Gizli Xəzinələr

Şeyx Tusi

 

Şeyx Tusi

 

             "Şeyxut-taifə", "Şeyx Tusi" kimi tanınan Əbu Cəfər Muhəmməd ibn Həsən Tusi İslam dünyasının çox parlaq ulduzlarından və dünyanın böyük dahilərindən biridir. Ömrünü dini maarifin təbliğinə həsr edən bu dahi alim hicri 385-ci ilin Ramazan ayında qədim və məhşur elm və mədəniyyət mərkəzlərindən biri olan Xorasanin Tus şəhərində dünyaya göz açmışdır. O, hicri 408-ci ildə 23 yaşında ikən İraqa mühacirət edərək Bağdadda məskunlaşır. İbn Qəzairi, Şeyx Mufid, "Ələmul-Huda" Seyyid Murtəza kimi dövrünün böyük alimlərinin elmindən bəhrələnir. 413-cü ildə cəfəri məzhəbinin rəisliyi "Ələmul-Huda" Seyyid Murtəzaya ötürülür. Şeyx Tusi onun dərslərindən istifadə edərək püxtələşir. Seyyid Murtəza ona xüsusi diqqət göstərir və hər ay ona 12 dinar aylıq təyin edir.

436-cı hicri ildə Ələmul-Hudanın vəfatından sonra Şeyx Tusi məzhəb rəisi olur və beləcə şəriət çırağına, ümid yerinə, onun Kərəxdəki evi isə ümmət üçün sığınacağa, müşküllərin həlli, məsələlərin izahı üçün müraciət olunan yere çevrilir. Alimlər, görkəmli şəxslər Şeyxin tələbəsi olmaq, minbərində iştirak etmək üçün müxtəlif yerlərdən onun hüzuruna axışırdılar. Belə ki, sadəcə cəfəri məzhəbli tələbələrinin sayı 300-dən çox, digər məzhəblərdən olan tələbələri isə saysız idi. Onların hər biri Şeyxin əzəməti və dahiliyini, şəxsiyyətinin böyüklüyünü və digərlərindən üstühlüyünü etiraf edirdi. O, elmi şöhrət və əzəmətin elə bir dərəcəsinə çatmışdı ki, Abbasi xəlifəsi Əl-Qaim bi əmrillah onun üçün xilafət mərkəzində tədris və kəlam kürsüsü təyin edir. O zaman belə bir kürsünün vəsfolunmaz əzəməti və dəyəri var idi. Yalnız müxtəlif elmlərdə müasirlərini üstələyən şəxsə ondan istifadə etmək icazəsi verilirdi. O dövrdə belə bir şərəfə yalnız Şeyxut-taifə layiq idi. O, Seyyid Murtəzanın vəfatından sonra 12 il Bağdadda qala bildi. Belə ki, 447-ci hicri ildə səlcuqlu türkləri Bağdada hücum edərək Ali Buyə hökümətini devirdilər. Şəhəri başdan-başa iğtişaşlar bürüdü. Səlcuqilərin hakimi Toğrul bəyin təəssübkeş vəziri Əbdulməlik Əhli-beyt (ə) tərəfdarlarının yaşadığı məhəllələrə şiddətli hücuma keçərək qətl və qarətlər törətdi. Onun göstərişi ilə Bəhaud-dövlənin vəziri Əbu Nəsr Şapurun yaratdığı zəngin kitabxana yandırıldı. Fitnələr Şeyx Tusi və dostlarından da yan ötmədi. Belə ki, Şeyxi öldürmək üçün evinə hücum etdilər, lakin onu tapa bilmədiklərindən ev əşyalarına və kitablarına od vurub yandırdılar. Bu hadisədən sonra Şeyx Bağdadı tərk etməyə məcbur oldu və Nəcəfi-Əşrəfə, mövla Əmirəl-mömininin (ə) qonşuluğuna mühacirət etdi. O, öz gəlişi ilə bu müqəddəs şəhəri elm və din mərkəzinə çevirdi. Böyuk fəqihlər, dahi filosoflar, kəlamçı və təfsirçilər yetişdirən Nəcəf elmi hövzəsinin əsasını qoydu.

Şeyx Tusi tam 12 il Nəcəfi-Əşrəfdə tədrislə, kitab yazmaq, hidayət və irşad etməklə məşğul oldu və nəhayət 460-cı hicri ilin məhərrəm ayında 75 yaşında ikən Allahın rəhmətinə qovuşdu. Vəsiyyətinə əsasən öz evində torpağa tapşırıldı. Beləcə İslam dünyası çox böyük və nadir dühaya malik alim və fəqihlərindən birini itirdi. Əsrlər keçməsinə baxmayaraq Şeyx Tusi dini elmlərin bütün sahələrinə aid yazdığı dəyərli əsərləri ilə indi də elm səmasında parlamaqdadır. Onun şəxsi və elmi əzəmətini dərk etmək üçün bunu bilmək kifayətdir ki, çox illər sonra belə heç bir alim Şeyxin elmi mövqeiyyətini kölgədə qoya bilməmişdir. Əqli və nəqli elmlərdə Nəsirəddin Tusi və Əllamə Hilliyədək ən ali məqamlı alim Şeyxut-taifə olmuşdur. Quran təfsiri sahəsində Fəzl ibn Həsən Təbərsinin yazdığı "Məcməul-bəyan" və "Cəvamiul-cami" əsərlərindən öncə  nə Şeyxin "Ət-tibyan fi təfsiril-Quran" kitabı kimi bir kitab, nə də şiələr arasında onun kimi bir müfəssir mövcud idi. O, fiqh və üsul elmində də zəmanəsinin öndəri idi. Şeyxin yazdığı "Əl-xilaf", "Əl-məbsut fi fiqhil-imamiyyə" əsərləri ilə şiə fiqhi yeni mərhələyə daxil oldu, fiqh və üsulun bir-birinə bağlılığı və qarşılıqlı təsiri onun "Əl-iddətu fi usulil-fiqh" əsərində öz əksini tapdı. Uzun illər boyu imamiyyə alimləri onun fətvalarına tabe olaraq yeni fətva verməyə cəsarət etməmiş, hətta bu işi bir növ xəyanət hesab etmişlər. Hədis elmindəki mövqeyinə gəlincə, sadəcə bunu qeyd etmək kifayətdir ki, şiələrin mötəbər dörd hədis məcmuəsindən ikisi Şeyx Tusiyə məxsusdur: "Təhzibul-əhkam" və "Əl-istibsar fiməxtulifə minəl-əxbar". Ümumiyyətlə Şeyx Tusi təfsirə aid üç, fiqhə aid on bir, üsuli-fiqhə aid iki, hədisə aid üç, rical elmi ilə bağlı üç, kəlam və əqaidlə bağlı on altı, dualara aid beş, məqtəl və tarixlə bağlı iki və məsələlərə cavablarla bağlı üç əsərin müəllifidir. Orijinallıq, yenilik və əhatəlilik əsərlərinin səciyyəvi xüsusiyyətidir.

Əllamə Hilli Şeyxin şəxsiyyəti barəsində bele deyir: "Şeyx Tusi ən böyük dini və elmi şəxsiyyət, şiələrin öndəri, müsəlmanların din bayrağını əlində daşıyan bayraqdarı, hədis və rəvayət adamı, təfsir və dirayət əhli, İslam maarifinin arifi,... xas və ümumun qəbul etdiyi şəxs, elm və əməl, din və siyasət, əql və kiyasət əhlidir... Elminin şüası nəzər sahiblərini pərvanələrtək ətrafina toplamışdır."

"Ət-tibyan fi təfsiril-Quran" və "Məbaniye rəfe təaroze əxbar" Seyyid Əli Delbəri.

 İlahiyyatçı, Ülviyyə Ağayeva

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 Saytın materiallarından istifadə edərkən istinad vacibdir!


 5778, 

Dostların veb səhifələri

15660188
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
316
8276
8592
15493342
135327
160067
15660188

sizin IP ünvanınız: 3.147.49.19
2024-12-23 01:24

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!