Gizli Xəzinələr

Şeyx Səduq

Şeyx Səduq

 

Şeyx Səduq

 

İslam dünyasının görkəmli alimlərindən biri Şeyx Səduq kimi məşhur olan Muhəmməd ibn Əli ibn Babeveyh Qumi 305-ci hicri qəməri ilində Qum şəhərində, elm və təqva ailəsində dünyaya gəlmişdir.

Şeyx Tusi onun dünyaya gəlməsi hadisəsini belə nəql edir: «Öz əmisi qızı ilə evlənən Əli ibn Babeveyh övlad sahibi ola bilmirdi. O məktub yazaraq Hüseyn ibn Ruhdan (İmam Zamanın (ə.c) naibi) xahiş edir ki, Həzrət İmam Zamandan (ə.c) Allahın ona saleh və fəqih bir övlad əta etməsi üçün dua etməsini istəsin. Bir müddət keçdikdən sonra o Həzrətdən (ə.c) belə bir cavab gəlir: «Sənin bu həyat yoldaşından övladın olmayacaq. Tezliklə Deyləmi bir kəniz nəsibin olacaq və ondan iki fəqih övlad sahibi olacaqsan». İmam Zamanın (ə.c) duasından sonra İbn Babeveyhin oğlu dünyaya gəldi. Sonralar böyük alim və məşhur fəqih olacaq bu uşağın adını Muhəmməd qoydular.

Şeyx Səduqun özü də atasının yazılı istəyi əsasında İmam Zamanın (ə.c) duası ilə dünyaya gəldiyini «Kəmalud-din» kitabında hədis şəklində qeyd edərək əlavə edir ki, hər dəfə Əbu Cəfər Muhəmməd ibn Əli Əsvəd onu elm öyrənmək üçün müəllim yanına getdiyini gördükdə ondakı elmə olan bu şövq və rəğbətin təəccüblü olmadığını, belə ki, İmam Zamanın (ə.c) duası ilə doğulduğunu deyirdi.

Şeyx Səduqun atası Əli ibn Babeveyh də öz zamanının görkəmli alim və fəqihlərindən biri olub İmam Həsən Əsgəri (ə) və İmam Zamanın (ə.c) dövründə yaşamış və onların hörmət etdiyi bir şəxs olmuşdur. 200 cildə yaxın kitab qələmə almışdır. Şeyx həm atasının, həm də digər Qum alimlərinin elmindən bəhrələnmişdir. Bir tərəfdən elm əhli olan bir ailədə yetişməsi, digər tərəfdən güclü zəkası, fövqəladə hafizəsi və fitri istedadı sayəsində qısa bir müddətdə yüksək dərəcələrə nail olmuşdur. Belə ki, hələ 20 yaşı tamam olmamış minlərlə hədis və rəvayəti sənədi ilə bir yerdə hafizəsinə həkk etmişdi.

22-23 yaşında ikən Şeyxin atası vəfat edir və Ali Muhəmmədin (s) hədislərini yaymaq və ümməti hidayət etmək məsuliyyəti onun çiyinləri üzərinə düşür.

Müsəlman alim və fəqihləri Şeyx Səduqu daha çox «Rəisul-muhəddisin» (muhəddislərin başçısı) ləqəbi ilə tanımışlar. Belə ki, o, hədislərin tanınıb toplanması və mənbələrinin qorunması üçün çox çalışmış, məsum İmamların (ə) hədislərini toplamaq üçün çox səfər etmiş, getdiyi yerlərdə böyük ustadların elmindən bəhrələnməklə yanaşı, özü də tədris etməklə məşğul olmuşdur. Şeyx hədisləri müxtəlif mövzular üzrə təsnif etmiş və hər mövzu üçün ayrıca bab təyin etmişdir. Bunu onun «Mən lə yəhzuruhul-fəqih», «Uyunu əxbarir-Riza» və ya digər kitablarında görmək olar. Şeyx Səduq İslam aləminə böyük xidmətlər göstərmiş, İmamların (ə) əsrinə yaxın bir dövrdə yaşadığından Əhli-beytin (ə) hədislərini toplayaraq qiymətli əsərlər yazmış, özündən 300-ə qədər əsər yadigar qoymuşdur. Bu əsərlərin yazılmasından min ildən çox vaxt keçməsinə baxmayaraq, onların alim və fəqihlərin yanında etibar və əhəmiyyəti günü-gündən daha çox artır. Əsərlərindən aşağıdakıların adını çəkmək olar:

  1. «Mən lə yəhzuruhul-fəqih» (İlahi hökmlər və fiqh sahəsində dörd mötəbər hədis məcmuəsi olan «Kutubu-ərbəə»dən biri);
  2. «İləluş-şəraye» (İlahi hökmlərin səbəbləri və fəlsəfəsi haqqında);
  3. «Mədinətul-ilm»;
  4. «Kəmalud-din və təmamun-nimə»;
  5. «Tovhid»;
  6. «Xisal»;
  7. «Məaniul-əxbar»;
  8. «Uyunu əxbarir-Riza»;
  9. «Əmali».

 

Nəhayət, Ali-Buyə hökumətinin baş vəziri Sahib ibn İbadın və Rey şəhərinin camaatının dəvəti ilə həmin şəhərə gələrək orada hövzə təşkil edib fiqh və Əhli-beyt (ə) hədislərini tədris edən bu böyük alim bərəkətli bir ömür yaşadıqdan sonra 381-ci hicri qəməri ilində dünyadan köçür. Şeyxi Həzrət Əbdul-Əzimin məqbərəsinin yaxınlığında dəfn edirlər. Bu gün Şeyxin məqbərəsi Rey şəhərində İbn Babeveyh adı ilə məşhur olub məzarı müsəlmanların ziyarətgahı, duaların müstəcəb olduğu bir məkandır.

 

Doqquz yüz ildən sonra Şeyxin kəraməti

 

Fəthəli şah Qacarın hakimiyyəti dövründə 1238-ci hicri ilində Şeyx Səduqun Reydə yerləşən mərqədi yağıntılar nəticəsində xarab olur və orada yarıq əmələ gəlir. Mərqədi təmir etmək üçün ətrafında aparılan qazıntılar nəticəsində Şeyxin dəfn olnduğu sərdabəylə qarşılaşır və onun sanki hamamdan yenicə çıxmış, barmaqlarındakı xına izi belə görünən tamamilə salamat qalmış bədənini müşahidə edirlər. Bu kəramətin şəxsən şahidi olan 20 nəfər böyük şəxsiyyətlərdən Mirzə Əbulhəsən Cəlvəhin, həzrət Ayətullah Molla Muhəmməd Rustəmabadinin və həzrət Ayətullah Mərəşi Nəcəfinin atası Seyid Mahmud Mərəşinin adını çəkmək olar.

 

İlahiyyatçı, Ülviyyə Ağayeva

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 105, 

Dostların veb səhifələri

1630281
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
1253
4484
5737
1475480
97042
109322
1630281

sizin IP ünvanınız: 54.162.165.158
2018-06-18 09:45

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!