Məhəbbət Ocağı

Uşaq və yeniyetmələrin dini tərbiyəsi

Uşaq və yeniyetmələrin dini tərbiyəsi

 

Uşaq və yeniyetmələrin dini tərbiyəsi

 

Məktəbə qədərki dövrdə uşağın dini tərbiyəsi – dinə aid məsələlərlə tanışlığın yaranması ilə məhdudlaşır; bu mənada ki, uşaq ailə mühitində müntəzəm olaraq gördüklərilə tanışlıq əldə edir və bu ilk tanışlıq sonrakı mərhələlərdə dini vaciblərin yerinə yetirilməsinə uşağın adət etməsi üçün zəminyaradır. Valideynin, bəzən də böyük bacı və qardaşın hər gecə-gündüz ardıcılvə ciddi şəkildə dini ayinləri və məzhəbə aid ibadətləri, xüsusilə də namazı yerinə yetirdiklərini müşahidə etməsi uşağın zehnində və psixologiysında  iz qoyub, bu ayin və idadətlərə qarşı onda bir növ mənəvi yaxınlıq yaradır. Uşaqdakı təqlid (imitasiya) hissini nəzərə alsaq, adətən uşağın iki yaşından başlayaraq ata-ananın namazdakı hərəkətlərini təqlid etdiyi və namazın bəzi sözlərini sınıq-salxaq təkrarladığı müşahidə olunur. Bu hərəkətlər tədricən daha da təkmilləşir və bəzən uşaq ata-ananın yanında dayanıb namaz da qılır. Əgər uşağın bu hərəkətləri valideynin nəvaziş və təşviqləri ilə müşaiyət olunsa, uşağın bu məsələlərə aid marağı daha da artıb, onun yaddaşında şirin bir xatirə kimi qalar. Bu şirin xatirələr və gözəl mənəvi təəssüratlar uşağın gələcəkdə istiqamətləndirilməsinə  çox təsir göstərir və əslində uşağın dini – ilahi tərbiyəsinin ilk təməl daşı bu illərdə qoyulur. Buna görə də, uşağın bu hərəkətlərinə əhəmiyyətsiz hərəkət kimi baxmaq, yaxud bəzən də diqqətsizlik göstərmək olmaz. Uşağın daxilində  imanın inkişafı üçün psixi hazırlıq baxımından bu fürsət çox dəyərli bir qənimətdir və öz uşaqlarının dini tərbiyəsinə əhəmiyyət verən valideynlər bu fürsəti əldən verməzlər.

 

Həddi aşmaqdan çəkinməliyik

Burada vurğulayacağımız nöqtə bundan ibarətdir ki, valideynin dini maraqları onların bu mövzuda hədlərini aşmalarına səbəb olmamalıdır. Ata-ana bu dövrdə öz uşaqlarını dini vəzifələri yerinə yetirmək üçün məcbur etməməlidirlər, əksinə bəzi dini məsələləri könüllü şəkildə yerinə yetirmək üçün şərait təmin etməlidirlər. Bu mövzuda həvəsləndirib, təşviq etmənin çox böyük faydası var, çünki uşağın ilk dini təcrübələrinin xoşagələn və zövqverici olmasına səbəb olur.

 

Dini məsələlərlə tədrici tanışlıq

Başqa bir məqam uşağın dini məsələlərlə tədricən tanış olmasıdır. İslam təlimlərində bu mövzu ilə əlaqədar bi sıra tövsiyələr verilmişdir. Həzrət İmam Cəfər Sadiq (ə) buyurur: «Uşaq üç yaşına çatdıqda ondan yeddi dəfə «La ilahə illəllah» (Allahdan başqa məbud yoxdur!) deməsini istəyin, sonra üç yaş yeddi ay iyirmi günə çatanadək onunla işiniz olmasın. Bu zaman (üç yaş yeddi ay iyirmi günündə) ona yeddi dəfə «Muhəmmədun rəsulullah» (Məhəmməd Allahın elçisidir!) deməyi öyrədib, dörd yaşına qədər onu azad buraxın. Bu zaman (dörd yaşında) ondan «Sallallahu əleyhi və alih» (Allahın salamı olsun Ona və ailəsinə!) sözünü yeddi dəfə təkrarlamasını istəyin və sonra beş yaşınadək ondan əl çəkin. Uşaq beş yaşında sağ-solunu tanıdığı zaman onu qiblənin qarşısında dayandırıb, səcdə etməyi öyrədin. Altı yaşında ona namazın rükularını, səcdələrini və digər hissələrini öyrədin. Yeddi yaşı tamam olduqda ona deyin ki, əl-üzünü yusun (və tədricən dəstəmaz almağı öyrənsin). Sonra ona deyin ki, namaz qılsın və uşağın doqquz yaşı olanadək onunla işiniz olmasın. Bu zaman (yəni doqquz yaşında) ona düzgün dəstəmaz almağı öyrədib, namaz qılmağa məcbur edin...»

Sözsüz ki, bu təlimat oğlanlar üçündür, yoxsa qızlar daha tez təklif (dini vəzifələri icra etmək) yaşına çatırlar və namazı doqquz yaşından daha tez öyrənməli, mümkün olduğu qədər onu ardıcıl yerinə yetirməlidirlər ki, təklif yaşına çatdıqda namazın vacibatlarının icrası onlara çətin olmasın.

Çünki adət etdiyimiz işləri görmək bizim üçün heç də çətin deyil.

Bütün bu mərhələlərdə, xüsusilə də oğlanlardan daha tez dini vəzifələri yerinə yetirməli olan qızlaraaid mərhələlərdə onları yumşaqlıq, mehribanlıqla və həvəsləndirərək bu işləri yerinə yetirməyə cəlb etmək lazımdır, bunu onlardan sərt şəkildə istəmək olmaz. Lakin valideyn bu məsələlərə çox ciddi yanaşmalıdır. Belə ki, uşaq dini vəzifələrin zəruri və ciddi məsələlər olmadığını düşünməməlidir. Ata-ana zahirən ziddiyyətli olan iki xüsusiyyəti ustalıqla bir araya gətirməli, yəni həm ciddi, həm də mehriban olmalıdırlar ki, uşağı dini vəzifələri yerinə yetirməyə vadar edə bilsinlər.

   Oruc haqqında da vəziyyət eynilə bu şəkildədir. Uşağın təklif yaşına çatmazdan öncə tədricən orucla tanış olması daha yaxşıdır ki, təklif yaşından sonra artıq o, oruc tutmağa hazır olsun. Sübh azanından öncə uşaqları səhər yeməyi yemək üçün oyadıb, günortaya qədər oruc tutmağa həvəsləndirmək və bu iş üçün hədiyyə verməyi nəzərdə saxlamaq olduqca faydalıdır. Təcrübələr uşaqların adətən belə proqramlardan zövq alıb, onu coşğuyla qarşıladıqlarını göstərmişdir.

Dini vəzifələrin yerinə yetirilməsini həddi-buluğ yaşına qədər təxirə salmaq olmaz; əksinə uşaqları öncədən bu vəzifələri icra etməyə öyrəşdirmək lazımdır ki, həddi-buluğ zamanı bununla bağlı problemlər yaranmasın.

Uşaqlıq dövrünün yaratdığı fürsətlərdən bu məqsəd uğrundaistifadə etməyən ailələr həddi-buluğ və yeniyetməlik çağlarında adətən çox ciddi problemlərlə üzləşirlər. Çünki dini vəzifələrin icrasını yeniyetməlik, cavanlıq və yetkinlik dövrünə qədər təxirə salan şəxs nə qədər dinin prinsiplərinə inansa da, praktiki təcrübə və psixoloji hazırlığın olmamasına görə, çox vaxt dinin əhkamını rahatlıqla yerinə yetirə bilmir. Adətən yuxarı yaşlarında öz dini vəzifələrini icra etməyən şəxslər dini prinsiplərə inancı olmayanlar deyil, əksinəbu şəxslər öncədən lazım olan vərdiş və hazırlığı əldə edə bilməyənlərdir. Buna (dini vəzifələrin icrası üçün praktiki və psixoloji hazırlığın olmamasına) görə, iradələri etiqadlarına tabe olmur, yəni onların fikrilə əməlləri arasında məsafə var, əlbəttə güclü inamı və qüvvətli etiqadı olanları çıxmaq şərtilə. Lakin adi inam və etiqadla daxili və nəfsani müqavimətlərə qələbə çalmaq heç də asan iş deyil. «Uşaq özünü tanıdıqdan sonra yolunu özü seçməli və bəzi işlərə, o cümlədən dini vəzifələrə onu  qabaqcadan alışdırmamaq lazımdır» – deyənlərin bu dəlili heç də doğru deyil.

Əgər bu dəlil doğrudursa, onda uşaq özünü tanıyana qədər biz tərbiyə işindən əl çəkməliyik, halbuki tərbiyənin bir mənası uşaqda vərdişləri yaratmaqdan ibarətdir. Bu vərdişlər insanın iradəsini daxili müqavimətlərdən xilas edərək, ağıla tabe edir, məsələn, sübh tezdən oyanmağa vərdiş etmək kimi. Sübh tezdən oyanmağa vərdiş edən şəxs qarşısına məqsəd qoysa ki, sübh tezdən oyansın, rahatlıqla bu işin öhdəsindən gələcək, lakin buna vərdiş etməyən şəxs üçün bu işi yerinə yetirmək olduqca çətindir. Sözsüz ki, belə bir işi həyata keçirmək üçün onun iradəsi ağlına tabe olmayacaq və bu yolda uğur qazana bilməyəcək. Xüsusilə də, məqsədəuyğun vərdişlərin yaradılması dövrü sayılan ibtidai məktəb dövründə bu məsələyə laqeydlik göstərmək olmaz.

 

Uşaqların dini duyğularını yüksəltməliyik

Daha bir məqam uşaqların dini mərasimlərdə iştirak etməsidir. Uşaq camaat namazı qılmasa da, onu məscidə aparmaq; yaxud məhərrəm ayının əzadarlıq mərasimlərində və ya çox vaxt uşaqların marağına səbəb olan dini bayramlarda və fitr namazı kimi digər dini mərasimlərdə iştirak etmək uşaqların dini duyğularının inkişafına müsbət təsir göstərir. Eyni zamanda belə proqramların uşaqları hövsələdən çıxarıb, yormamasına diqqət etmək lazımdır. Əsasən bu nöqtəyə diqqət etmək lazımdır ki:

Dini duyğular insanın dərin hiss və fitri meyllərindən (tendensiyalarından) biridir ki, çiçəklənməsi üçün şərait yaransa, sürətlə inkişaf edər.

İncə dini məzmunu və gözəl tərzi olan şeirləri əzbərləmək, gözəl səslə oxunan Quran ayələrini dinləmək, həmçinin (uşağın ibtidai məktəb dövründəki yaddaş gücünü nəzərə alaraq) Quranın kiçik surələrini əzbərləmək uşağın dini ruhiyyəsinin güclənməsinə təsir göstərir. Əsasən evdəki fəza mənəvi dəyərlərin rənginəboyansa, ata-ana öz həyatında ilahi dəyərləri və dini vəzifələri ciddi qarşılasa uşaqlar dolayı şəkildə və müşahidə yolu iləbu mənəvi mühitdən (intellektual atmosferdən) təsirlənər vəonların dini maraqları  təbii olaraq artar.

 

Öncə cəlb etmək, sonra təlim

İbtidai məktəb dövründə dini əsasların (inanc prinsiplərinin) gücləndirilməsi üçün gətirilən bir sıra sadə dəlilləriuşağın dərk edə bilməsinə baxmayaraq, unutmamlıyıq ki, bu dövrdə də uşağın dini tərbiyəsinin əsasları onun dinlə mənəvi əlaqəsinin gücləndirilməsinə söykənir.

Buna görə də bu dövrdə uşaqların dinlə mənəvi əlaqələrini gücləndirmələrinə və dinə daha çox yönəlmələrinə çalışmalıyıq. Bu məqsədlə, yersiz sərtliklərdən ciddi şəkildə çəkinmək və onlarla yumşaq davranmaq lazımdır. İslam təlimlərinin bu məzmunda göstərişləri olduqca çoxdur. Yenicə büluğ yaşına çatan qızını sübh namazı qılmaq üçün saçlarına sığal çəkərək, məhəbbət və nəvazişlə səhərin şirin yuxusundan oyadan ata, bu dini vəzifənin yerinə yetirilməsini öz şirin atalıq məhəbbətilə qarışdırararq, ibadəti də  övladının gözündə şirinləşdirir.

 Din təlimlərində ata-anaya göstəriş verilmişdir ki, uşaqları həvəsləndirmək yolunda atılan bütün zəruri addımlara baxmayaraq, əgər uşaq on yaşında yenə də, vacib ibadətlərin yerinə yetirilməsindən, xüsusilə də namazın qılınmasından, ümumiyyətlə imtina edərsə ata-ana axırıncı «dərman»dan, yəni zəruri cəza üsulundan həddi aşmadan istifadə etsinlər. Bununla da, adətən uşağın rahatlıq istəyindən (kəsalətindən), süstlük və laqeydliyindən irəli gələn bu nəfsani müqavimətini sındırıb, ona qalib gəlsinlər və öz övladlarını təmkinlə dini göstərişlərin icrasına cəlb etsinlər.

Əlbəttə, dediyimiz kimi, məlumatlı ata-ana bu üsuldan yalnız zərurət həddində istifadə edir və bu sərtliyi növbəti sevgi dolu davranışlarla müşaiyət edirlər ki, bu sərtliklə bağlı uşağın yaddaşında acı xatirələr qalmasın, əksinə bu addımlar sadəcə onun şəxsiyyətinin formalaşması ilə nəticələnsin. 

 

Uşaqların dini anlayışlarla bağlı dərki böyüklərin dərki kimi deyil

Adətən uşaq dini inancları qəbul edərkən problemlərlə qarşılaşmır, əgər bu sahə ilə əlaqədar niyə, nə üçün kimi suallar verərsə də, uşağın dərk edə bildiyi sadə dəlillərlə onu qane edib, razı salmaq olar. Onun zehnini dərk edə bildiyindən daha çətin dəlillərlə heç vaxt qarışdırmaq olmaz. Digər tərəfdən də, diqqət etmək lazımdır ki, uşaqların dini anlayışları dərk etməsi böyüklərin dərk etməsi ilə eyni deyil. Elmi araşdırmalar göstərir ki, bir uşağın Allah, Qiyamət, ölüm, möcüzə və bu kimisair məsələlərlə bağlı əldə etdiyi anlayış bizim bu məsələlərlə bağlı əldə etdiyimiz anlayışlardan fərqlidir. Onlar öz zehnlərinin tutumu qədər bu anlayışları dərk edib, ona uyğun olaraq dünyagörüşlərini formalaşdırırlar. Onların dini anlayışları insanlıq dünyası ilə uyğun olan maddi anlayışlardır. Müəllimlər, tərbiyəçilər və uşağın dini təhsiliniəhatə edən sahədə çalışan hər kəs bu məsələlərlə kamil şəkildə tanış olmalıdırlar ki, dinin hansı mövzularını hansı dillə, hansı üsulla və inkişafın hansı mərhələsində uşağa öyrətməli olduqlarını bilsinlər. Belə ki, həm uşaqlar bu mövzuları dərk edə bilsin, həm də deyilən mövzular mənfi düşüncələrə gətirib çıxarmasın (Uşaqların ardıcıl olaraq sual etdikləri məsələlərdən biri də Allah mövzusudur. Onlar öz ata-analarına bu haqda çoxlu suallar verir və Allahın nə olduğunu, harada yerləşdiyini, kim tərəfindən yaradıldığını bilmək istəyirlər. Belə hallarda uşaqların açıq-aydın anlaya bilmədikləri dəqiq cavablardan istifadə etmək lazım deyil. Digər tərəfdən, Allah haqqındaonun anlayışının tam real olmayacağından da qorxmaq olmaz. Uşağı öz təsəvvürü ilə sərbəst qoymalı, yalnız lazım olduqda mənfi münasibət bildirilməlidir, yəni məsələn, uşaq: «Allah nədir?» – deyə soruşduqda, ona deməliyik ki, Allah biz və digər varlıqlar kimi deyil, O, bizi və bütün varlıqları yaradandır. Belə münasibət ona Allahın nəolduğunu deyil, nə olmadığını öyrədib, onun Allah haqqında təsəvvürünü bir qədər tənzimləyəcək,çünki bu (Allahın əsli haqqında verilən suallar) düzgün deyil və Allahın əslini dərk etmək mümkün deyil, əksinə Allahı Ona aid sifətlərlə tanımaq olar). Digər tərəfdən də, uşaqlarla Axirət dünyasında əməllərin cəzalandırılması haqqında, yaxud Allahın qəzəbi və buna bənzər mövzularla bağlı söhbət etmək olmaz. Uşaqların həssas və zərif ruhu belə təlimlərə dözməyə qadir deyil. Bu təlimlər azğın nəfsə tabe olaraq, hədlərini aşan böyüklər üçündür. Belə insanlara Allahın rəhməti haqqında danışmaq, adətən nəticə vermir və (Allahın rəhmətindən danışan ayələri eşidib) cəsarətləridaha da artır. Məhz onlara Allahın qəzəb və əzabından danışan ayələri oxumaq lazımdır ki, bəlkə, bu ayələr onların daxilindəki çılğın  ehtirasları sakitləşdirib, eqoizm alovunu söndürsün. Lakin öz Yaradanları ilə tanışlıq ərəfəsində olan məsum uşaqlar Onun (Allahın) bəndələrinə qarşı xeyirxahlığı, lütfünün gözəlliyi, şəfqət və mərhəmətilə tanış olmalıdırlar ki, qəlblərində mehriban Allaha sevgi yaransın və Onu həyatda özlərinə arxa və dayaq bilsinlər. Rəvayətlərin birində deyilir ki, Musaya: «Mənim məhəbbətimi bəndələrimin ürəyinə sal!» – deyə vəhy edildi. Musa soruşdu: «Bunu necə edim?»  Buyurdu: «Mənim nemətlərimi yada salaraq». Çünki insan özünü və ona yaxşılıq edənləri sevir. İlahi nemətləri sadalamaq, Allahın uşaqlara xeyirxahlığından, əhvindən danışmaq Onları öz Yaradanları ilə tanış etmək üçün ən uyğun yoldur.

 

Yeniyetmələrin dini tərbiyəsi

Elmi araşdırmalar göstərir ki, yeniyetmələr uşaqlıq dövrünü arxada qoymaqla öncədən ailədən tam nikbinliklə öyrəndikləri hər bir məsələyə şübhə etməyə başlayırlar. Onlar intellektual inkişaf əldə etməklə, öz həyatlarının əsas məsələləri üzərində düşünmə gücü qazanaraq, özlərinin mənəvi və emosional ehtiyaclarına cavab verə bilən düşüncə və inanc sisteminə nail olmağa çalışırlar. Digər tərəfdən, cinsi yetkinlik dövründə digər instinktlərin və psixoloji ehtiyacların oyanması ilə yanaşı yeniyetmənin daxilində mənəvi və dini vicdan da oyanıb, fəallaşaraq onu mənəviyyat və dini həqiqətlər haqqında düşünməyə vadar edir. Bu səbəbdən yeniyetmələrin bu yaşlardakı həqiqi ehtiyaclarından biri də, onların dini və ilahi motivasiya (İnsanı hərəkətə gətirən güc və hərəktlərin istiqamətini müəyyənləşdirən; onların düşüncələri, ümidləri, inamları, qısası arzu, tələbat və qorxularıdır) və ehtiyaclarıdır. Buna görə də alimlərin nəzərində yeniyetməlik dövrü inancların (etiqadların) formalaşdığı dövrdür.

  Bu yaşlarda yeniyetmə öz daxili maraq və istəyilə ideoloji şəxsiyyətə nail olmağacan atır ki, onun işığında aydın «həyat fəlsəfəsi»nə nail olsun. Bu dövrdə təfəkkür və inancla bağlı yeniyetmələrin qarşısına çıxan çoxlu suallar və bu suallara cavab tapmaq üçün onun apardığı axtarışlar – bütün bunların hamısı həmin daxili motivasiyadan irəli gəlir.

Onu da xatırlatmaq lazımdır ki, intellektual məsələlərin həlli və əsaslı suallara cavab axtarışı zamanı ailələr öz övladlarını tək qoymamalı, əksinə onlara öz məsələlərini həll etmək üçün məntiqli üsullarla kömək etməlidirlər. Əgər ata-ananın özü mütaliə əhlidirsə, ona münasib kitabları təqdim etmək və müzakirələr aparmaqlaonun zehnindəki məsələləri aydınlaşdırsınlar; bunun üçün kifayət qədər hazırlıq və bacarığı olmayan valideynlər yaxşı olar ki, onları düşündürən suallara cavab tapmaları üçünöz yeniyetmə övladlarını etibarlı, intellektual və ideoloji məsələlərlə tanış olan birinə tapşırsınlar. Bu iş üçün adətən övladlarınızın təhsil aldığı məktəbdəki müəllim və tərbiyəçilər daha münasib şəxslərdir.

   Burada vurğulayacağımız nöqtə ondan ibarətdir ki, yeniyetmə ilə müzakirələr zamanı yeniyetmənin dərk edə bilmədiyi məsələlər ona deyilməməlidir, çünki bu, problemi həll etmək əvəzinə onun fikirlərinin qarışması ilə nəticələnəcək. İnkişafın müxtəlif mərhələlərinin tələb və xüsusiyyətlərinə diqqət edərək, hər mərhələnin düşüncə səviyyəsinə uyğun şəkildə yeniyetmə ilə müzakirə aparmalıyıq ki, onu tədricən və yavaş-yavaş daha yüksək məsələlərlə tanış edək.

Hər halda yeniyetmə üçün mövcud olan müəyyən şərtlər onun ideoloji və dini tərbiyəsinə çox əhəmiyyət verilməsini tələb edir ki, o, yeniyetməlik dövrünün qətiyyətsizliyi, qərarsızlığı və çaşqınlığından xilas olub, öz həyatının aydın fəlsəfəsini əldə etsin.

«Valideynin övladlarla davranışı» kitabından istifadə olunmuşdur.

Hazırladı: Fəlsəfəçi Aynur Əzimova

 

Müəlliflik Hüququ Əbədi Nur Müəssisəsinə aiddir

 

 


 151, 

Dostların veb səhifələri

1780723
bu gün
Dünən
Bu həftə
Keçən həftə
Bu ay
Keçən ay
Bütün günlər
249
7145
15290
1621332
82223
165261
1780723

sizin IP ünvanınız: 54.81.195.140
2018-07-17 02:13

logo ebedinur

“ƏBƏDİ NUR”- Quran maarifi mərkəzi 2006 ci ildə Quran sevərlərə xidmət üçün təsis edilmişdir.

Əziz həmvətənlərimiz, gəlin bu ilahi və nurani nemətdən uzaqlaşmayaq!