Gizli Xəzinələr

Şeyx Bəhai (Bəhaləddin Muhəmməd bin Hüseyn Amili)

 
(0 votes)

                                                                                                                                       Şeyx Bəhai

Bəhaləddin Muhəmməd bin Hüseyn Amili daha çox Şeyx Bəhai adı ilə tanınmış müsəlman aləmində dahi alimlərdəndir. Atası Hüseyn Əl-Həritidir. O, şəmsi təqvimi ilə 925-ci ilin Espənd ayının 8-i Livanın Bəəlbək şəhərində anadan olmuşdur. Bəhainin ali məqamlı nəslə sahib olması ulu babalarından Haris Həmədani ilə daha çox məşhurdur. Beləki Şeyx Bəhai Əmirəlmöminin Həzrət Əlinin (ə) vəfalı dostlarından biri Haris Həmədaninin nəvə-nəticələrindəndir. Uşaqlıq illərini Şam ətrafındakı “Cəbəlu-Amildə”, “Cəbə” və ya “Cəbaə” adlı kənddə yaşamışdır. O, Haris bin Abdullah Əəvər Həmədaninin (Şəmsi-64) nəslindəndir və bu nəsil İslam dünyasında mühüm xidmətlər göstərmişdir. Bəhainin ailəsi Şəmsi ilinin 10 və ya 11-ci yüzilliklərində Cəbəlu Amildə tanınmış möhtərəm ailələrdən olub. Atası şəhid Saninin şagirdi idi. İranda məskunlaşdığı ilk yerin ünvanı və tarixi Qəməri 995-ci il, Qəzvin şəhərində olduğu yazılmışdır. Bəhai İrana daxil olduğu vaxt on üç yaşında idi. Bu vaxta qədər öz yaşadığı şəhərin alimlərindən müəyyən qədər elmə sahib idi. Həkim, fəhih, arif, münəccim, riyaziyyatçı, şair, filosof Hicri ilinin 10-cu və 11-ci illərdə artıq fəlsəfə, məntiq, astronomiya və riyaziyyat sahəsində geniş biliyə və dərin düşüncəyə malik idi. Təxminən 95 kitab və risaləni əsasən siyasət, hədis, riyaziyyat, əxlaq, astronomiya, irfan, fiqh, mühəndislik və fizika üzrə yazmışdır. Bəhai elminin dörddə bir hissəsini astronomiyaya həsr etmiş və daim ulduzların xüsusiyyətləri ilə maraqlanmışdır.

Şeyx Bəhainin fəaliyyətləri əsasən Səfəvilərin dönəmində geniş yayılmağa başladı. Çünki İranda Səfəvilər sülaləsinin şahlıq dövrü başlayanda onlar müxtəlif ölkələrdən alimləri öz ölkələrinə dəvət edirdilər. O zamanda məxsusən İsfahan şəhəri alimlərlə məşhur idi. Şah Təhmasibin hakimiyyətində bilici şəxslər paytaxt Qəzvinə, şah Abbasın zamanında isə İsfahan şəhərinə təşrif buyururdular. Belə bi şəraitdə Şeyx Bəhai də alicənab atası ilə birlikdə İrana köç etmişdi. Şeyxin atası da alim bir şəxs idi və Bəhai təhsilinin bir hissəsini ondan öyrənmişdi. Elmi, nüfuzu getdikcə artırdı və Səfəvi şahları öz növbəsində ona böyük dəyər verirdi. Elə bu səbəbdən Şeyx Bəhaini rəsmi olaraq dövlət işləri üçün təyin etmişdilər. Bəhai camaata layiqli xidmət edir və onların şəri suallarını doğru cavablandırırdı. Buna görə Şeyxul-İslam titulunu qazandı. Bəhainin elmi fəaliyyətləri yalnız İranda tanınmamışdı. Həmçinin o, 20-ildən artıq bir çox ölkələrə səyahət etmiş və həmin əyalətlərin biliciləri ilə elmi görüşlər etmişdir. Bütün bu səyahətlər onun üçün böyük təcrübə qazandırdı. Fələstin, Əfqanıstan, Hicaz, İraq, Suriya, Misir və şəhərlərdən Qum, Məşhəd, Girmanşah, Herat, Gəncə, Təbrizə səyahət etmiş və oranın əhalisi alimin elmi təcrübələrindən faydalanmışlar. Şeyx Bəhai çox gözəl əxlaqa sahib idi. Onun evi yetimlərin, fəqirlərin pənah yeri idi. Kasıbları heç vaxt əliboş qaytarmazdı. Bu xüsusiyyəti Həzrət Əlidən örnək götürmüşdü. Məsum imamların (ə) həyat tərzini özünə vacib etmişdi və o, daim çalışırdı əməli rəftarlarını bu nur çeşməsi ilə zənginləşdirsin.

Əsərləri

Həmçinin Şeyxin müxtəlif elmlərdən bəhs edən xeyli əsəri mövcuddur, o cümlədən.

  1. "Əsrarul-Bəlağə".
  2. "Ustürlab"yaxud "Səhifə". Bu əsər astranomiyaya aiddir.
  3. "Bəhrul-hesab". Riaziyyata aiddir.
  4. "Təşrihul-əflak" (astranomiya barəsində). Bu kitab Hindistan və İranda çap olunmuşdur.
  5. "Cameyi-Əbbasi" – fiqh və şəriət məsələlərindən bəhs edir.
  6. "Cəhatül-qiblə".
  7. "Xülasətül-hesab" – bu əsər cəbr və həndəsə elmlərinə aiddir.
  8. "Risalətun fi mərifətul-qiblə".
  9. "Şərh Ərbəin" ya "Ərbəin Bəhai".
  10. "Fəvadius-Səmədiyyə" – ərəb dilinin qramatikasından bəhs edir. Şeyx bu kitabı, qardaşı Əbdüs-Səmədə ithaf edərək yazmışdır. Bu kitab hal-hazırda mədrəsələrdə tədris olunur.
  11. "Kəşkül" – müxtəlif tərbiyəvi və s. mövzular haqqındadır.
  12. "Eynul-həyat" – Quranın şərhi və təfsiri haqqındadır.
  13. "Falnamə".
  14. "Risalə dər kurəviyyəti zəmin".
  15. "Həll-hurufil-Quran" və s. əsərlərini göstərmək olar. Mühəqqiqlər şeyxin 95 cildə qədər kitabını qeyd ediblər.

Şeyxin Seyid Hüseyn adlı bir şagirdi yazır:" Bizim ustadımız, zəmanənin ən əfzəli, bəzi elmlərdə isə (çox ehtimal ki, sirli elmlərə işarədir) öz əsrinin və özündən qabaqkıların arasında misilsiz bir alim idi ki, heç kəs o elmlərə vaqif olmamışdı. Habelə, Şeyx təsəvvüfə (irfana) da çox təmayülü vardı. Münazirə və elmi mübahisələrdə çox insaflı adam idi. Mən 40 il onunla birgə oldum... Hətta Şah Abbas İsfahandan piyada Məşhədə İmam Rzanın (ə) ziyarətinə gedəndə də mən Şeyxin yanındaydım".

Əvvəldə qeyd olundu ki, Şeyx, çox məharətli mühəndis olub, onun inşa etdiyi bir şamla suyu qızdırılan məşhur İsfahan hamamının hələ də sirri açılmayıb. Maraqlı burasıdır ki, bir çox yerlərdə, o cümlədən Azərbaycanda, Gəncə şəhərində Qoşa minarəli Şah abbas məscidi və yanındakı hamam da Şeyx Bəhaəddinin canlı əsəridir. Bu məscid barədə "Lüğətnameyi-Dehxoda" kitabının 12-ci cildində belə məlumat verilir: "Gəncədə böyük abidlər, o cümlədən Bürclər, Cameə məscidi, Şah Abbas karvansarası və başqa abidələr gözə dəyir. Cameə məscidi birinci Şah Abbasın tikdirdiyi binalardan biri olub, memarı isə Şeyx Bəhaidir. Bu məscid hicri-qəməri tarixi ilə 1015-ci ildə inşa edilmişdir". Bakı Dövlət Universitetinin professoru M.Məmmədov bu məscid haqqında belə yazır: "Gəncədə olan Cümə məscidinin memarı Şeyx Bəhaəddindir ki, bir şamla qızdırılan məşhur şərq hamamını inşa etmişdir. Astronomiya baxımından möcüzə sayılan məsciddə olan kərpiclər çox qəribə bir xüsusiyyətə malikdir. Belə ki, fəsillərdən asılı olmayaraq saat 13:00-da günəş şüasının daim pəncərədən daxilə eyni bir kərpicin üzərinə düşməsi müşaidə edilir. Bu möcüzəni əyani görmək üçün keçmişdə Avropa ölkələrindən buraya faytonla gəlmişlər. Məscidin digər möcüzəsi də odur ki, Şeyx Bəhaəddinin quraşdırdığı soba, bütün məscidi qızdırmaqdadır. Həmçinin yaxınlıqda olan hamam da çox qəribə isitmə sisteminə malikdir. Qazanxanadan borular hamamın döşəmələrinin altından keçib krantlara gəlir. Bu ona görədir ki, həm hamamın döşəməsi isti olur, həm də suyu soyutmaq (çimmək) üçün lazım gəlmir.

Şeyxin müsəlmanlara göstərdiyi xidmətlər əvəzsizdir. O, tikdiyi abidələr, yazdığı kıtablardan əlavə İslam aləminə elm korifeyləri olan Molla Sədra Şirazi, Molla Möhsün Feyz Kaşani və Məhəmməd Təqi Məclisi kimi böyük filosof, mühəndis və fəqihlər yetişdirmişdir.

Ümumiyyətlə Şeyx Bəhainin həyatını mütaliə edəndə, Tanrının o cənaba etdiyi inayət və lütflərin böyüklüyü və hesaba gəlmədiyi insanı heyrətə salir. Ona əta olan nemətlərin hərəsi bir insanın həyatını dəyişə və xoşbəxtliyə çatdıra bilərdi. Müxtəlif sahələrə aid elm və bilgilərə yiyələnərək usdadlıq dərəcəsinə çatıb bəzilərində isə əsrinin yeganəsinə cevrilmişdir. İrfani və zahidlik məqamı, dünya zər-zibasına etinasızlıq onu Tanrının ən uca qürb dərəcəsinə yüksəltmişdir.

Onun İmam Əli (ə)-a və pak İmamlara (ə) sonsuz ehtiram və məhəbbəti vardı. Çoxlu sayda kitabları, dəyərli yetişdirmələri, saysız-hesabsız insanları Əhli-Beyt xəttinə irşad etmək də ona məxsus idi.

Hesaba gəlməz maddi və mənəvi nemətlərə malik idi. Süfrəsindən yetimlər, fəqirlər faydalanırdı. Məhrum və kasıb təbəqəyə həmişə onun diqqət mərkəzində idi.

Ona əta olan nemətlərdən biridə də alim, əməlisaleh, ləyaqətli bir həyat yoldaşının olması idi. Bu xanımın adı Mühəddisə idi. O, məşhur alim Şeyx Əli Minşarın qızı idi və ondan da dərs almışdı. Nəql edirlər ki, o qadın fiqh və hədis tədris edirdi və çoxlu sayda qadınlar onun elmindən bəhrələnmişdi.

Atasından o qadına dörd minə qədər kitab qalmışdı. Şeyx Bəhainin möhtərəm atasına gəldikdə isə bunu demək olar ki, o cənab dahi din alimi Şəhidi Saninin tələbəsi və həqiqi mənada sirdaşı olmuşdur. Elmdə böyük dərəcələrə çatması səbəb oldu ki, Səfəvi şahı Təhmasib onu əvvəlcə Qəzvinə, sonra isə Herata Şeyxul-İslam təyin etsin. Şah onu Herata göndərdi, oranın valisi Əmir Şahquluya tapşırdı ki, ona tam mənada tabe olsun, ona heç kim müxalif olmasın. Namazdan sonra o cənabın mübarək xütbə və buyruqlarından bəhrələnmək üçün öz oğlu Sultan Məhəmməd Xudabəndənin isə cümələr məscidə aparsın.

Şeyxin atası bir neçə ildən sonra şah Təhmasibdən, öz oğlu ilə birlikdə həccə getməyə icazə istədi. Şah təkcə getməsinə razı oldu, oğlunu isə qalıb dini elminin tədrisi ilə məşğul olmasını məsləhət gördü.

O, həcci yerinə yetirib Bəhreyn tərəfdən geri dönəndə bir yuxu gördü. Yuxusundakı göstərişə əsasən Bəhreyndə məskunlaşdı və ömrünün sonunadək orada yaşadı və qəbri də Bəhreyndədir. Şeyx Bəhaəddin Amilini bərəkətli ömrü sona çatırdı. Qoca vaxtları idi. Vəfatına altı ay qalmışdı. Bir dəfə öz yaxın tələbələri ilə birgə (onların arasında dahi hədis alimi Əllamə Məclisi də vardı) İsfahanın qəbirstanlığına, qəbir-əhlini ziyarətə gedmişdi. Baba Rüknüddinin qəbrinin yanından keçdikdə qəbirdən bir səs eşitdi. Şeyx bu səs haqqında tələbələrindən soruşdu: – "Bir səs eşitdinizmi? "

Tələbələr heç bir səs eşitmədiklərini dedilər. Onlar Şeyxdən nə eşitdiyini sual etdikdə, buyurdu: -"Bu qəbirdən mənə nida gəldi – Ya Şeyx öz aqibətin haqqında fikirləş". (Yəni ölümün yaxınlaşıb.) Bu hadisədən altı ay keçməmişdi ki, o, hicri-qəməri tarixi ilə 1030-cu ilin şəvvalın 12-də İsfahan şəhərində dünyasını dəyişdi. Onun pak cənazəsini Məşhəd şəhərinə apararaq İmam Rzanın (ə) hərəminin yaxınlığındakı evində dəfn etdilər.

ketabrah.ir/author/4270 saytından tərcümə olunmuşdur

Sara Əmirzadə

                                                                                                      Müəlliflik hüququ Əbədi Nur müəssisəsinə məxsusdur


 142, 

Dostların veb səhifələri

15656458
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
4862
7422
52005
15456216
131597
160067
15656458

sizin IP ünvanınız: 3.147.51.72
2024-12-22 14:57

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!