Şeyx Mufid
Görkəmli fəqih və kəlam alimi, «Şeyx Mufid» və «İbni müəllim» kimi tanınan Muhəmməd ibn Muhəmməd ibn Noman İslam aləminin parlaq şəxsiyyətlərindən hesab olunur. O, 338-ci hicri qəməri ilində Bağdadın ətrafında anadan olmuş, ibtidai təhsilini ailəsində və doğulduğu yerdə almışdır. O, yaxşılığı və paklığı ilə tanınmış iraqlı bir ailədəndir. Bu ailədə Peyğəmbərin (s) Əhli-beytinə (ə) məhəbbət atmosferi hakim idi. Sonralar kəlam, fiqh və üsul elmində öndə gedən ustad olan bu şəxs Bağdada səfər edərək alimlərin yanında elm öyrənməyə başladı. Əhli-sünnə alimlərindən olan İmad əl-Hənbəli deyir: «O, İmamiyyənin böyüklərindən olub fiqh, kəlam elmi və münazirədə öndərdir. Bütün əqidələrin ardıcılları ilə münazirə etmişdir. Ali Buyə hökümətində xüsusi hörmətə malik idi. Çox sədəqə verərdi. Xuşu və ibadət əhli idi. Əzududdövlə onun ziyarətinə gələrdi. 76 il ömür sürmüşdür. 200 cilddən çox əsəri mövcuddur. Son mənzilə yola salınma mərasimində 80 mindən çox insan iştirak etmişdir”.
Yaxınlarından Əbu Yəla Cəfəri qeyd edir ki, Şeyx gecənin yalnız az bir hissəsini yatar, qalanını namaza qalmaq, mütaliə və ya Quran tilavəti ilə keçirərdi. Şeyx Mufid İbn Əqilin şagirdlərindəndir.
Ustadları
«Biharul-ənvar»ın yeni çapının müqəddiməsində Şeyx Mufidin ustadlarının sayı 59 nəfər qeyd edilmişdir. Şeyx Mufid müxtəlif məzhəblərdən olan bu alimlərin yanında əsrinin öndə gedən elmlərini, yəni ərəb ədəbiyyatı, qiraət, kəlam, fiqh, üsul, hədis, təfsir, rical və s. öyrənmişdir. Onların ən məhşurlarından aşağıdakıların adını çəkmək olar: Cəfər ibn Muhəmməd Quluye Qumi, Şeyx Səduq, Əbu Əbdullah Səfvani, Əbu Ğalib Zurari, İbn Cuneyd İskafi və s.
Tələbələri
Bütün məzhəblərdən saysız alimlər onun tələbələri sırasında olmuşdur. Lakin «Biharul-ənvar»ın müqəddiməsində onlardan yalnız on beşinin adı qeyd olunmuşdur. Qalanları haqqında dəqiq məlumat yoxdur. Öndə gələn şagirdləri sırasında Ələmul-Huda Seyyid Murtəza, qardaşı Seyyid Rəzi, Şeyx Tusi, Əbul-Əyyaş Nəcaşi, Əbul-Fəth Kəracəki, kürəkəni Əbu Yəla Muhəmməd ibn Həsən Cəfəri, Salar İbn Əbduləziz Deyləmi Nəcaşi və s. adlarını qeyd etmək olar ki, hamısı şiə alimlərinin fəxri, İslam elmlərinin ustadları hesab olunur.
O, dini münazirələrdə xüsusi məharətə malik idi və mötəzilə firqəsinin başçısı qazi Əbdul-Cabbar və əşairənin başçısı Əbu Bəkr Bəqlani ilə münazirələri məşhur idi. Deyirlər «Mufid» ləqəbini cavanlığında Şeyxlə etdiyi mübahisə nəticəsində Əli ibn İsa Mötəzili ona vermişdir. Lakin İbn Şəhr Aşub bu ləqəbin ona İmam Zaman (ə.c) tərəfindən verildiyini qeyd edir.
Şeyx iki yüzə yaxın əsərin müəllifidir. Nümunə olaraq aşağıdakıların adını qeyd etmək olar.
«Ərkan fi dəamid-din»,
«Əl-uyun vəl-muhsin»,
«Usulul-fiqh»,
«Əl-kəlam fi fucuhi ecazil-Quran»,
«Tarixuş-şəriə».
Bu əsərlərin əksəriyyəti kəlam, əqaid və fiqh hökmləri barəsindədir. Onun fiqhə aid «Əl-muqniə» risaləsi Şeyx Tusi tərəfindən şərh olunaraq «Kutubu-ərbəə»dən dörd mötəbər hədis məcmuəsindən biri olan «Ət-təzhib» şəklində ortaya çıxmışdır. İbn Nədim «Əl-fihrist» kitabında onu «İbn muəllim» adı ilə yad edərək tərif edir. Şeyx Mufid 413-cü hicri ilin Ramazanının 3-ü cümə axşamı Bağdadda 75 yaşında dünyasını dəyişdi. Tələbəsi Şeyx Tusinin yazdığına görə onun vəfat etdiyi gün ona namaz qılıb son mənzilə yola salmaq üçün gələnlərin sayının çoxluğuna görə bənzərsiz bir gün idi. Belə ki, son mənzilə yola salınma mərasimində 80 min insan iştirak etmişdi. Namazı Seyyid Murtəza qıldı və Şeyxi öz evində dəfn etdilər. Bir neçə ildən sonra isə qəbrini İmam Museyi-Kazım (ə) və İmam Cavadın (ə) hərəminə köçürtdülər. Şeyxin məzarı İmam Cavadın (ə) ayağının altında, ustadı İbn Quluyenin məzarının yaxınlığındadır.
Qeyd etmək yerinə düşərdi ki, böyük İslam filosofu Nəsirəddin Tusi də bu iki İmamın (ə) ayağının altında dəfn olunmuşdur. Kazimeyni ziyarət edənlər bu üç alimi də ziyarət etmiş olurlar.
Şeyx Mufidin çin olan yuxusu
Şeyx Mufid yuxuda görür ki, Bağdadın məscidlərindən biri olan Kərəx məscidində əyləşib. Fatimeyi-Zəhra (s) İmam Həsən (ə) və İmam Hüseyn (ə) əlindən tutmuş halda onun yanına gəlib deyir: «یا شیخ! علّمهما الفقه», yəni «Ey Şeyx, bu ikisinə fiqh öyrət!»
Şeyx yuxudan oyanıb heyrətlənir ki, bu nə yuxu idi? Mən kiməm ki, iki imama fiqh öyrədim? Digər tərəfdən imamları (ə) yuxuda görmək, yuxunun şeytani olmadığını göstərir.
Səhər açıldıqda Şeyx yuxuda gördüyü məscidə gedib orada əyləşir. Birdən görür ki, iki oğlan uşağının əlindən tutmuş hörmətli bir xanım kənizlərin əhatəsində məscidə daxil olur. O, Şeyxin yanına gəlib deyir: «Ey Şeyx, bu ikisinə fiqh öyrət».
Şeyx yuxusunun yozumunu anlayıb gələcəyin bu iki böyük aliminə ehtiram və diqqət göstərir və onların təlim və tərbiyəsində ciddi-cəhdlə çalışır. Həmin uşaqlar sonralar öz zəmanələrinin öndə gedən fəqihlərində olan «Şərif» kimi tanınan Seyyid Rəzi və «Ələmul-Huda» kimi məşhur olan Seyyid Murtəza qardaşları idi.
Kim haqlıdır?
Deyirlər ki, bir məsələ barəsində Şeyx Mufidlə Seyyid Murtəza arasında fikir ayrılığı yaranır. Belə qərara gəlirlər ki, məsələni Həzrət İmam Əliyə (ə) yazsınlar. Bir müddətdən sonra yaşıl bir xətlə yazılmış cavab gəlir:
«Ey Şeyx! Sən Şeyxim, güvənc yerimsən, lakin övladım Ələmul-Huda (Seyyid Murtəza) haqlıdır».
İlahiyyatçı, Ülviyyə Ağayeva
Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir