Gizli Xəzinələr

Sadrul-Mutəəllihin  Molla Sədra

Sadrul-Mutəəllihin Molla Sədra

Sadrul-Mutəəllihin

Molla Sədra

 

إِنَّمَا يَخْشَى اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ

“Allahdan öz bəndələri içərisində ancaq alimlər qorxar” (“Fatir” surəsi, ayə 28).

 

İslam mədəniyyətinin yetişdirdiyi parlaq simalardan və İslam fəlsəfəsinin zirvələrindən biri hesab olunan “sadrul-mutəəllihin” – “həkimlərin (filosofların) rəisi” Sadruddin və Molla Sədra kimi məşhur olan Muhəmməd ibn İbrahim ibn Yəhya Qəvami Şirazi çox nüfuzlu və tanınmış bir ailədə təxminən hicri 979-980 və miladi 1571-1572-ci ildə Şirazda dünyaya gəlmişdir.

Uzun müddət Allaha bir övlad verməsi üçün dua edən varlı bir ailənin tək övladı olan Molla Sədra böyük bir diqqətlə yetişdirildi. Səfəvilərdən əvvəl yüz illər boyunca İslam fəlsəfəsinin və digər mənəvi təlimlərin mərkəzi olan Şiraz şəhərində olduqca yaxşı bir təhsil aldı. O, öyrədilən hər bir şeyi tez qavrayan, vaxtından əvvəl inkişaf etmiş bir uşaq idi. Erkən yaşlarından iti zəkası ilə təqvasını birləşdirərək dini elmlər sahəsində olduğu kimi əqli elmlərdə də böyük müvəffəqiyyət nümayiş etdirdi.

Şirazdakı müəllimlərin dərslərindən səmərəli istifadə etdikdən sonra fəlsəfə sahəsində o dövrdə İranın və bəlkə də bütün müsəlman Şərqinin ən böyük düşüncə mərkəzinə çevrilən İsfahana getdi və orada ruhuna dərindən təsir edən dövrünün böyük ustadları ilə qarşılaşdı. Şeyx Bəhauddin Amili, Mir Damad, Mir Əbulqasim Findiriskidən dərs almaq imkanı əldə etdi. Qısa müddətdə elə bir dərəcəyə çatdı ki, ustadlarını belə ötüb keçdi.

Isfahanda təhsil almış bir çox şəxslər, o cümlədən Seyyid Əhməd Ələvi, Ağa Hüseyn Xansari, Molla Muhəmməd Baqir Səbzivari ilə dostluq edən Molla Sədra çox keçmədi ki, dövrünün tanınmış ustadları sırasına daxil oldu. O, şəxsiyyətinin tam kamilləşməsi üçün  başqa bir mühitin axtarışındaydı. Bu məqsədlə zahidanə bir həyat yaşamaq üçün İsfahanı tərk edir və bununla da həyatının təhsil illərini əhatə edən birinci mərhələsi bitmiş və ruhi tərbiyyə ilə məşğul olduğu ikinci mərhələsi başlamış olur. Molla Sədra hikməti əldə edə bilməyin əsas şərti saydığı nəfsin təzkiyyəsinə (təmizlənməsinə) nail ola bilmək üçün ictimai həyatın qarışıqlığı və səs-küydən uzaqlaşmaq ehtiyacı hiss edir və Qum şəhərinin yaxınlığında yerləşən kiçik və sakit bir qəsəbə olan Kəhəkə gəlir.

Kəhək təsadüfi seçilmiş bir yer deyildi. Bura Qum şəhərinin müqəddəs təbiətinə aid idi. Belə bir yerə gəlməyin səbəblərindən biri də açıq bir üslubla yazması, irfani və metafizik təlimləri hər bir kəsin başa düşə biləcəyi bir tərzdə açıqlamasına görə zahir uləması tərəfindən məruz qaldığı təzyiqlərdən uzaqlaşmaq idi. Molla Sədra öz əsərlərində və Mir Damada yazdığı məktublarında açıq ifadələrlə çağdaşlarının onu anlamadığını və sınıq bir qəlblə təkliyə çəkilmək məcburiyyətində qaldığını qeyd edir.

Mənbələrdə Molla Sədranın Kəhəkdə yeddi, on bir və ya on beş il qaldığı qeyd olunur. Təfəkkür və ruh tərbiyəsi ilə məşğul olduğu bu dövrdə mənəvi yüksəlişi praktiki olaraq yaşamış olur və nəticədə aydınlanmış bir hikmət alimi kimi püxtələşir. Özü bu haqda deyir: “Kəhəkdə yaşadığım zaman nəfsin təzkiyyəsi üçün çalışırdım. Təklikdə təfəkkürə dalır,öyrəndiyim məlumatları nəzərdən keçirirdim. Çalışırdım ki, elm və iman qüvvəsi ilə varlığın sirlərini anlayım. İxlas və nəfsi təzkiyyənin nəticəsində qəlbim işıqlandı, mələkut... və cəbərut qapıları... üzümə açılmış oldu, İlahi aləmin sirlərini anladım və elə şeyləri dərk etdim ki, başlanğıcda təsəvvür belə etmirdim. Onun rəmzləri mənim üçün açılmış oldu”.

Abbas Qumi nəql edir ki, Molla Sədra Kəhəkdə yaşadığı dövrdə vaxtaşırı Quma gələr və Həzrəti Məsumənin müqəddəs hərəmini ziyarət edərək elmi məsələlərdəki çətinliklərinin həlli üçün ondan kömək istəyərdi.

Xalqın arasına qayıtması üçün Molla Sədraya ictimai təzyiqlər göstərməyə başlayırlar. Şah II Abbas onu müəllimlik etməsi üçün Şiraza çağırır.

Beləliklə, bu böyük ustad həyatının son mərhələsinə başlamaq üçün doğma şəhərinə qayıdır. Bu mərhələ bir çox dəyərli əsərlərin yazılması və tələbələrin yetişdirilməsi ilə səciyyəvidir. Onun şəxsiyyəti, elmi bir çox tələbəni özünə cəzb edir və Şiraz yenidən böyük bir elm mərkəzinə çevrildi. Xan mədrəsəsi o qədər məşhurlaşmışdı ki, xarici səyyahların belə diqqətini özünə cəlb edirdi.

On yeddinci əsrdə İrana səyahət edən, Molla Sədranın sağlığında Şirazda olan Tomas Herbert yazırdı: “Doğrudan da, Şiraz fəlsəfə, astrologiya, fizika, kimya və riyaziyyatın tədris olunduğu bir kollecə malikdir. Bura İranın ən məşhur yeridir”.

Molla Sədra otuz yaşında ikən bir neçə dəfə piyada olaraq Məkkəyə həcc səfərlərinə getdi.

Yeddinci səfərindən geri qayıdarkən xəstələndi və hicri 1050 – miladi 1640-cı ildə Bəsrədə dünyasını dəyişdi.

Beləliklə, Molla Sədranın həyatını üç mərhələdə xülasə etmək olar:

  1. Şiraz və İsfahandakı təhsil dövrü;
  2. Kəhəkdəki zöhd və nəfsin təzkiyəsi dövrü. Bu mərhələdə Molla Sədra özünü tamamilə mənəvi həyata həsr etsə də, Əsfarın ilk hissəsi, Tarh əl-Kauneyn, Hudusul-aləm və digər bəzi əsərləri də yazmışdır.
  3. Şiraza qayıdıb ömrünün qalan hissəsini yazmağa və tədrisə həsr etdiyi mərhələ. Bu mərhələdə yerdə qalan əsərlərini yazdı və Molla Muhsin Feyz Kaşani və Əbdurrəzzak Lahici kimi tanınmış tələbələr yetişdirdi.

 

Molla Sədranın təhsil və mənəvi təmizlənmə mərhələlərindəki həyatı, üçüncü mərhələdə öz bəhrəsini verdi.

Həqiqətdə Molla Sədra əqli təlimlə mənəvi təcrübəni birləşdirən və Sührəverdinin “mütəəllih” adlandırdığı həqiqi hikmət sahibi olan alimlərin üstün bir nümunəsidir. Ona görə də Molla Sədraya hikmət və fəlsəfə sahəsində ən uca ad olan “Sadrul-mutəəllihin” adı verilmişdir. Mənası İlahi sirlərin elmini axtaran seçilmiş insanların rəisi deməkdir.

Əsərləri

Molla Sədranın bütün əsərləri həm əqli, həm də ədəbi dəyərə malikdir. Əksəriyyəti açıq, sadə və axıcı bir dillə ərəbcə yazılmışdır.

Yalnız bir neçə əsər fars dilindədir. Molla Sədranın ən mühüm əsəri qısaca olaraq “Əsfar” adı ilə məşhur olan “Ruhun dörd əqli səfəri ilə bağlı ali hikmət” əsəridir.

“Əsfar” özündən əvvəlki İslami kəlam, fəlsəfə və sufi məktəblərinin mübahisə mövzusu olan bütün problemləri əhatə etdiyindən onu anlamaq üçün bu məktəblər haqqında məlumatlı olmaq lazımdır. Bu əsər tələbələrə yalnız irfanın əsas prinsipləri, kəlam, Məşşai fəlsəfə və İşraqi hikmətin bilinən mətnləri yaxşıca mənimsənildikdən sonra oxudulmuşdur.

əsərdə əvvəlcə müxtəlif məktəblərin görüşləri araşdırılır, sonra isə müəllifin məntiqi dəlillərlə əsaslandırılan fikirləri açıqlanır. Bu cəhətdən “Əsfar” İslamın metafizik təlimlərinin okeanı və İslam mədəniyyəti xəzinəsi olub müəllifin zəngin biliyini nümayiş etdirən bir əsərdir.

“Əsfar”ın üslubunun bənzərinə istər Molla Sədranın digər əsərləri, istərsə də bütün İslam fəlsəfəsi içində rast gəlmək mümkün deyil. Əsərdə metafizik qavrayış və yanaşma bir tarixci və elm adamının dəqiqliyi ilə birləşdirilmiş, eyni zamanda kəşf sahibinin sezmə və mükaşəfəsi ilə məntiq ustadlarının sistematik analiz qabiliyyəti sintez edilmişdir.

Beləliklə, həyatının ikinci mərhələsində başlayıb ömrünün sonunadək davamlı olaraq üzərində işlədiyi bu əsər Molla Sədranın həyatının mükəmməl bir şəhadətnaməsidir. Onun digər əsərləri bu ananın dünyaya gətirdiyi övladlara bənzəyir ki, hər biri “Əsfar”ın hissələri və ya bəhslərindən birinin daha çox açıqlanması və izahı mahiyyətini daşıyır.

 

Molla Sədranın tələbəsi olmağın şərtləri

İranın hər bir yerindən Molla Sədranın dərslərində iştirak etmək üçün Şiraza gəlirdilər. Ustad isə tələbələri dörd şərt ilə qəbul edirdi:

  1. Mal qazanmaq məqsədləri olmasın, yaşayışa yetəcək qədər malla kifayətsinlər;
  2. Vəzifə, məqam əldə etmək məqsədləri olmasın;
  3. Günah etməsinlər;
  4. Təqlid etməsinlər (yamsılamasınlar).

 

Şagirdlər bu şərtlərə əməl etdikləri təqdirdə Molla Sədra onlara mədrəsədə oxumağa icazə verərdi. Əks təqdirdə onlara tövsiyə edərdi ki, başqa yerdə təhsil alsınlar. Molla Sədraya görə dünya malı qazanmaq məqsədi olan şəxs həqiqi elm əldə edə bilməz.

 

Molla Sədra və ilk dərs günü

Mir Damad ilk dərs bitdikdən sonra tələbəsi Molla Sədranı kənara çəkib dedi: “Ey Muhəmməd! Mən bu gün dedim. Hikmət əldə etmək istəyən kəs gərək əməli hikmətin ardınca düşsün. Və indi sənə deyirəm ki, birinci dərəcədə əməli hikmət iki şeydir: biri İslam dininin bütün vaciblərini yerinə yetirmək, ikinci isə nəfsin öz xoşhallığı üçün tələb etdiyi hər bir şeydən çəkinmək. Vacibləri yerinə yetirmək bu cəhətdən zəruridir ki, tələbə onları yerinə yetirərkən hər birindən, özü üçün faydalı nəticələr əldə edir... hikmət əldə edən gərək nəfsin istəklərini təmin etməkdən çəkinsin. Nəfsi əmmarənin qarşısında müti olub eyni zamanda hikmət əldə etməklə məşğul olan kəs çox böyük ehtimalla dinsiz olacaq və düz iman yolundan azacaq”.

İstifadə olunmuş ədəbiyyat:

S.Hüseyn Nasr, “Molla Sədra və İlahi hikmət”.

Rza Muxtari, “Simayi Fərzaneqan”.

Allah Rəsulu (s) buyurur:

“Peyğəmbərlik məqamına ən yaxın insanlar alimlər və mücahidlərdir”.

 

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 

 

 


 142, 

Dostların veb səhifələri

1630277
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1249
4484
5733
1475480
97038
109322
1630277

sizin IP ünvanınız: 54.162.165.158
2018-06-18 09:45

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!