəti özünə hədəf seçərək tarixdə unudulmaz bir qiyam etdi. Bu qiyamda mühüm məqamlardan biri də budur ki, İmam (ə) Əhli-beytin xanımlarını da öz mübarizəsində şərik etdi.

Nə üçün? Bəlkə bu sualı zehin və düşüncələrdə yaratmaq üçün. Çünki hər bir sual cavab üçün girişdir. Bəlkə onları qorumaq üçün, bəlkə başqa səbəblərdən... Lakin bu səbəblərin heç biri imam Hüseynin (ə) rəftarında özünü göstərmir. İmam Hüseyn (ə) şəhidlərin haqqını bərpa etmək, Aşura qiyamına şahid olmaq, Üməyyə nəslinin cinayətlərini, onların əsl simalarını göstərmək üçün Qur’an və İslam dininin hər şeydən üstün olduğunu, şəhadətin əsl mənasını bəyan etmək üçün öz xanədanını Kərbəlaya gətirir. Onları gətirməklə bu qiyama can verir.

O şərəfli qadınlar öz vəzifələrini layiqincə icra etməklə dövrün imamına sədaqətlərini izhar edirlər.

Aşura qiyamında qadınlar üçün ən çətin və ağır dəqiqələr öz gözləri önündə əzizlərinin ölümlərinə tamaşa etmələri idi. Bu qiyamın ikinci hissəsi isə əsirlik və vidadır. Təəccüb doğuran budur ki, qiyamın ən çətin anında biz qadınları daha səbirli və dözümlü görürük. Məlum olur ki, onların göz yaşları da əbəs yerə deyil, bizə həqiqəti çatdırmaq üçündür.

Aşura qiyamında qadınların göstərdiyi qəhrəmanlıqlar insanı heyrətə gətirir. Görəsən dünyada hansı bir ana südəmər körpəsini insanları qəflət yuxusundan oyadıb insanpərvərliyə dəvət üçün oxların önünə verər?! Hansı bir bacı qardaş başının kəsilməsinə şahid olduqdan sonra dövrün ən qəddar və güclü iqtidar sahibləri qarşısında dili ilə qiyam edər?! Hansı övlad atasından keçib İslamı qorumaq üçün düşmənlə üzbəüz gələr?!

Bu meydanda qadınların göstərdikləri qəhrəmanlıq nümunələri çox olmuşdur. Onlardan təkcə bir ananın göstərdiyi şücaəti qeyd edirik. Vəhəb ibn Cənahın anası çöldə yaşayan məsihilərdən biri idi. İmamın (s) karvanı onların yaşadığı məkandan keçir. Bu qadın Hüseynin (ə) əli ilə hidayət tapıb müsəlman olur. Qəribə olan budur ki, Peyğəmbər (s), həzrət Əli (ə) və Fatiməni (s.ə) görən onların əli və dini ilə cəhalətdən qurtulub izzət tapanlar “Allahu Əkbər” deyərək Allah Rəsulunun (s) övladını öldürdülər. Amma bir məsihi isə İmamı (ə) görməklə hidayət tapır. Vəhəb ibn Cənah anası və yoldaşı ilə İmamın (s) karvanına qoşulurlar. Aşura günü Vəhəb döyüş meydanında qəhrəmanlıqla vuruşaraq anasının yanına qayıdır və deyir: “Anacan! Məndən razı qaldınmı?”

Bu qəhrəman ana hər ananın deyə bilməyəcəyi bir sözü deyir: “Hüseynin yolunda ölməyincə mən səndən razı olmaram”.

Bu sözü hansı ana deyə bilər?! Vəhəb meydana qayıdır, vuruşur və şəhid olur. Şəhadətindən sonra insaniyyəti unutmuş düşmənlər onun başını bədənindən ayıraraq anasına tərəf atırlar. Qadın bir an belə imanını, səbrini əldən verməyərək oğlunun başını əlinə alaraq onu yenidən düşmənə sarı ataraq deyir: “Allah yolunda qurban verdiyimi geri almaram!” Bu nə igidlik, bu nə böyük bir imandır! Bu qadınları döyüş aslanlarına çevirən imam Hüseynin (ə) məktəbi, onun hədəfinə vurğunluqları idi.

Onlar istər qiyamdan əvvəl İmamla (ə) yoldaşlıqları ilə, istərsə də meydanda səbr və dözümləri ilə, istərsə də qiyamdan sonra öz nalə və göz yaşları ilə İslam dünyası üçün həyati əhəmiyyət daşıyan bir inqilabı diri saxladılar. Silahsız, heç bir vasitə və kömək olmadan öz rəftarları, sözləri ilə qəlblərə yol tapıb qəflətdən oyatdılar. Üməyyə nəslinin qüdrət sahibləri heç zənn etmədikləri yerdən böyük bir zərbə alaraq süquta uğradılar. Aşura qiyamı öz arxasınca neçə-neçə qiyamlar gətirərək əsrlər boyu azadlıqsevər insanlar üçün nümunəyə çevrildi.

Allah bizləri Kərbəla məktəbindən ayrı salmasın!

"Əbədi-Nur" jurnalının BaşTəsisçisi  -  Səadət Əlizadə

 


 141, 

Dostların veb səhifələri

1946557
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3906
7337
11243
1793244
96963
151094
1946557

sizin IP ünvanınız: 54.224.11.137
2018-08-20 19:18

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!