Yazar Qələmlər

Əhli-Beyt(ə) hədislərində dinin irfani yönü

Əhli-Beyt(ə) hədislərində dinin irfani yönü

 

Əhli-Beyt(ə) hədislərində dinin irfani yönü

 

Əhli-beyt hədislərində dinin irfani yönünə xüsusi diqqət yetirilmişdir.

Dinin ilahi eşq əsasları üzərində qurulması, qəlbin bütün rəzil xislətlərdən  təmizlənib yalnız Allah zikrinə məxsus olması. Yalnız məhəbbət əsasında bəndəlik, fani dünyada zöhd və təqvaya əsaslanan həyat tərzi, dünyanın aldadıcı zinətləri qarşısında müqavimət göstərmək, dünyəvi istəklərlə axirət üçün çalışmaq arasında müvazinəti qorumaq və s. Məsum İmamların(ə) feyz dolu hədislərində irfani mövzulardandır.

Din-ilahi eşq üzərində qurulub. Həqiqi dindar fədakar aşiq olmalıdır. Əgər hələ Allah aşiqi deyilsənsə həqiqi dindar olduğunu iddia edə bilməssən. İmam Əli(ə) buyurur:

“İslam dini elə bir dindir ki, Allah onu özü üçün seçmiş, xüsusi diqqət və inayəti ilə onu aşkar edərək yaratdıqlarının ən yaxşılarını onun təbliği üçün seçmişdir. Bu dinin sütunlarını öz məhəbbəti üzərində ucaltmışdır”. (Nəhcul-bəlağə, 313)

İmam Baqir(ə) isə bir hədisdə dini yalnız məhəbbət kimi tərif edir. (Usuli-kafi, 8/79)

Din Allaha tam itaət edib qarşısında təslim olmaqdır. İtaətdə səmimiyyət və ixlas eşqdən, eşq isə tanımaq və agahlıqdan hasil olur. Agahlıq artdıqca eşq və itaət də bir o qədər artır.

“Əmirəl-möminindən soruşuldu: Nə üçün Allah ilə görüşü sevirsən? Buyurdu: Elə ki, mələklərinin rəsul və peyğəmbərinin dinini mənim üçün seçdiyini gördüm, bildim ki, bununla mənə şərəf və izzət bəxş edən məni unutmur. Bu səbəbdən Onunla görüşü sevdim.” (Biharul-ənvar, 6/127)

Həqiqi Allah aşiqi bütün varlığı ilə Onun razılığını cəlb etmək üçün çalışar və artıq nə qəlbi, nə dili, nə də ki, başqa bədən üzvləri ilə Rəbbinin itaətində çıxmaz (Mustəqrəkül-vəsail, 10/170)

Bəndəlik məkanın insan heç bir vəchlə dinindən əl çəkib haqqdan üz döndərməyə hazır deyil. Çünki dünyada olan hər bir şeyin Allahın razılığı, lütf və məhəbbəti ilə müqaisə olunmayacağını, puç və dəyərsiz, hətta “keçinin burnunun suyundan daha dəyərsiz” olduğunu bilir. (Nəhcül-bəlağə, 50;iləluş-şəraye, 1/151;Məanil-əxbar, 362)

İmam Əli(ə) gözəl bir bəyanla buyurur: (215ci xütbə)

“Allaha and olsun, əgər yeddi iqlimi, onların göylərinin altında olan bütün şeylərlə birlidə mənə versələr ki, bir qarışqanın ağzından arpanın qabığını çıxarmaqla Allaha itaətsizlik edim, onu heç vaxt etmərəm! Həqiqətən, sizin dünyanız mənim yanımda çəyirtkənin ağzında çeynədiyi yarpaqdan da ucuz və dəyərsizdir. Əlinin fani olan nemət və qalmayacaq ləzzətlə nə işi?”

Qəlb xalis iman nuru ilə işıqlandıqda bütün çirkinliklərdən təmizlənir və Allahın zikrindən başqa artıq onu  heç bir şey məşğul etmir. (Üsuli-kafi, 2/132)

Qəlbini ancaq Allah zikrinə məxsus etmiş bir kəs hər bir şeyi İlahi rəng ilə görür. Həyatın bütün çətinlikləri, ağrı-acısı onun nəzərində artıq əzabverici deyil, əksinə mənəvi cəhətdən şirin və gözəldir. İlahi təqdirə razı olmaq, çətinliklər qarşısında səbr və dözüm, həm sevincli anlarda, həm də müsibət və bəla vaxtı şükür etməyi bacarıb, bəla və çətinlikləri dəf etməsi üçün Allah dərgahına dua etməkdən həya etmək İmam Sadiqdən(ə) nəql olunan bir rəvayətdə Allahın salehlər üçün razı olduğu din kimi tərif olunmuşdur. (Biharul-ənvar, 14\38)

 

Zöhd

Əhli-Beyt hədislərində dünyay və onda olanlara rəğbətsiz olmaq mənasında olan zöhd, imanın həqiqətinə çatmaq, dünya və axirət xeyrini əldə etmək üçün ən yaxşı vasitə hesab olunmuşdur. (Usuli-Kafi, 2/128,130)

Zöhd hikmətin nəticəsidir. Dünyanın fani olduğunu anlayıb onun bir imtahan yeri olduğunu dərk edən kəs gərək ağıl və məntiqin hökmü ilə ilahi göstərişlərə itaət edib həyatını təqva əsasında  qursun. Əks təqdirdə, yəni həmin şəxs bütün bunları bildiyi halda yenə də dünyaya rəğbət göstərib onu öz hədəfi qərar versə onun bu işi ağıl və hikmətə zidd olub cəhl və nadanlığının nəticəsi kimi bşa düşüləcək. Aqil insan fani dünyaya təslim olmur və öz şəxsiyyətini onun aldadıcı zinətləri qarşılığında satmır. Bilir ki, vücudunun dəyəri bu maddi dünya müqayisə olunmayacaq dərəcədə çoxdur. İmam Museyi-Kazimin (ə) Hişam ibn Həkəmə vəsiyyətlərinin birində deyilir: “Ey Hişam dini olmayanın mürüvvəti, mürüvvəti olmayanın isə ağlı yoxdur. Həqiqətən də insanların ən böyük və dəyərlisi o kəsdir ki, dünyanı özü üçün bir məqam bilməsin. Bil ki, bədənlərinizin dəyəri cənnətdən başqa bir şey deyil. Onları cənnətdən başqa bir şey müqabilində satmaq”. (Tuhəful-uqul, 389)

İmam Əli də (ə) Muhəmməd ibn ƏbuBəkrə yazdığı məktubda tövsiye edirki, təqvanı həyatının sərlövhəsi qərar versin və fani şeylərdən üz çevirsin.

“ Ey Muhəmməd ibn Əbu Bəkr! Bil ki, ən üstün fiqh və bilik, Allah dinində təqva və Ona itaət etməkdir, mən sənə gizli və aşkar işlərində və olduğun hər bir şəraitində İlahi təqvanı tövsiyə edirəm. Dünya giriftarçılıq və bəla yeri, axirət isə mükafat yeri və baqilik məkanıdır. Elə isə baqi olan üçün əməl et, əldən gedər şeydən üz çevir, dünyadan alacağın bəhrəni də unutma". (Əmaliye-mufit, 268)

Bu hədisdən belə bir nəticəyə gəlirik ki, dünyadan tamamilə uzaqlaşmaq yox, əksinə ali məqsədlərə çatmaq üçün ondan ən yaxşı istifadəni etmək lazımdır. Burada mühum məqam onu vasitə qərar verməkdir, son hədəf yox. Məsum İmamlar(ə) dünya ilə axirət istəkləri arasında müvazinəti qorumağı tövsiye etmiş, bunların hər ikisində hədi aşmağı arzuolunmaz hesab etmişlər. İmam Rza(ə) dan nəql olunan rəvayətdə deyilir: “Dünyasını dininə və dinini dünyasına görə tərk edən bizdən deyildir.” (Biharul-ənvar, 74/392)

İlahiyyatçı:  Ülviyyə Ağayeva

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 


 175, 

Dostların veb səhifələri

1946553
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
3902
7337
11239
1793244
96959
151094
1946553

sizin IP ünvanınız: 54.224.11.137
2018-08-20 19:18

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!